Bakıya gətirilən yarım milyonluq maşınların taleyi düyünə düşdü

Avtoxəbər 11 İyun 2014 11:43 Oxunub 5638
Bakıya gətirilən yarım milyonluq maşınların taleyi düyünə düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İdman avtomobillərinin adi maşınlar kimi istifadəsi qanunla qadağandır

 

Kamran Əliyev: «Səs qurğusunda problem olarsa, yol polisi həmin maşınları qeydiyyata almayacaq»

 

Əfsanəvi avtomobil brendi «Lamborghini» artıq Azərbaycana da «ayaq açdı». Bir neçə gün əvvəl bu brendin avtomobillərin satıldığı salonda mərasim də keçirilib. «Lamborghini» avtomobil şirkətinin Avropa, Afrika və Yaxın Şərq üzrə rəhbəri Kristian Mastro şirkətin istehsal etdiyi avtomobillərdən sürücülərin həm yarış traslarında, həm də magistral yollarda rahat istifadə edə biləcəyini söyləyib: «Mən Azərbaycandakı yeni V10 super idman avtomobilinin satışının başladığı üçün çox şadam».

«Lamborghini” avtomobillərinin satışının təxminən 66 faizinin Avropadan kənarda baş tutduğunu bildirən K.Mastro iqtisadi böhrana baxmayaraq, dövriyyələrinin sürətlə artdığını əlavə edib.

Şirkət əsasən 2 model – “Aventador” və “Huracan” avtomobillərini istehsal edir. Avtomobillərin funksiyaları haqda geniş məlumat verilib. Bundan əlavə, yeni “Lamborghini Huracán LP 610-4” avtomobili rəsmi olaraq tədbir iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, şirkətin əsası 1963-cü ildə sahibkar Ferruççio Lamborghini tərəfindən qoyulub. Dünyada 6 milli satış şirkəti olan “Lamborghini”-nin 129 ölkədə diler şəbəkəsi mövcuddur.100 km sürəti 3 saniyədən də az bir vaxta yığan bu maşınların Bakıda olan modellərindən ən bahalısının qiyməti yarım milyon manata yaxındır.

Bütün bunlar olduqca maraqlı və avtomobil həvəskarları üçün qiymətli xəbərdir. Amma məsələ burasındadır ki, bu avtomobillər “Lamborghini” avtomobil şirkətinin Avropa, Afrika və Yaxın Şərq üzrə rəhbəri Kristian Mastronun da dediyi kimi, idman avtomobilləridir. Belə olduğu halda, bu avtomobillərin adi avtomobillər kimi küçə və yollarımızda idarə edilməsi düzgün deyil. Qanunvericilik bu məsələni müvafiq qaydada tənzimləyir. Bildirilir ki, idman təyinatlı avtomobillər yalnız idman meydançalarında idarə oluna bilər. Birincisi, ona görə ki, bu avtomobillər olduqca sürətlidir. Digər tərəfdən, onların mühərrikinin gücü yüksək olduğu və səsboğucu qurğusu ənənəvi avtomobillərdən fərqli yığıldığı üçün idarə olunarkən həddən artıq gurultulu səs çıxarır. Bakıda bu cür səs-küylü avtomobillərin idarə edilməsi qanunla qadağandır. Bu ilin əvvələrində Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə əlavələr edilib. Qanuna edilən əlavədə xorultulu səs çıxaran avtomobillərlə bağlı yeni maddə yazılıb. Həmin maddədəni olduğu kimi diqqətinizə çatdırırıq:

İXM; Maddə 155.2-1. Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə beş yüz manat miqdarında cərimə edilir.

155.2-2. Bu Məcəllənin 155.2-1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almışşəxs tərəfindən təkrar törədilməsinə görə min manat miqdarında cərimə edilir.

Əlbəttə, biz də istərdik ki, ölkəmizdə bahalı və müasir maşınlar çox olsun. Amma idman avtomobilinin adi avtomobil kimi idarə olunması, xoruldaya-xoruldaya küçə və yollarımızda şütüməsi heç də yaxşı hal deyil. Yəni, hər şeyi təyinatı üzrə istifadə etmək lazımdır. Yarım milyon manat pul xərcləyib bu avtomobili alanlar da düşünməlidir ki, onu harada və necə idarə edəcək. Onsuz da səs-küydən insanlarda psixoloji gərginlik artır. Bu avtomobillərin xorultusu isə əvvəlki vaxtlarda olduğu kimi, insanlarda maraq yox, ikrah hissi oyadır. İndi insanlar xoruldayan maşın sürənlərə yayda palto geyinənlərə baxan kimi baxır. Bütün bunlar ictimai düşüncədir. Qanun isə ictimai münasibətləri tənzimləyən bir vasitə olduğu üçün gəlin qanuna da bir daha nəzər salaq.

«Yol hərəkəti haqqında» qanunun 27-ci maddəsinin II hissəsinin 5-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin qeydiyyatını Gənclər və İdman Nazirliyi həyata keçirir. Deməli, DYP-də qeydiyyata alınan hər hansı avtomobil idman avtomobili ola bilməz. Gənclər və İdman Nazirliyinin qeydiyyata aldığı idman avtomobilləri isə küçə və yollarda digər avtomobillər kimi istifadə oluna bilməz. Belə avtomobillər xüsusi meydançalarda, avtodromlarda istifadə olunur və bir meydandan o birisinə qısa məsafələrdə yola çıxarılaraq sürülə bilər. Amma məsələn, bir şəhərdən digər şəhərə belə maşınları başqa nəqliyyata (evakuatora) yükləyərək aparırlar.

Bir mühim məqama da diqqət yetirmək lazımdır. İdman avtomobillərinin lazımi sürətinin olması üçün onların konstruksiyasında müəyyən fərqliliklər olur. Məsələn, onların mühərriki boğulmasın deyə səsboğanları olmur və işlənmiş qazları xaricetmə qurğusu birbaşa quraşdırılır. Ona görə də onlar yüksək gurultu salır. DYP-də qeydiyyata alınan heç bir avtomobildə belə gurultu (uğultu) ola bilməz. Yəni, hər şey standarta uyğun olmalıdır.

Odur ki, bu avtomobilləri Azərbaycana gətirənlər, onların idman avtomobili olduğunu açıq-aşkar bəyan edənlər və milyonlar xərcləyib bu avtomobilləri alanlar bu məqamlara diqqət yetirməlidir. Çünki belə avtomobillər idman təyinatlı olsa da, əgər səs göstəriciləri və digər texniki parametrlər standartlara uyğundursa, digər avtomobillər kimi hər yerdə sürülə bilər, amma qeyd olunan standartlar yoxdursa, yalnız idman təyinatlıdırsa, onda belə olmaz.

Kristian Mastronun bir sözünü bir daha xatırladırıq: «Şirkətin istehsal etdiyi avtomobillərdən sürücülər həm yarış traslarında, həm də magistral yollarda rahat istifadə edə biləcək». Yəqin ki, aydın oldu. Şirkət rəsmisi deyir ki, bu avtomobillər hansı yollar üçündürsə, orada istifadə etmək lazımdır. Daha bəzi sürücülər üçün gecə-gündüz şəhərin darısqal küçələrində xorultu ilə maşın sürüb insanların əsəbləri ilə oynamaq lazım deyil. Şirkət açıq-aşkar öz sözünü bəri başdan deyib. İndi qalır Dövlət Yol Polisi və Gənclər və İdman Nazirliyinin bu məsələni qanuni yolla necə həll etməsi. Avtosfer.az saytı olaraq, məsələnin necə həll ediləcəyi bizə də maraqlı idi. Odur ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevdən bu məsələyə münasibət öyrəndik. Höbə rəisi bildirdi ki, Bakıya gətirilin «Lamborghini» avtomobilləri tam idman təyinatlı deyil. Sadəcə olaraq, bu avtomobillər idman stilindədir. Buna görə də həmin avtomobillərin qeydiyyatı Dövlət Yol Polisində aparılacaq: «Bu avtomobillər küçə və yollarımızda sürülməzdən əvvəl onların dövlət qeydiyyatı aparılmalıdır. Əgər qeydiyyat zamanı aşkar olunsa ki, avtomobilin səsi adi avtomobillərdən &cceccedil;ox çıxır, yəni, avtomobilin səsboğucu qurğusu standartlara, qaydalara uyğun deyil, o zaman təbii ki, həmin avtomobillər qeydiyyata alınmayacaq. DYP-nin tələbi ilə “Lamborghini” avtomobillərinin səs qurğuları qaydaya salındıqdan sonra qeydiyyata alına bilər. “Lamborghini” də adi avtomobillər kimi satışda olan maşınlardır. Yəni, tam idman avtomobili deyil. Amma avtomobil sırf yarış məqsədilə Bakıya gətirilibsə, əlbəttə ki, onları Gənclər və İdman Nazirliyi qeydiyyata almalıdır. Hazırda gətirilən «Lamborghini» avtomobillərini alan şəxslər isə dövlət yol polisində avtomobili uçota saldırmalı və müvafiq dövlət nömnə nişanı almalıdırlar. Bu zaman yol polisi həmin avtomobillərin səs qurğularına diqqət edəcək. Problem olarsa, yol polisi həmin maşınları qeydiyyata almayacaq».

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh