Azərbaycanda elektromobil istifadəçilərinin sayı ARTACAQ

Avtoxəbər 24 Aprel 2024 15:14 Oxunub 180
Azərbaycanda elektromobil istifadəçilərinin sayı ARTACAQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən ay Prezident İlham Əliyev Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hökuməti elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Aprelin 17-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə sözügedən sərəncam barədə müzakirələr aparılıb.

Azərbaycanda son dövrlər elektromobillərə maraq artıb. Sözügedən qərar ölkəmizdə elektromobil bazarının inkişafına töhfə verəcək. 

Qeyd edək ki, hazırda ölkədə 4 minə yaxın elektromobil və 33 enerji doldurma məntəqəsi fəaliyyət göstərir.  Elektromobillərin satışına təsir edən əsas amil enerji doldurma məntəqələrinin əlçatanlığıdır. Prezidentin imzaladığı sərəncamla belə məntəqələrin sayının artırılması hədəflənib.


Bu ilin ilk 3 ayında Azərbaycana gətirilən avtomobillərdən 830-u elektromobil (yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri), 3615-i isə hibrid avtomobil (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) olub. Ötən ilin eyni dövrü ilə müqayisədə hər iki avtomobil sayında artım qeydə alınıb.

İdxal olunan hibrid və elektrik avtomobillərin qiymətində də artım qeydə alınıb. Yanvar-mart aylarında Azərbaycana 118 milyon manatlıq hibrid, 35 milyon dollar dəyərində elektrombil gətirilib. Hibrid avtomobillərinin birinin qiyməti ötən il 21.7 min dollar olduğu halda, bu il 32.6 min dollar olub. Elektromobillərin birinin orta qiyməti isə 2023-cü ildə 41.6 min dollar, 2024-cü ildə 42.5 min dollar olub.

Elektromobil idxalının stimullaşdırılması Azərbaycan üçün nə vəd edir?

 

Nəqliyyat eksperti Yasin Mustafayev Modern.az-a bildirib ki, elektromobilə keçid hazırda bütün dünya üzrə baş verən prosesdir:

“Avropa ölkələri, ABŞ, Çin, Yaponiya da bu proses daha da sürətlə gedir. Ekoloji tarazlığın pozulması çıxılmaz vəziyyətə gəlib çatıb. Qlobal istiləşmə bütün bəşəriyyət üçün ciddi təhdidlər yaradır. Bunun qarşısını almaq üçün atılan addımlardan biri avtomobillələrin atmosferə göndərdiyi zəhərli qazları minimuma endirməkdir.  Bunun üçün əsas məsələ elektromobilə keçmək, yəni daxili yanma mühərrikli avtomolillərdən imtina etməkdir.  Bu kifayət  qədər ciddi, vaxt aparan, böyük xərc tələb edən prosesdir. Hazırda istehsal olunan,  istifadə olunan avtomobilləri bir anda elektrikli avtomobilə keçirə bilmərik . Onlar zaman-zaman işləndikə, dövrü bitdikcə yeni gələn avtomobillərin sayı çoxaldıqda bu proses daha da sürətli baş verəcək. Bunun üçün də avtomobil alarkən vətəndaşları elektromobil  almağa təşviq etmək lazımdır. Ölkəmizdə bu sahədə addımlar atılır. Elektromobillər əlavə  dəyər vergisindən,  gömrük rüsumundan azaddır. Onlara  texniki baxış, sığortanı  zamanı digər avtomobillərə nəzərən güzəştlər tətbiq edilir”.

 

Ekspertin sözlərinə görə, elektromobillərdən istifadəni daha da stimullaşdırmaq, istifadəni genişləndirmək üçün infrastruktur  yaradılmasına qərar verilib:

“Enerji yükləmə məntəqələri ölkəmizdə çox azdır. Bunları artırmaq üçün müvafiq addımlar atılır. Prezidentin imzaladığı sərəncamda müxtəlif təşviqat işləri, müxtəlif güzəştlər nəzərdə tutulur. Burada təkcə, avtomobil deyil, eyni zamanda elektrikli skuter və motosikllərdən istifadəsinə maraq yaratmaq nəzərdə tutur.  Belə olan halda hazırkı dövrdə elektromobilə keçid dövrün tələbi olduğu üçün bütün nəqliyyat vasitəsi əldə etmək istəyən vətəndaşlar seçimini bu yöndə etməlidirlər. Hər kəs əlindən gəldiyi qədər ekologiyaya öz töhfəsini verməlidir. 
Bundan başqa bu nəqliyyat vasitəsinin istifadəsi, istismar xərcləri qat-qat azdır. Onların kilometrəyə görə ödənən xərc digər daxili yığma mühərriklərindən 5-10 dəfə ucuz başa gəlir. Ona görə vətəndaşları bu sahəyə təşviq etmək məqsədə uyğun olardı”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh