Yol polisinin təqibi ölümlə bitdi - VİDEO

Xəbərlər 1 İyul 2014 22:37 Oxunub 4021
Yol polisinin təqibi ölümlə bitdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Valideyn: «DYP işçisinin 36 dəqiqəlik təqibi qəza ilə nəticələnib»

Valideyn İsmayıl Əhmədov deyir ki, 11 ay əvvəl Dövlət Yol Polisinin maşını təqib etməsi nəticəsində övladı vəfat edib. Hövsan-Zığ yolunda, gecə saat 3-də baş verən yol qəzasından sonra polis işçisi maşından enmədən ərazini tərk edib. Hadisə yerinə gələn insanlar Əmiraslan Əhmədovu xəstəxanaya yerləşdiriblər. Amma o, qan itirmədən keçinib. Valideyn deyir ki, hadisəni kiçik serjant Ramin Paşayev törədib. Onun sözlərinə görə, DYP maşını yolun əks istiqamətində hərəkət edərkən oğlu yola nabələd olduğundan maşının arxasınca gedib. Polis maşını saxlamaq üçün işarə verib, amma Əhmədov saxlamayıb. DYP işçisinin 36 dəqiqəlik təqibi qəza ilə nəticələnib. Qəzadan 21 gün sonra Əmiraslan Əhmədovun ailə üzvləri şikayət ərizəsi yazıb. Amma başlanan istintaq 11 aydır yekunlaşmır. Ramin Paşayev maşını təqib etdiyinə görə xidməti töhmət alıb və iş yeri dəyişdirilib. Əhmədovlar ailəsi deyir ki, hadisə vaxtı DYP maşınında iki nəfər polis işçisi olub. Amma istintaq ikinci şəxsin kimliyi haqqında ailəyə məlumat vermir. Əhmədovlar hər iki şəxsin məhkəmə qarşısına çıxarılmasını istəyir. Hadisədə təqsirləndirilən kiçik serjant Ramin Paşayev qəzanı onun törətmədiyini deyir. O, həmin gecə Babək prospektində növbədə olduğunu bildirir.

Hüquqşünas Ərşad Hüseynov deyir ki, Dövlət Yol Polisi işçilərinin xidmət qrafiki dəqiq olur. Hadisə vaxtı xidmətdə kimin olduğunu bilmək çətin deyil. Hüquqşünas bildirir ki, «Polis haqqında» qanuna əsasən, iki halda DYP əməkdaşı dayanma əmrinə tabe olmayan sürücünü təqib edə bilər. Əgər sürücü özü və ya sərnişinlər cinayət törədiblərsə və ya cinayət törədəcəyinə əsaslı ehtimal varsa... Amma yol hərəkəti qaydalarını pozmağa görə təqib nəzərdə tutulmayıb.

Qanunvericiliyə əsasən, DYP işçisi təqibə başlamazdan əvvəl rəhbərliyə məlumat verməlidir. Hüquqşünas deyir ki, çox vaxt təqib üçün əsas olmur deyə rəhbərliyə bu barədə məlumat verilmir. O deyir ki, təqib təhlükəsiz olmalıdır. DYP əməkdaşı təqibin təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Ərşad Hüseynov əlavə edir ki, DYP işçisi qəzadan sonra hadisə yerini tərk edibsə, Cinayət Məcəlləsinin 143–cü, təhlükədə qoyma maddəsi ilə məsuliyyət daşıyır. O maşını saxlayıb, yaralıya kömək etməli idi. DYP maşınında iki nəfər olubsa, şəxslərin hər ikisi bu maddə ilə məsuliyyət daşıya bilərlər. Hüquqşünas hadisə üzrə istintaq müddətininin 2 ay olduğunu və ekspertiza nəticələrinə görə uzadılarsa maksimum 6 ay çəkə biləcəyini deyir. Amma 11 aydır istintaq gedir.

İstintaqı aparan Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emin Nəsibov mətbuata cavab verməyə səlahiyyətinin olmadığını bildirdi. Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günel xanım sorğumuzu cavablandıracağını bildirsə də, daha sonra əlaqə telefonlarını açmadı.

Qəzada vəfat edən Əmiraslan Əhmədovun 25 yaşı vardı. O, ali təhsilli idmançı idi. Gəncin özündən sonra bir qızı qalıb. Yeganə Əhmədova deyir ki, oğlu təqibdən 10 dəqiqə öncə ona zəng edib, evə gəldiyini deyib. Ana hələ də o zəngi telefonunda saxlayır. Meydan TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh