Dayanma-durma qaydasını pozmaq budur – FOTO - ÖYRƏNƏK

Yazarlar 21 İyun 2014 01:21 Oxunub 42106
Dayanma-durma qaydasını pozmaq budur – FOTO - ÖYRƏNƏK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanma-durmanı avtomobili yolun hərəkət hissəsində düzgün saxlamamaqla səhv salmaq doğru deyil

Son vaxtlar bir neçə sürücüdən eşitdim ki, avtomobilini yolda ikinci cərgədə (təxminən şəkildə gördüyünüz kimi) dayandırdığına görə cərimə olunarkən ondan 40 manat cərimə ödəməli olduğu tələb edilir (evakuasiya olunmuş olduqda 20 manat da evakuasiya xərci alınmaqla cəmi 60 manat). Maraqlananda məlum oldu ki, onlara dayanma və ya durma qaydalarını pozmaya görə İnzibati Xətalar Məcəlləsinin (İXM) 158-1.1-ci maddəsi üzrə deyil, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarını pozmaya görə İXM-in 151.1-ci maddəsi üzrə protokol yazılır. Bu səbəbdən də 40 manat cərimə tələb olunur. Belə yanaşma tamam yanlışdır. Bilmirəm, kimsə bunu bilərəkdən, yoxsa qanunu düzgün təfsir edə bilmədiyinə görə səhvən edir. Amma bu, doğru deyil. 

Xatırladıram ki, dayanma və durmanın qaydaları “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində müəyyən olunur. Həmin maddənin I hissəsi nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmalı (durmalı) olduğunu təsbit edir. Deməli, ikinci cərgədə dayanma və durmanı qadağan edir. Bu qadağanı pozanlar da dayanma və ya durma qaydalarını pozmaya görə İXM-in 158-1.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilərlər ki, bunun da cəriməsi 20 manatdır. 

Ümumiyyətlə, yolun hərəkət hissəsinin və ya başqa elementinin (səkinin, yol çiyninin, ayırıcı zolağın) harasında olmasından asılı olmayaraq dayanma və durma qaydalarını (yəni “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinin tələblərini) pozma İXM-in 158-1-ci maddəsi üzrə məsuliyyətə səbəb olacaq. Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi isə hərəkət vaxtı nəqliyyat vasitəsinin yolun harası ilə getməli olduğunu, harasında yerləşdirilərək hərəkət etməli olduğunu bildirir. Bunun qaydaları əsasən “Yol hərəkəti haqqında” qanunun 49-cu maddəsində təsbit olunur. Həmin maddənin tələblərini pozma isə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarını pozma kimi İXM-in 151.1-ci maddəsi üzrə məsuliyyət yaradacaq. İkinci cərgədə dayanmanın hərəkət hissəsində yerləşmə qaydalarını pozmaya heç bir aidiyyəti yoxdur. Məsələn, şəkildəki NKH 4386 nömrəli maşın Bakıda bu cür dayanarsa, onun sürücüsü yerində 20 manat cərimə olunacaq.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Letif 22 Yanvar 2019 20:40
Baki