Bakıda daha bir küçə təmir olunur - FOTO

Gündəm 14 İyul 2015 16:15 Oxunub 1303
Bakıda daha bir küçə təmir olunur  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri davam etdirilir. 

Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a “Azəryolservis”-dən verilən məlumata görə, uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxan Yasamal rayonu Əhməd Cəmil küçəsində də təmir-tikinti işlərinə başlanılıb.

“Bəxtiyar Vahabzadə, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən yolun ümumi uzunluğu 1200, ortalama eni isə 12 metrdir. Artıq küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilir, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır.

Ümumilikdə küçənin 14500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır”, - deyə, ASC qeyd edib. 

ASC bildirib ki, bundan başqa Əhməd Cəmil küçəsində köhnə səki daşlarının sökülməsi işləri də aparılır. Söküntü işləri başa çatandan sonra bura təqribən 2500 paqon-metr yeni səki daşı düzüləcək.

Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

Qurum bildirib ki, təmir-tikinti işləri Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

“Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”- deyə, qurumdan bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh