"London taksiləri"ndə qiymət qalxdı, bəs digərləri?

Al-sat 1 Oktyabr 2015 22:54 Oxunub 15214
"London taksiləri"ndə qiymət qalxdı, bəs digərləri?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəfa Mehmanqızı: «Yeni taksilər daha komfortlu olduğundan onlardan istifadə haqqı bir qədər yüksəkdir»

Bir neçə gündür ki, "London taksiləri"nin xidmət haqqı artırılıb. Belə ki, əvvəlllər 0-3 km 1 manat olan taksilərdə indi həmin qiymət 3 manat olub. Amma bu artım bütün "London taksiləri"nə şamil edilmir. Qiymət artımı üzərində "sarı xətt" olan taksilər üçün nəzərdə tutulub. Nəqliyyat Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızının sözlərinə görə, yeni "London taksiləri" daha komfortlu olduğundan onlardan istifadə haqqı bir qədər yüksəkdir. "Bu qiymət artımı ancaq yeni "London taksiləri"nə şamil edilir. Yeni "London taksiləri"nin üzərində sarı xətt var. Məhz həmin taksilərdə gediş haqqı artırılır. Bu barədə taksinin şüşəsində də elan yazılıb (0-3 km - 3 manat). Sərnişin 3 manat ödəməklə bu taksidə 3 kilometr məsafə gedə bilər. 3 kilometrdən sonra 10 km üçün 70 qəpik, növbəti 10 km üçün 40 qəpik ödəməlidir. 3 manat sərnişinlərə çox görünə bilər. Amma nəzərə almaq lazımdır ki, digər taksi xidmətlərində sayğac 1 manat yazsa belə, sərnişin 3 km üçün 3 manat 10 qəpik ödəyir. Həm də nəzərə almaq lazımdır ki, taksi fəaliyyəti zamanı yanacaq sərf olunur, sürücü sifariş edilən əraziyə gedir. Dünya praktikasında da belədir ki, kimsə 1 manatdan ötrü taksi fəaliyyəti ilə məşğul olmur".

Ş.Mehmanqızı onu da bildirir ki, bu layihə özünü doğruldarsa, paytaxt ərazisində taksilərin sayı artırılacaq.

"London taksiləri"nin sürücüləri, sərnişinlər və digər taksi sürücüləri də bu qiymət artımından şikayətçi deyil. Taksi sürücüsü Asəf Əhmədovun sözlərinə görə, "London taksiləri"ndə qiymətlərin qaldırılması onların sərnişinlərinin artmasına səbəb olacaq. Çünki sərnişin hər zaman daha az xərcləmək istəyir: "Qiymət artsa, yaxşıdı. Belə olanda sərnişin "London taksiləri"nə yox, digər taksilərə üstünlük verəcək".

"London" taksisində sürücü işləyən Rasim (soyadını deməkdən çəkinir) bildirir ki, qiymət artımı onlar üçün fərq etmir: "Bizdə köhnə "London" taksisidir. Ona görə fərqi yoxdur. İnsanların çoxu bizim taksilərə üstünlük verir. Çünki bu zaman sərnişin və sürücü arasında saatlarla "bazarlıq" olmur. Sayğac nəyi göstərirsə, sərnişin həmin məbləği verməyə məcburdur".

Qeyd edək ki, yeni "London taksiləri"ndə qiymət iki gündür qaldırılıb. Sürücülərin sözlərinə görə, bu taksilərdən hələlik "pilot" olaraq istifadə edilir. Sürücülər hesab edirlər ki, bu taksilərə daha çox əcnəbilər üstünlük verəcək: "Bu taksilər bir az elit təbəqə üçündür. Məsələn, xaricdən gələnlər, imkanlı ailələr bu taksilərdən rahatlığına görə istifadə edəcək", - deyə sürücülər bildirirlər.

Müsahiblərimiz qeyd edirlər ki, sərnişinləri taksi ilə getməyə heç kim məcbur etmir. Əgər sərnişin taksi ilə getməyi seçirsə, büdcəsinə uyğun taksilərdən istifadə etməlidir. "Ancaq "London taksiləri" hər cibə uyğundur".

Bakı sakini, 56 yaşlı Kamran Əbilovun fikrincə isə bu qiymət artımının sadə sərnişinlərə aidiyyəti yoxdur: "Onsuz da, kimin pulu yoxdursa, avtobusla, metro ilə gəzir. Taksiyə imkanı olanlar minir. Onlar üçün isə inanın, heç fərqi yoxdur ki, 1 manat verdi və ya 3 manat".

 

 

ekspress.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh