Azərbaycanın aldığı ikimərtəbəli qatarların qiyməti bəlli olub

Texnologiya 9 Sentyabr 2015 16:31 Oxunub 2693
Azərbaycanın aldığı ikimərtəbəli qatarların qiyməti bəlli olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Perspektivdə ​Bakı-Sumqayıt dəmir yolu marşrutunun uzadılması planlaşdırılır

"Azərbaycan Dəmir Yolları" QSC dəmir yolu nəqliyyatının inkişaf proqramının reallaşdırılması çərçivəsində İsveçrənin "Stadler Rail" şirkətindən 5 ikimərtəbəli elektrik qatarı almaq qərarına gəlib. Bu qatarlar Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunda istismar üçün nəzərdə tutulub. Qatarlar Azərbaycanın bütün normativlərinə cavab verir və ölkənin şəhərətrafı rabitəsi üçün yeni standart olacaq. Bunu "Report"a açıqlamasında "Stadler Rail"in Mərkəzi Asiya üzrə marketinq və satış direktoru Dirk Şaybner (Dirk Scheibner) bildirib. Onun sözlərinə görə, Azərbaycan bu qatarları ölkədə keçiriləcək beynəlxalq yarışlarda da istifadə edə bilər. "KİSS" markalı bu qatarlarda ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. Bu dördvaqonlu qatarlar əhalinin yüksəkkeyfiyyəlti ictimai nəqliyyata artan tələbatını ödəyə bilər. Bu qatarların üstünlüyü ondan ibarətdir ki, onlar çox uzun deyil, yəni relslərdə az yer tutur. Odur ki, onların ardıcıllığını da artırmaq mümkündür. Bu qatarlar çox sayda sərnişin daşınmasına və ya şəhərləri birləşdirməyə də imkan yaradır. Əgər tələbat artarsa, əlavə qatarların göndərilməsi mümkün olacaq", - D.Şaybner bildirib.

O, qatarlara dair müqavilənin dəyərinin təxminən 4,5 mln. avro olduğunu (1 qatar üçün 900 min avro) deyib.

Qeyd edək ki, Bakı-Keşlə-Biləcəri-Xırdalan-Sumqayıt xəttində elektrik qatarları əvvəllər mənzil başına 1 saat 22 dəqiqəyə çatırdısa, yenidənqurma işlərindən sonra bu vaxt yeni qatarlar sayəsində 40 dəqiqə olacaq. Artıq 5 qatardan 3-ü Bakıdadır, qalan iki qatar isə hazırda "Stadler Rail"in Minskdəki zavodundadır və bu ilin sonunda ölkəyə gətirilməsi nəzərdə tutulub.

Qeyd edilən istiqamətdə qatarlar saat 06:00-dan 12:00-dək Bakıdan və Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. Saat 12:00-dan 16:00-dək aralığında interval 1 saat, 16:00-dan 24:00-dək isə 30 dəqiqə olacaq. İntervalın tətbiqi gün ərzində sərnişin sıxlığına uyğun olaraq müəyyən edilib.

Dairəvi dəmir yol üzərində ümumilikdə 23 stansiya və dayanacağın olması planlaşdırılır. Daha sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarları dairəvi dəmir yolu xətti ilə hərəkət edəcək. Belə ki, Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrutun istifadəyə verilməsi planlaşdırılır və bu şəkildə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu olacaq.

Elektrik qatarlarına biletləri sərnişinlər vağzallarda kassadan və terminallara pul ödəməklə alacaqlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh