Yol qəzaları hansı səbəblərdən baş verir? - EKSPERT və DYP-dən AÇIQLAMA

Gündəm 8 May 2024 18:45 Oxunub 534
Yol qəzaları hansı səbəblərdən baş verir? - EKSPERT və DYP-dən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəzaların baş vermə səbəblərindən biri qaydalara əməl olunmamasıdır. Bəs ən çox pozulan qaydalar hansılarıdır? Sürücülərin qayda pozmağının səbəbləri nələrdir?

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev təəssüflə bildirib ki, olunan xəbərdarlıqlara, görülən tədbirlərə baxmayaraq bəzi sürücülər hələ də yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar: “Bu da arzuolunmaz, xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır. Yol nəqliyyat hadisələrini araşdırdığımız zaman məlum olur ki, qəzaların ən çox baş vermə səbəbi təyin olunmuş sürət həddinin aşılmasıdır. Belə ki, bəzi sürücülər xüsusi texniki vasitəyə yaxınlaşdığı zaman sürət həddini azaldırlar və digər xüsusi texniki vasitəyə qədər sürət həddini yenidən qaldırırlar. Yol nəqliyyat hadisələri də məhz bu səbəbdən baş verir. Əksər qəzalar sutkanın qaranlıq saatlarında qeydə alınır. Həmçinin ara məsafəsinin düzgün seçilməməsi, nəqliyyat vasitələrinin texniki cəhətdən nasaz olması və s. kimi hallarda qəzalara səbəb olur. Daha bir səbəb bəzi sürücülər nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran vasitələrdən, eləcə də mobil telefondan istifadə etməsidir”.

Elvin Hacıyev vurğulayıb ki, Dövlət Yol Polisi əməkdaşları tərəfindən mütəmadi olaraq bu istiqamətdə nəzarət, profilaktik tədbirlər həyata keçirilir, sürücülərlə profilaktik söhbətlər aparılır, reydlər keçirilir: “Lakin bəzi sürücülər hələ də qaydaları bu şəkildə pozmağa çalışırlar ki, bu da qəzaların baş verməsinə səbəb olur. Nəqliyyat vasitəsi A nöqtəsindən B nöqtəsinə rahat və təhlükəsiz formada sərnişini aparan bir mexanika növüdür. Amma bəzi sürücülər bunu əyləncə kimi istifadə edirlər. Sürət həddini aşırlar, eləcə də avtoxuliqanlıq hərəkətləri edirlər. Bizim də əsas məqsədimiz sürücülərin, eləcə də digər yol hərəkəti iştirakçılarının mənzil başına rahat və təhlükəyə çatmasını təmin etməkdən ibarətdir”.

Mövzü ilə bağlı Avtosfer.az-a açıqlama verən nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, ümumiyyətlə yol nəqliyyat hadisələrinə SAYM sistemi üzərindən baxılması daha məqsədəuyğundur: “SAYM sistemi dörd elementin - sürücünün, avtomobilin, yolun və mühitin bir-biri ilə münasibətləridir. Burada sürücü amili daha çox əhəmiyyət kəsb edir. Bu sistemdə əsas element sayılan sürücü həmçinin ən etibarsız sayılır. Çünki bütün analizlər onu göstərir ki, yol nəqliyyat hadisələrinin yaranmasında əsas səbəb sürücülər olur. Belə ki, qəzalar sürücülərin imtinaları, müəyyən qədər nöqsanları nəticəsində baş verir. Sürücünün qəza törətməməsinə hadisələri düzgün analiz etməsi, nəqliyyat vasitəsinin özünün də müasir standartları, təhlükəsiz elementləri böyük kömək göstərir. Bu səbəblərdən SAYM sistemində sürücü elementi əsasdır. Ən etibarsız element sayılmasının isə səbəbi sürücülərin hamısının peşəkar olmamasıdır. Həmçinin bəziləri narkotik maddədən, alkoqoldan istifadə edir və ya telefondan istifadə etdikdə diqqəti yayınır. Diqqət sürücünü həmişə yol hərəkət qaydalarını pozmamağa səsləyir. Yollarda həddindən çox təcrübəsiz sürücülər var. Belə sürücülər də təcrübəli sürücülərlə bir yerdə hərəkət edib, mane yaradırlar. Həm də sürücülərin yol-hərəkət qaydalarına əməl etməsi yol mədəniyyətidir. Bu da birinci növbədə yol infrastrukturundan asılıdır. İkinci növbədə isə yol-nəqliyyat mədəniyyəti sürücülərin özünün daxili mənəvi göstəricilərindən asılıdır. Yəni, hər bir insanın əqli, ruhi, mədəniyyəti necədirsə, o da sükan arxasında özünü göstərir”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh