Yol polislərinin sualları cavablandırıldı – FOTOLAR 

Yol polisi 7 İyul 2015 15:56 Oxunub 1983
Yol polislərinin sualları cavablandırıldı – FOTOLAR 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi qayda pozuntularına hüquqi qiymət verilməsində çətinliklər olur 

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi «Yol polisi - sürücü münasibətlərinin araşdırılması, problemlər və perspektvlərin müəyyənləşdirilməsi və qanunların təbliği» adlı layihə çərçivəsində Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində yol polisi əməkdaşları ilə görüş keçirilib. Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə layihə rəhbəri, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlı, yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov, Xaçmaz rayon DYPB-nin rəisi, polis mayoru Əliağa Əsgərbəyli və bölmənin 10-dan artıq əməkdaşı iştirak edib. Yol polisi əməkdaşlarına sürücülərlə münasibətlərin daha da təkmilləşdirilməsi, bu sahədə qanunvericiliyin tələblərinin maksimum dərəcədə öyrənilməsi və iş prosesində tətbiqi, sürücülərlə münasibətdə etik davranış qaydalarına riayət etməyin faydalılığı və digər məsələlərlə bağlı tövsiyyələr verilib. Qeyd olunub ki, həyata keçirilən bu layihədə sürücülərin də yol polisi ilə münasibətə dair fikirlərini əks etdirən sorğu keçirilir və yekunda tərəflərin mövqeləri uzlaşdırılacaq.

DYP əməkdaşlarının 30-dan çox sualını cavablandıran qonaqlar onların zəhmətini, ağır və şərəfli işini yüksək qiymətləndiriblər. DYP əməkdaşlarının sualları daha çox xaricdən müvəqqəti gələn maşınlarda texniki təchizatla (xüsusən, şüşələrin tündləşdirilməsi ilə) bağlı problem olduqda məsuliyyət məsələsi ilə bağlı olub. Bundan əlavə, bir sıra qayda pozuntuları törədildiyi halda onların düzgün tövsifi ilə bağlı mübahisəli məqamların olduğu da qeyd olunub və bu hallarda qanunvericiliyin necə tətbiq olunmasına dair suallar verilib. Bəzi qayda pozuntuları zamanı sürücülərin kobudluğunun qarşısının necə alına bilməsinə dair məsələ də maraqlı müzakirəyə səbəb olub. Belə məqamlar daha çox sərxoş vəziyyətdə avtomobil idarə edən, təhlükəsizlik kəmərini taxmayan, hərəkət vaxtı telefonla danışan sürücülər saxlanıldıqda yaranır. Belə sürücülər məsuliyyətdən yayınmaq üçün müxtəlif üsullara əl atırlar, o cümlədən ifşa olunmamaq üçün dayanma barədə göstərişə riayət etməyərək aradan çıxmağa çalışırlar. Bu kimi hallarla mübarizədə yol polislərinin müəyyən problemləri olur.

Hüquqşünas Ərşad Hüseynov DYP əməkdaşlarına izah edib ki, belə hallarda yol polisi qəti mövqe göstərməli, qanunvericiliyin bütün müddəalarını rəhbər tutaraq aşkar etdiyi qayda pozuntusunu rəsmiləşdirməlidir. Belə hallarda operativliyə xüsusi diqqət yetirilməli, sənədləşmədə formal hüquqi qüsurlar istisna olunmalı, iş üzrə bütün mümkün sübutlar toplanaraq qiymətləndirilməlidir.

Görüşdə qeyd olunub ki, Xaçmaz şəhərində müşahidə kameralarının olmaması bəzi qayda pozuntuları ilə mübarizəni çətinləşdirir. DYP əməkdaşlarının qarşılaşdığı çətinliklərdən biri də bütün kənd rayonları üçün xarakterik olan sahibsiz (o cümlədən vəhşi) və ya sahibi olan heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin rəsmiləşdirilməsi ilə bağlıdır. Ə.Hüseynov belə hadisələrin rəsmiləşdirilməsi üzrə qanunu izah edərək öz tösiyələrini verib.

Yol polislərinin üzləşdiyi problemlərdən biri də sərxoş sürücülərlə bağlıdır. Belə ki, sərxoş sürücülər istirahət zonası sayılan Xaçmazda da yol polislərinə qarşı kobudluq etməkdən çəkinmirlər. Yay mövsümü olduğu üçün yol polisi sərxoş sürücülərə qarşı tədbirləri gücləndirib. Yay mövsümündə Xaçmaz rayonunda aşkar olunan sərxoş sürücülərin sayı 200-dən artıq olur.

Bütün məsələlərlə bağlı yol polislərinin suallarını cavablandıran hüquqşünas Ərşad Hüseynov qanunvericilikdəki bəzi boşluqları da diqqətə çatdırıb və müəyyən mübahisəli məqamların həll edilməsinin mümkün yolların göstərib. Ə.Hüseynov deyib ki, yol polislərinin hər hansı məsələ ilə bağlı üzləşdiyi ziddiyətli məqamlarda onlara dəstək verməyə hazırdır.

 

 

Cavid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh