Avtoservislər üçün yeni qaydalar – TƏMİR SEXLƏRİ BAĞLANA BİLƏR

Yeniliklər 12 Avqust 2015 17:26 Oxunub 6688
Avtoservislər üçün yeni qaydalar – TƏMİR SEXLƏRİ BAĞLANA BİLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Təmir sexləri ya bağlanacaq, ya da birləşəcək»

«Avtomobil nəqliyyatı haqqında» qanuna edilən əlavə və dəyişikliklər Azərbaycanda təmirin kefiyyətinin yüksəlməsinə, bununla yanaşı, qanunsuz və qeydiyyatsız fəaliyyət göstərən xırda avtomobil təmiri sexlərinin ləğv edilməsinə səbəb olacaq. Əvəzində avtoservislərdə xidmət haqqı yüksələcək və bu sahə ciddi fəaliyyət növünə çevriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə fins-ə qanuna dəyişiklikləri şərh edən ekspertlər bildirib.

Xatırladaq ki, prezident İlham Əliyevin fərmanı ilə «Avtomobil nəqliyyatı haqqında» qanuna dəyişikliklər avtoservislərin fəaliyyətinə nəzarətin güclənməsini, eləcə də onlara qarşı standartların tətbiqini nəzərdə tutur.

 

«Belə sexlər qarajda da işləyirlər»

 

Dəyişikliklər ilk növbədə qanunsuz və qeydiyyatsız işləyən, keyfiyyətsiz xidmət göstərən təmir sexlərinə təsir edəcək. Qeyd edək ki, hazırda ölkələ minlərlə belə sex fəaliyyət göstərir. Təkcə Bakıda belə sexlərin sayı yüzlərlədir. Ən müxtəlif xidmətlərin göstərildiyi belə sexlər bəzən bir qaraja da «sığışa» bilərlər. «KİA Motors»un icraçı direktoru Zəka Əlibəyovun sözlərinə görə, əksər hallarda belə sexlərdə çalışanların fəaliyyət sahələri ilə bağlı sertifikatları olmur, onların gördükləri iş və istifadə etdikləri avadanlıqlar kefiyyətsiz olur, təhlükəsizlik texnikalarından isə xəbərsiz olurlar: «Belələri çox zaman vergi ödəməkdən də yayınırlar».

Şirkət rəsmisi bildirir ki, dövlət lisenziyasız fəaliyyət göstərən «boks»lara sərt yanaşmalıdır: «Rəsmi servislərə qarşı tələblər də, onların xərcləri də böyükdür. Nəyə görə hansısa qarajı olan orada «yama» qazıb üzərinə «yağdəyişmə» yazıb fəaliyyət göstərməlidir? Şəhərdə kiçik bir araşdırma aparılsa, bu qarajlarda heç bir standartlara riayət olunmadığı aydın olar».

Müstəqil ekspertlər də kiçik təmir sexlərində xidmətin səviyyəsinin aşağı olduğunu bildirirlər. Yol təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov Fins.az-a bildirib ki, belə sexlərdə təhlükəsizlik normalarına əməl edirmir, köhnə və ya keyfiyyətsiz avadanlıqlardan, keyfiyyətsiz və işlənmiş ehtiyat hissələrindən istifadə olunur, görülən işə zəmanət verilmir: «Bu da avtomobil sahibləri üçün ciddi problemlər yaradır. Belə ki, əvvəla, xidmətin keyfiyyəti aşağı olduğuna görə, avtomobildə yenidən problemlər yaranırdı və müştərilər təkrar təmirə gəlməklə daha çox xərcə düşürdülər. İkincisi, xidmətə rəsmi formada zəmanət verilmədiyinə görə, belə xidmətlər zamanı istehlakçıların hüquqları pozulur».

 

«Təmir sexləri ya bağlanacaq, ya da birləşəcək»

 

Qanuna dəyişikliklərin qüvvəyə minməsi və yeni standartların tətbiqindən sonra isə indiyədək standartlara uyğun olmayaraq fəaliyyət göstərən kiçik sexlər fəaliyyətlərini yenidən qurmalı olacaqlar. Amma aydındır ki, buna onların hamısı nail ola bilməyəcəklər. Standartlara uyğun fəaliyyət göstərmək üçün lazımi şərait, təlim görmüş personal, müasir avadanlıq tələb olunur. Sexlərin böyük hissəsində bu şəraiti təmin etmək üçün lazımi vəsait yoxdur. Ən əsası, standartlara uyğun fəaliyyət həm də tamamilə leqal işləmək deməkdir – vergiləri ödəməklə. Bu sahədə də avtoservislərin problemləri az deyil. Ona görə də ekspertlər hesab edir ki, qanuna dəyişikliklər nəticəsində kiçik sexlərin bir hissəsi ya bağlanacaq, ya konkret bir sahə üzrə fəaliyyət göstərməli olacaqlar (yəni yalnız bir növ xidmət göstərəcəklər, məsələn təkər təmiri).

Başqa sözlə, inzibati-nəzarət tədbirləri, həm də iqtisadi amillər nəticəsində (müştərilərin kəskin azalması və s.) onların fəaliyyəti azalacaq. Belələri sonradan digər iri servislərə birləşə bilərlər. Ərşad Hüseynov bildirir ki, yeniliklərin tətbiqindən sonra avtoservis biznesinin yenidən qurulması istisna deyil: «İri avtomobil mərkəzləri tədricən kiçik məntəqələri «udmaqla» daha da genişlənəcəklər. Nəticədə standartlara uyğun təmir stansiyalarının sayı artacaq».

 

Zəmanətsiz servis olmayacaq

 

Amma qanuna dəyişikliklər təkcə kiçik, şəraitsiz aşağı səviyyəli sexlərə aid olmayacaq. Bu dəyişikliklərdən sonra iri servis mərkəzləri də fəaliyyətlərini dəyişməli olacaqlar. Söhbət avtomobilə zəmanətli xidmət və təmirdən gedir. Məsələ bundadır ki, indi hətta ən böyük servis mərkəzlərində də görülən işlərə zəmanət almaq demək olar ki, mümkün deyil. Yəni avtomobilin hər hansı təmirindən sonra müəyyən müddət ərzində istismar mövzusu hələ də mübahisə mövzusudur. İri servislər bu sahənin lazımı qədər dəqiqliklə tənzimlənməməsindən sui-istifadə edərək zəmanət verməkdən mümkün qədər boyun qaçırırlar. Amma dəyişikliklərdən sonra bu problem aradan qalxmalıdır. Belə ki, qanunda bildirilir ki, avtoservislər göstərdikləri xidmətin və təmir işlərinin keyfiyyətinə məsuliyyət daşıyırlar və əgər hansısa problem yaransa həmin nasazlığı pulsuz aradan qaldırmalıdırlar: «Texniki xidmətin təminatlı şərtləri yerinə yetirilmiş işlərin nəticələrinin təhlükəsizliyinə və xidmətdən sonra yenidən yaranmış həmin nasazlığın müəyyən edilmiş müddət ərzində ödənişsiz aradan qaldırılmasına görə xidmət göstərənin maddi və hüquqi məsuliyyətini nəzərdə tutur»-deyə dəyişiklikdə bildirilir.

 

Ehtiyat hissələri bazarı dəyişəcək

 

Qanuna dəyişikliklər ehtiyat hissələri bazarını da silkələyəcək. Yeniliyə əsasən avtomobillərin bütün ehtiyat hissələri üzrə standartlar qəbul ediləcək və istifadə olunan ehtiyat hissələri bu standartlara uyğun olmalıdır. Hazırda isə ekspertlərin fikrincə, avtomobil ehtiyat hissələri bazarındakı məhsulların 70-80%-i orijinal deyil. Ehtiyat hissələrinin istehsalı ilə məşğul olan «Bosch» şirkətinin direktor müavini Fariz Məmmədov fins.az-a bilirib ki, Azərbaycana saxta ehtiyat hissələri əsasən Türkiyə, Dubay və Çindən gətirilir: «Saxta ehtiyat hissələri içərisində avtomobilin elektron sistemləri daha çoxdur. Bunlara  fənərlər, sensorlar, mühərrik məlumat ötürücüləri, hava tənzimləyiciləri,  şamlar və s. aid etmək olar». Saxta ehtiyat hissələrinin orjinalları ilə əvəz edilməsi avtomobilin daha keyfiyyətli və uzunmüddətli istifadəsinə imkan verəcək bununla da maşın sahiblərinin xərclərini azaldacaq. Doğrudur, saxta hisələrin ucuzluğunu nəzərə alanda, bu dəyişikliklərdən sonra hissələr bahalaşacaq. Amma keyfiyyətin artması buna kompensasiya olmalıdır.

 

«Yeniliklər sığorta şirkətlərinə müsbət təsir edəcək»

 

“Avtomobil  təmir müəssisələri ilə bağlı standartların tətbiqi istənilən halda, sığorta şirkətlərinə müsbət təsir göstərəcək”. Bunu Fins.az-a açıqlamasında  “Standard İnsurance” sığorta şirkətinin idarə heyətinin sədri  Aydın Rəhmanov  bildirib. Onun sözlərinə görə,  servislərdə yaradılan şərait, istifadə olunan avadanlıqlar və təmir-xidmət prosesi standartların tələblərinə uyğunlaşdırılması adi boks və təmirxanalarda xidmətləri 5-15% bahalaşdıra bilər.  Lakin buna baxmayaraq, rəsmi servislər  xidmətləri  eyni həcmdə ucuzlaşdıracaq ki, bu da sığorta şirkətlərinin xeyrinə işləyəcək. Çünki sığorta şirkətləri əsasən rəsmi servislərlə əməkdaşlıq edir. O, bundan əlavə ehtiyat hissələrinin lisenziyalaşdırılmasını bazarda müsbət addım kimi dəyərləndirib: “Birincisi bu yenilik saxta ehtiyat hissələrini bazarına son qoyacaq.

Məsələ ondadır ki, bəzən məhz saxta ehtiyat hissələrinin sıradan çıxması sığorta hadisələrinə səbəb olur. Lisenziyalaşdırılma isə təmir zamanı kefiyyətli  ehtiyat hissələrindən  istifadəni tələb edəcək ki, bu da qəza zamanı zərərləri azaldacaq”. A. Rəhmanov hesab edir ki, bu amil avtomobil sığortası ilə bağlı  xərcləri 10-15 % arasında artıra bilər. Lakin bu avtomobil sığortasını bahalaşdıra bilməz. Çünki sığorta şirkətlərinin ehtiyatları kifayət qədərdir.

 

Sığorta mübahisələri azalacaq

 

Qanuna edilən dəyişikliklər avtomobillərin təmiri ilə bağlı sığorta şirkətləri ilə müştərilər arasındakı mübahisələri aradan qaldıracaq. Sığorta eksperti Ramin Məmmədov fins.az-a bildirib ki, sığorta müştərilərinin əsas narazılıqlarından biri olan təmirin düzgün aparılamaması ilə bağlıdır: «Məsələn, rəng işi ustadan və təmirxanadan aslı olaraq fərqlənirdi. Təmir olunmaq üçün sökülən detalların, hava yastıqlarının  düzgün yerləşdirilməməsi  problemlər yaradırdı. Və yaxud müştəri orijinal ehtiyat hissəsinin pulunu ödədiyi halda avtomobilə saxta detal qoyulurdu. Ehtiyat hissələrinin lisenziyalaşdırılması isə bu kimi halların qarşsını alacaq». R.Məmmədov bildirir ki, standartların tətbiqi  təmirxanada görülən işə daha məsuliyyətli yanaşma tələb edəcək ki,  bu da təmirin kefiyyətini artıracaq. Nəticədə sığortalıların  təmirlə bağlı narazılıqlarının böyük hissəsi aradan qalxacaq. Eyni zamanda təmir məntəqələri arasında rəqabət başlanacaq: «Məsələn, təmirin bir servisdə 20 manata, digərində isə eyni işin 40 manata  başa gəldiyi məlum olacaq».

 

Qanuna dəyişiklik «Audateks» sisteminə hazırlıqdır

 

Nəhayət, «Avtomobil nəqliyyatı haqqında» qanuna edilən dəyişikliklər ölkənin sığorta sistemində gözlənilin mühüm yeniliyə hazırlıq kimi də qəbul edilə bilər. Bu ilin sonunadək Azərbaycanda avtomobil qəzalarında zərərlərin avtomatik qiymətləndirilməsi sistemi  - «Audateks» sistemi işə düşəcək. Bu sistem usta işi və ehtiyat hissələrin qiymətlərini nəzərə alaraq maşina dəyən zərəri və sığorta ödənişini hesablayır. Ölkədə bu sistemin işə başlaması təmir-xidmət məntəqələrinin işinin qaydaya salınmasını tələb edir. Qanuna dəyişiklik də məhz buna xidmət edir. «Audateks-Azərbaycan» şirkətinin icraçı direktoru Zakir Kərimzadə fins.az-a bildirib ki, tələblərə görə, bu sistem yalnız pasportlaşdırılmış təmir məntəqələri ilə işləyəcək: «Bunun üçün isə həmin məntəqələr pasportlaşdırılmalı, servislər kateqoriyalara bölünməlidir. Bunlar qanuna dəyişikliklərdə nəzərdə tutulub». Z.Kərimzadə bildirir ki, avtoservislər bir neçə kateqoriyaya bölünə bilərlər - rəsmi distribütorlar, onların dilerləri, avtomobilərin təmiri üzrə müstəqil servis mərkəzləri və xidmət sahələri. İcraçı direktorun sözlərinə görə, diqqət yetirilən əsas məqamlardan biri bu sahədə çalışanların texniki savadının və təhsilil olmasıdır: «Ən azı bu işlə məşğul olan şəxslərin texniki savadı olmalıdır ki, onlar göstərdikdəri xidmətə görə məsuliyyət daşısınlar. İndi bəziləri şagird kimi haesısa ustanın yanında baxıb öyrənirlər. Sonra da müstəqil sex açaraq usta kimi işləyirlər. Belə hallar aradan qalxmalıdır».

 

300 milyon manatlıq biznes

 

Qanuna dəyişikliklər həm də bu sahədəki biznes yanaşmalarını dəyişəcək. Ekspertlər bildirir ki, dəyişikliklərdən sonra bazarda xidmətlərin və ehtiyat hissələrinin bir qədər bahalaşması qaçılmazdır – keyfiyyətin öz qiyməti var.

Amma bu bahalaşma avtoservis biznesinin gəlirliyini də artıracaq və onun biznes növü kimi inkişafına səbəb olacaq. Qeyd edək ki, Azərbaycanda bu sahənin inkişafı üçün böyük potensial var. Hazırda ölkədə 1 milyondan artıq istifadə edilən avtomobil var ki, ondan təqribən 400 min avtomobil Bakıda istifadə edilir. Təqribi qiymətləndirmələrə görə, hər bir avtomobilin illik təmir-texniki xidmət xərci minimum orta hesabla 250-300 manat arasında dəyişir. Belə olan halda ölkə üzrə avtoservis xidməti dövriyyəsinin illik həcmi 300-400 milyon manat, təkcə Bakı şəhərində isə 150 milyon manat ətrafında dəyişir.

 

Dəyişikliklər yarım ildən sonra başlanacaq

 

Qeyd edək ki, yeni tələblərin qüvvəyə minməsi və avtoservislərdən standartlara uyğun iş tələb edilməsi prosesi azı 6 ay davam edəcək. Məsələ bundadır ki, prezidentin məlum fərmanına görə, SMPDK-si yeni standartları 3 ay ərzində hazırlayıb təsdiqləməlidir. Bunan sonra isə Nəqliyyat Nazirliyi 3 ay müddətində təmir müəssisələrini – avtoservisləri bu standartlarla və onun tələbləri ilə tanış etməlidir. Yalnız bundan sonra avtoservislərin həmin standartlara uyğun işləmək tələb ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh