Avtomobildə bunlar olmasa cərimə yazılacaq – XƏBƏRDARLIQ

Qaydalar 26 Noyabr 2015 10:53 Oxunub 9880
Avtomobildə bunlar olmasa cərimə yazılacaq – XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
50 manat cərimə ödəmək yaxşıdır, yoxsa 5 manata nişanı alıb təhlükəsizliyi təmin etmək?

Avtomobildə bəzi avandanlıqların olmaması cərimələrə səbəb olur. sürücülər avtomobildə 5 avadanlığın olmamasına görə, 5 manatdan 60 manata kimi cərimə edilə bilərlər. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu tələb «Yol hərəkəti haqqında» qanunun 1-ci əlavəsinə əsasən müəyyən edilir. Onun sözlərinə görə, avtomobildə tələb edilən vacib avadanlıqlardan biri qəza dayanma nişanıdır. Belə ki, bəzi hallarda bu nişanın olmaması nəticəsində arxadan gələn avtomobil qarşıdakının dayandığını görmür və nəticədə qəza baş verir.Bu nişanın qiyməti 5 manat, olmamasına görə qanunda nəzərdə tutulan cərimə isə 50 manatdır: «Sürücülər 50 manat cərimə ödəməkdənsə, onun 5 manatına nişanı alaraq həm cərimədən qurtarmış olarlar, həm də avtomobillərinin təhlükəsizliyini təmin edə bilərlər».

Ə.Hüseynov avtomobildə od söndürənin olmamasına görə də cərimə nəzərdə tutulduğunu deyib. Belə ki, bu vasitələrin olmamasına görə sürücülər 50 manat ziyana düşə bilərlər. Od söndürəni alıb avtomobilə quraşdırmaq isə cəmi 12-15 manat tələb edir. Ekspertin sözlərinə görə, dəqiq statistika məlum olmasa da, yanan avtomobillərin sayı artır. Bu avadanlıq avtomobildə olduğu halda isə ilkin yanğının qarşısını dərhal almaq mümkündür. Belə ki,bu avadanlığın alınması ilə sürücülər həm cərimələnməkdən, həm avtomobillərini yanğından, həm də öz həyatlarını təhlükədən xilas etmiş olurlar.

Qəza dayanma nişanı və od söndürənlə yanaşı avtomobildə vacib olan avadanlıqlardan biri tibb çantasıdır. Ə.Hüseynov bidirib ki, çantada 23 adda dərman və tibb ləvazimatları olmalıdır. Xüsusilə də ilkin tibbi yardım üçün lazım olan qan kəsmək üçün rezin, ağrıkəsicilər, spirt və yod olmalıdır. Həyati baxımdan əhəmiyyət daşıyan bu çantanı almaq sürücülərə cəmi 6-7 manata başa gəlir. Tibb çantasının olmamasına görə isə cərimə demək olar ki onun qiyməti ilə eynidir. Ə.Hüseynov bildirib ki, tibb çantasının olmamasına görə qanunda 3-5 manat cərimə nəzərdə tutulub.

Sadalanan avadanlıqlarla yanaşı uşaq oturacağı ilə bağlı vəziyyət bir qədər fərqlidir. Belə ki, yalnız avtomobilin ön hissəsində əyləşdirilən zaman uşaq oturacağının olması tələb olunur. Bu zaman uşaq oturacağı quraşdırılmasa sürücü qanunla 60 manat cərimə ödəməli olacaq. Lakin uşaq arxa oturacaqda əyləşibsə, buna ehtiyac yoxdur. Maraqlı cəhət burasındadır ki, uşaq oturacaqlarının qiyməti cərimədən dəfələrlə böyükdür. Ə.Hüseynovun sözlərinə görə, bu oturacaqların qiyməti 65-150 manat arasında dəyişir. Lakin insan həyatı daha önəmli olduğu üçün bu oturacaqlardan istifadə etməyə dəyər.

Digər tələb isə çəkisi 3,5 ton olan yük maşınları və 5 ton olan avtobuslarla bağlıdır. Belə ki, bu nəqliyyat vasitələrində dayanma zamanı təkər tıxac diyircəklərindən istifadə edilməlidir ki, gözlənilməz hal baş verməsin. Bu avadanlıq o qədər də baha deyil. Belə ki, sürücülər cəmi 1 manat ödəyərək təkər tıxac diyircəyini əldə edə bilərlər. Ə.Hüseynov bununla bağlı cərimə məsələsinə də aydınlıq gətirib: «Bununla bağlı qanunda bir mənalı tələb yoxdur. Lakin belə nəqliyyat vasitələrinin sahibləri 50 manat cərimələnə bilərlər. Daha yaxşı olar ki, yük maşını və avtobuslarda bu avadanlıqdan olsun».

 

 

Fins.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh