Yanacaq alarkən aldanmamaq üçün bu qaydaları öyrənin

Yazarlar 3 Sentyabr 2015 02:24 Oxunub 13358
Yanacaq alarkən aldanmamaq üçün bu qaydaları öyrənin
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunları bilin ki, yanacaqdoldurma məntəqəsində sizi asanlıqla aldatmasınlar

Yanacaqdoldurma məntəqələrində aldanmamaq üçün Avtosfer.az-ın tövsiyələri:

1. Avtomobiliniz üçün yanacaq (benzin, dizel) alarkən, avtomobili tərk edib, sayğacın qarşısında dayanın;

2. Yanacaq “vurularkən” sayğacın 0.00-dan başladığına əmin olun. Şikayətlərdən məlumdur ki, bəzi hallarda operatorlar sifariş edilən yanacaq həcmini əvvəlki müştərinin sifarişinin davamı kimi qeydə alır. Məsələn, 20 manatlıq benzin istəyirsiniz, sayğaca fikir vermirsiniz, sizdən öncəki 5 manatlıq benzin alıb gedənin ardınca sizin sifarişi başladırlar, sayğac 0 manatdan yox, 5 manatdan hesablamağa başlayır. Nəticədə 20 manatlıq benzin əvəzinə 15 manatlıq benzin alırsınız;

3. Hiss etsəniz ki, operator sizə “qabağa sür bir az, şlanq çatmır” deməklə sayğacı sizin gözünüzdən uzaqlaşdırır, yanacaq doldurulmasına başlamazdan əvvəl mütləq sayğaca diqqət edin;

4. Yanacaqdolduran tapançalarda 2 sürət olur. Operatordan xahiş edin ki, 1-ci sürətlə doldursun. Bir qədər gec dolur, amma yanacaqdakı köpüklənmə, havalanma xeyli azalır. Fərqi hiss edəcəksiniz;

5. Yanacaq doldurulub bitəndə mütləq sayğaca baxın. Əmin olun ki, sifarişiniz dəqiq icra edildi. Unutmayın ki, operator avtomatın təsadüfən atması ilə tələsən sürücülərdən də “qazanır”. Məsələn, 20 manatlıq yanacaq sifariş etmisiniz, 15 manat olanda avtomat təsadüfən və ya bilərəkdən atdısa, siz dayanıb davamını gözləməsəniz, yola salınacaqsınız;

6. Yaxşı olar ki, idarə etdiyiniz avtomobilin yanacaq çəninin tutumunu biləsiniz. Boş və boşa yaxın çənə həcmdən artıq benzinin vurulması barədə bu günlərdə yazmışdıq.

Təbii ki, yazılan bu xoşagəlməz hallara bütün yanacaqdoldurma məntəqələrində rast gəlinmir. Həmçinin, insaflı operatorlar da az deyil. Bu yazı sürücülərin sayıqlığının artırılmasına xidmət edir.

 

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vüqar 3 Sentyabr 2015 14:29
Mən qırmızı işıq yanarkən Jiquliyə 41 litr yanacaq doldurulmasına şahid olmuşam. Halbuki Jiqulinin bakı 39 litrdir. Qırmızı yananda 5-8 litr yanacaq qalmış olur