"Tour d’Azerbaïdjan-2016"nın keçiriləcəyi tarix açıqlanıb

Yarışma 1 Dekabr 2015 16:35 Oxunub 1756
"Tour d’Azerbaïdjan-2016"nın keçiriləcəyi tarix açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışın marşrutunda dəyişiklik edilə bilər

"Növbəti "Tour d’Azerbaïdjan" velosiped turu gələn ilin 4 - 8 may aralığında keçiriləcək. Yarış artıq Beynəlxalq Velosipedçilər İttifaqının 2016-cı il üçün təqvim-planına da salınıb". Bunu "Report"a açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.  Federasiya rəsmisinin sözlərinə görə, növbəti yarışda builki lə müqayisədə marşrut dəyişikliyi ola bilər: "Əvvəlki illərdə Bakı - Sumqayıt, Bakı - İsmayıllı, Qəbələ - Şəki - Qəbələ, Qəbələ - Şamaxı və dairəvi Bakı marşrutu üzrə yarışlar keçirilirdi. Lakin bu il "Bakı 2015" I Avropa Oyunları səbəbindən dördüncü mərhələdə dəyişiklik etdik və idmançılar Qəbələ - Mingəçevir marşrutu ilə yarışdılar. Ola bilsin ki, 2016-cı ildə həmin marşrutda dəyişiklik olunacaq".

S.Ələkbərov bildirib ki, yarışda hər il olduğu kimi, 24-25 ölkədən eyni sayda komandanın iştirakı gözlənilir. Pro kontinental, kontinental və milli komandalar səviyyəsində keçiriləcək 2.1 kateqoriyalı marafonun marşrutuna Ağsu aşırımı da əlavə edilə bilər. Bunun üçün həmin yolların işlək, saz vəziyyətə gətirilməsi lazımdır: "Sonuncu marafondan sonra yarışın komissarları söyləmişdilər ki, bu cür yüksək təşkilatçılıq fonunda çox rahat şəkildə turun kateqoriyasını yüksəldə bilərik. Amma bunun üçün bəzi məsələləri həll etmək lazımdır. Məsələn, yüksək kateqoriya daha çox mərhələ deməkdir. Bunun üçün isə əlavə marşrutlar, rayonlarda 600 nəfərdən çox qonağın qala bilməsi üçün otellər lazımdır. Qəbələdə bu baxımdan problem olmasa da, digər bölgələrimizdəki mövcud imkanlar araşdırılır və düşünürəm ki, yaxın gələcəkdə yarışın kateqoriyasını qaldırmaq haqda düşünə bilərik".

Vitse-prezident, həmçinin, gələn ilki yarışa da velosiped aləmində tanınmış idmançıların və fəxri qonaqların dəvət olunacağını açıqlayıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh