Bu nəqliyyat vasitələrini DYP yox, FHN qeydiyyata alacaq - YENİLİK

Qaydalar 22 Noyabr 2015 00:12 Oxunub 7189
Bu nəqliyyat vasitələrini DYP yox, FHN qeydiyyata alacaq - YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fövqəladə Hallar Nazirliyinin dövlət qeydiyyatına almalı olduğu nəqliyyat vasitələrinin dairəsi dəqiqləşdi

İki gün əvvəl «Yol hərəkəti haqqında» Qanunda dəyişikliklər edilməsi barədə qanun qüvvəyə mindi. Avtosfer.az-ın məlumatına görə, həmin dəyişikliklər Fövqəladə Hallar Nazirliyinin dövlət qeydiyyatına almalı olduğu nəqliyyat vasitələrinin dairəsini dəqiqləşdirilməyə yönəlib. Bu dəyişikliyə uyğyn olaraq, Fövqəladə Hallar Nazirliyi texnoloji nəqliyyat vasitələrini, habelə siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrini dövlət qeydiyyatına alır.

Bu dəyişikliklə texnoloji nəqliyyat vasitələrinə anlayış da verilmişdir: texnoloji nəqliyyat vasitəsi - küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitəsidir.

Lakin texnoloji nəqliyyat vasitəsinə verilən anlayışda qüsura yol verilib. Belə ki, anlayışda texnoloji nəqliyyat vasitələrinin mexaniki nəqliyyat vasitəsi olduğu vurğulanmayıb. Hər kəsə məlumdur ki, ölkəmizdə yalnız mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınır. Ona görə də texnoloji nəqliyyat vasitələrinin mexaniki nəqliyyat vasitələri olduğu vurğulanmalı idi. Onsuz da «Yol hərəkəti haqqında» Qanunun 27-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndindən aydın olur ki, Fövqəladə Hallar Nazirliyi yalnız mexaniki nəqliyyat vasitələrini dövlət qeydiyyatına alır. Mexaniki nəqliyyat vasitələrinə aid edilməyən texnoloji nəqliyyat vasitələri isə onsuz da dövlət qeydiyyatına alınmayacaq.

Beləliklə, Nazirlər Kabinetinin 14 avqust 2008-ci il 187 saylı Qərarı ilə təsdiq edilmiş siyahını da nəzərə aldıqda Fövqəladə Hallar Nazirliyinin dövlət qeydiyyatına aldığı mexaniki nəqliyyat vasitələrinin sıyahısı aşağıdakı kimi olacaq:

 

1. Şassi üzərində quraşdırılmış payavuran qurğu

2. Yol freyzeri

3. Yol üçün bordyurdöşəyən nəqliyyat vasitəsi

4. Asfalt döşəyən nəqliyyat vasitəsi

5. Qalaqlayıcı nəqliyyat vasitəsi

6. Xüsusi texnoloji xidmət üçün nəqliyyat vasitəsi

7. Qazma işləri üçün nasos aqreqatları

8. Təkərli kompressorlar

9. Boru düzən nəqliyyat vasitəsi

10. Özüdolduran mexanizmlər

11. Qreyderlər

12. Skreperlər

13. Katok (vərdənə)

14. Traktor bazasında quraşdırılmış kran

15. Təkərli mexanizmlər

16. Təkərli qaynaq aqreqatları

17. Təkərli generatorlar

18. Qar təmizləyən traktorlar

19. Yolnişanlayıcı nəqliyyat vasitələri

20. Ekskavatorlar

21. Buldozerlə

22. Yükləyicilər

23. Qəza-bərpa nəqliyyat vasitəsi

24. Elektromühərriklə işləyən nəqliyyat vasitələri

25. Qoşqu və yarımqoşqulu mexanizmlər.

Bundan başqa, mexaniki nəqliyyat vasitəsi sayılan bütün texnoloji nəqliyyat vasitələri də Fövqəladə Hallar Nazirliyində dövlət qeydiyyatına alınacaq.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh