DYP-dən videoreqistrator təklifi; çəkin göndərin, tədbir görək

Avtoxəbər 12 İyun 2014 13:16 Oxunub 4188
DYP-dən videoreqistrator təklifi; çəkin göndərin, tədbir görək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: «Sürücülər videreqistrator vasitəsilə qayda pozuntularını qeydə alıb yol polisinə təqdim edərsə, araşdırılacaq»

Son dövrlər yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları və bunun nəticəsində baş verən ağır yol qəzalarının sayı artır. Bu cür halların qarşısını almaq üçün müxtəlif təkliflər səslənir. Kimi cəzaların sərtləşdirilməsini, kimi sürücülük vəsiqələrinin verilməsinə daha ciddi yanaşılmasını, kimi də bu sahəyə ictimai nəzarətin gücləndirilməsini istəyir. Yol polisi də ictimai nəzarətin gücləndirilməsini dəstəkləyir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, qayda pozan sürücülərə qarşı ictimai mübarizə güclənərsə o zaman bu cür halların qarşısı alınar. Şöbə rəisinin sözlərinə görə, sürücülər öz avtomobillərinə videreqistrator quraşdırmaqla yollarda digər nəqliyyat vasitələrinin törətdiyi qayda pozuntularını qeydə alıb yol polisinə təqdim edərsə, məsələ çox ciddi şəkildə araşdırılacaq və tədbir görüləcək. Qayda pozuntusu barədə məlumat verən sürücülərin anonimliyi isə qorunacaq: «Videoqeydiyyat cihazlarının ayrı-ayrı avomobillərdə olması, əlbəttə ki, yaxşı haldır. Onların köməyi ilə digər nəqliyyat vasitələrinin yol verdiyi qayda pozuntuları qeydə alınır. Və yaxşı olar ki, belə qurğuları olan və belə görüntüləri qeydə almış şəxslər bunu Baş Dövlət Yol Polisi İdarəsinin elektron poçtuna video fayl şəklində göndərsinlər ki, həmin sürücülər barəsində müvafiq tədbirlər görülsün».

Bundan əlavə, Kamran Əliyev onu da deyib ki, videoreqistrator qurğusu olan avtomobil sürücüləri təkcə yol-hərəkət qaydaları pozuntusunu yox, həm də avtomobillərdə qadağan olunmuş səs siqnalları, səsboğucu qurğuya səsi artıran avadanlıqların qoyulması, pərdə, plyonka, habelə, digər konstruksiya dəyişiklikləri barədə də görüntələri yol polisinə təqdim edə bilərlər. Lakin bu zaman bir qədər diqqətli olmaq lazımdır: «Əlavə avadanlıqların quraşdırılması və yaxud da dəyişdirilməsi faktlı ilə üzləşən və belə yüksək səslə gedən avtomobillərin şahidi olan şəxslər də həmin avtomobillərin dövlət qeydiyyat nişanını, rəngini, markasını qeyd etməklə bizə müraciət edə bilərlər. Həmin avtomobillərin sürücüləri də Dövlət Yol Polisi tərəfindən çağırılacaq və müvafiq qaydada araşdırılacaq. Amma çox xahiş edirik ki, vətəndaşlar siqnalın, yüksək səsin hansı maşın tərəfindən verildiyinə dair şübhəli fikri varsa, o avtomobillər barədə məlumat verməsinlər. Çünki bunun özü də sürücülər arasında müəyyən çaşqınlıq və narahatçılıq yaradacaq».

Bəzi sürücülər tərəfindən qayda pozuntuları barədə dərhal məlumat vermək üçün qaynar xəttin yaradılması təklifinə də münasibət bildirən Kamran Əliyev deyib ki, Daxili İşlər Nazirliyinin 102 saylı telefon nömrəsinə bütün bu məsələlərlə bağlı məlumat vermək olar. Bundan əlavə, vətəndaşlar hər hansı qayda pozuntusu, hadisə və ya digər məsələlərlə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 012 510 72 80 nömrəli telefon nömrəsinə zəng etməklə məlumat verə bilərlər.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

samir 10 Noyabr 2014 22:55
Cekib gonderdim. buyurun tedbir gorun. bu masin bu gune kimi tapilmadigini soyleyir yol polisi. cox qeribedir http:youtu.beQ-FNhIHnFy8
Mahir 10 Noyabr 2014 22:55
Biyabırçılığ Baxın YPX nə gündədir Hansı qanunda var bu video görüntü verməylə iş həl olunsun Madein Azərbaycan Kamran Əlyev