Sağdan ötmək niyə qadağandır? - İZAH

Qaydalar 5 Dekabr 2015 10:36 Oxunub 22578
Sağdan ötmək niyə qadağandır? - İZAH
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötmənin ən vacib qaydalarından biri sağdan ötmənin qadağan edilməsidir – Yalnız bir halda sağdan ötmək olar

Ötmə qaydalarını pozma sürücülərin yollarda törətdiyi təhlükəli qayda pozuntuları sırasında ilk yerlərdə durur. Ötmə manevrinin qaydaları “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsində təsbit olunur. Ötmənin ən vacib qaydalarından biri sağdan ötmənin qadağan edilməsidir. Qanunun 51-ci maddəsinin II hissəsində deyilir ki, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. 

Avtosfer.az bildirir ki, sağtərəfli hərəkət olan ölkələrdə sağdan ötmənin təhlükəli olması və bu səbəbdən də qadağan edilməsi aşağıdakı mülahizələrlə bağlıdır. 

Birincisi, sürücü idarə etdiyi nəqliyyat vasitəsinin sol tərəfində əyləşir və nəqliyyat vasitəsinin sol tərəfini daha yaxşı nəzarətdə saxlaya bilir. O, qabaqda gedən nəqliyyat vasitəsini ötmək istədikdə getdiyi hərəkət zolağında azca sol kənara yaxınlaşmaqla (bəzən soldakı zolağa keçmədən də) soldan ötmə üçün zolağın boş olub-olmadığını asanlıqla müəyyən edə bilir. Lakin qabaqda gedən nəqliyyat vasitəsindən sağdakı zolağın boş olub-olmadığını müəyyən etmək üçün sürücü nəqliyyat vasitəsini xeyli sağa çəkməlidir ki, əyləşdiyi yerdən sağ tərəfdə qabağı görə bilsin. Bu isə kifayət qədər təhlükəlidir, çünki belə halda sürücü sağ zolağa çıxmağa məcbur olur.

İkincisi, yolun sağ zolaqları ilə bir qayda olaraq daha asta gedən nəqliyyat vasitələri hərəkət edir və sağdan ötmə onları arxadan vurmaya gətirib çıxara bilər.

Üçüncüsü, sağdan ötmək üçün sürücü sağa dönmə siqnalı verməlidır və bu halda ötülən nəqliyyat vasitəsinin sürücüsü bu siqnalı dayanmaya və ya yoldan sağa çıxmağa işarə kimi qəbul edərək heç bir maneə görmədən sağa yerdəyişmə edə bilər. Bu isə sağdan ötmək istəyən nəqliyyat vasitəsinin yoldan kənara çıxmağa məcbur olmasına və ya ötülən nəqliyyat vasitəsini arxadan vurmasına gətirib çıxara bilər. Ona görə də yol hərəkəti qaydalarında sağtərəfli hərəkətin nəzərdə tutulduğu hallarda sağdan ötmə qadağan edilib.

Ümumiyyətlə, yaşayış məntəqəsindən kənar yollarda, normal hərəkət şəraitində sağdan ötmə mümkün olmamalıdır, çünki “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinin I hissəsinə əsasən, eyni istiqamətdə bir neçə hərəkət zolağı olan belə yollarda sağ zolaq boş olduqda sol zolaqla hərəkət etmək qadağandır. Yaşayış məntəqəsində müvafiq məcburi qayda olmadığından sol zolaqlar tutulu olduqda sağ zolaqlar boş  ola bilər. Lakin Qanunun 51-ci maddəsinin II hissəsi həm yaşayış məntəqəsində, həm də bundan kənar istənilən yolda sağdan ötməni (sola dönən nəqliyyat vasitəsini sağdan ötmə istisna olmaqla) qadağan edir.

Qanunda tramvayın sağdan ötülməsi qadağan edilməsə də, sürücülər nəzərə almalıdırlar ki, digər nəqliyyat vasitələri heç bir halda tramvaya mane ola bilməzlər və tramvayın depodan çıxması halları və yolayrıcları istisna olmaqla, tramvayın və relssiz nəqliyyat vasitələrinin trayektoriyalarının kəsişdiyi istənilən yerdə tramvay hərəkət üstünlüyünə malikdir.

Qanun yalnız bir halda – qabaqda gedən nəqliyyat vasitəsinin sola dönmə siqnalı verdiyi və manevrə başladığı halda sağdan ötməyə icazə verir və hətta bu halda soldan ötməni qadağan edir. Həm sola, həm geriyə dönən, həm də buna icazə verildiyi yerdə yolun solunda dayanmaq istəyən nəqliyyat vasitəsini bu qaydada ötmək lazımdır. Sola (geriyə) dönən və ya solda dayanmağa hazırlaşan nəqliyyat vasitəsini sağdan ötərkən ötmənin bütün qaydalarına riayət edilməli, xüsusən ötmə üçün istifadə olunacaq sağdakı zolaqda hərəkət edən nəqliyyat vasitələrinə maneə yaradılmamalıdır. Eyni istiqamətdə yalnız bir hərəkət zolağı olduqda da hərəkət hissəsinin eni sağdan ötməni qeyri-mümkün edə bilər. Belə hallarda (sağ zolaqla arxadan gələn nəqliyyat vasitələrinə maneə yarandıqda və sağdan ötmə qeyri-mümkün olduqda) sürücü sürəti azaltmalı, zərurət olduqda dayanmalı və sola (geriyə) dönən nəqliyyat vasitəsi hərəkət zolağını boşaltdıqdan sonra yolunu davam etdirməlidir.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh