Bu sürücülərə "yanacaqdoldurma xəbərdarlığı": 3 BAL, 60 MANAT CƏRİMƏ

Qaydalar 30 Oktyabr 2015 12:35 Oxunub 3738
Bu sürücülərə "yanacaqdoldurma xəbərdarlığı":  3 BAL, 60 MANAT CƏRİMƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Kim belə faktla rastlaşarsa, bizə məlumat versin"

Qanunla, avtobusların sərnişinlərlə dolu halda yanacaqdoldurma məntəqələrinə girərək yanacaq doldurmalarına icazə verilməsə də, Azərbaycanda, xüsusən Bakıda belə hallara çox rast gəlmək olur. Hətta bəzi sürücülərin sərnişinlərin həyatını təhlükəyə atması artıq adi hal almağa başlayıb. 

Qanunvericiliklə, avtobusların sərnişinlərlə dolu halda yanacaqdoldurma məntəqəsinə daxil olmasına görə, sürücülər 3 cərimə balı və üstəgəl 60 manat cərimə edilirlər. O da əgər yol polisləri bunu görsə və ya konkret faktlar üzrə xəbər tuta bilsələr. 

Əslində belə hallarda sürücüyə onların həyatını təhlükə altına qoyduğu üçün ilk növbədə daha çox, sərnişinlər sərt reaksiya verməli və etirazlarını bildirməlidirlər. Lakin maraqlıdır ki, onlar adətən mübahisəyə vaxt sərf etməyib mənzil başına tez çatmaq naminə çox zaman susmağa üstünlük verirlər. 

Bundan başqa, YDM-in əməkdaşları da sürücülərin qanunsuzluğa yol vermələrinə şərait yaratmamalıdırlar. 

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı açıqlamasında belə hallarda həm sərnişinlər, həm də yanacaqdoldurma məntəqəsinin əməkdaşlarının reaksiya verməli olduqlarını deyib: "Kim belə faktla rastlaşarsa, bizə məlumat versin, həmin avtobusun dövlət qeydiyyat nişanını desin. Bununla əlaqədar sərnişin bizim "141 - qaynar xətti"mizə və ya "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin 561-76-28/29 nömrələrinə zəng edib məlumat verə bilər. 

Təbii ki, NİİM bununla bağlı yalnız tövsiyə edə bilər. Amma Bakı Sərnişin Nəqliyyatının rəhbərliyi tərəfindən bütün avtobus marşrutlarının sahiblərinə ciddi xəbərdarlıq etsə, yaxşı olar. Bundan əlavə, yanacaqdoldurma məntəqələri də əslində sürücülərin sərnişinlərlə dolu avtobusla YDM-ə daxil olmasına yol verməməlidirlər. Çünki buna yol verirlərsə, deməli, onlar da qanunu pozur və buna şərait yaradırlar. Düzdür, sərnişindaşıma sahəsində islahatlar gedir. Amma bizim YDM-lərin qarşısında izləmə kameralarımız yoxdur ki, bunu görək və polisə məlumat verək. Bu, insan faktoru ilə bağlı şeydir. Sürücü qaydanı pozursa, bu məsələdə hamı öz mövqeyini ortaya qoymalıdır ki, problemi birgə həll edə bilək. Sürücülər də görsələr ki, onlar belə şeylərə görə cəzalandırılırlar, o zaman belə şeylərə yol verməzlər".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh