Ayın axırı parlament yol hərəkəti ilə bağlı bir neçə cəriməni artıracaq

Gündəm 18 Dekabr 2015 12:56 Oxunub 1749
Ayın axırı parlament yol hərəkəti ilə bağlı bir neçə cəriməni artıracaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rafael Cəbrayılov: «Yeni İnzibati Xətalar Məcəlləsi cəmiyyətin fikri ilə üst-üstə düşür»

«Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi ilə köhnə məcəllənin fərqi ondadır ki, heç bir inzibati hüquq pozuntusu tənzimlənmədən kənarda qalmayacaq. Yəni, ictimai rəydə oturuşmuş əməllər var idi, cəmiyyət bəzi neqativ halları özü qanunverici orqandan əvvəl inzibati xəta hesab edib. Yeni məcəlləyə cəmiyyətin həssas olduğu xətalar daxil edilib». Bunu "Report"a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov yeni hazırlanan İnzibati Xətalar Məcəlləsini şərh edərkən deyib. O bildirib ki, yeni məcəllə cəmiyyətin fikri ilə üst-üstə düşür: "İctimai yerlərdə siqaret çəkməklə bağlı neqativ fikir həmişə olub, ona görə də bu, yeni İnzibati Xətalar Məcəlləsinə daxil edilib. Bundan başqa, məişət səs-küyü ilə bağlı məsələ də İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Bu, insanların istirahət hüququnun qorunması məqsədilə edilib. Gecə saat 00:00-dan səhər saat 07:00-a qədər həyətlərdə, binalarda, binaların girişlərində yüksəkdən danışmaq, musiqi alətlərindən istifadə etmək və digər bu kimi məsələlər inzibati xəta sayılır. Bu məsələlər cəmiyyətdə daha öncədən inzibati xəta hesab olunurdu.

Sərxoş vəziyyətdə avtomobili idarə etməyə görə 300 manat cərimə edilirdisə, bu məbləğ 400 manat olacaq. Məsələni cəmiyyətə "cərimələr bir neçə dəfə artırılıb" kimi təqdim edəndə çaşqınlıq yaranır, yanlış anlayırlar. Hamı bilməlidir ki, avtomobili sərxoş vəziyyətdə idarə etmək olmaz. Hətta düşünürəm, tətbiq olunan cərimənin məbləği azdır".

R.Cəbrayılov əlavə edib ki, Azərbaycanın yollarında insan ölümləri digər ölkələrə nisbətdə daha çoxdur: «Baxın, Azərbaycan qədər əhalisi olan İsveçdə avtomobil qəzalarının iki faizi ölümlə nəticələnir. Yəni, 100 avtoqəzanın cəmi ikisində adam ölür. Avstriyada bu rəqəm 2,7, Avropada 4, Türkiyədə 5, Azərbaycanda isə 33-36-dir. Bu, o deməkdir ki, 100 avtoqəzada 33-36 nəfər adam ölür, yəni, hər 3 qəzadan birində adam həlak olur. Həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb. Məsələn, il ərzində Azərbaycan yollarında 1100-dən 1200-ə qədər adam ölür. Nəzərə alsaq ki, xəsarət alanların sayı ölənlərin 3 misli qədər olur, deməli, 3500-dən artıq insan da bədən xəsarəti alır. Azərbaycandakı avtoqəzalarla bağlı statistikaya baxanda adama elə gəlir ki, yollarda müharibə gedir. Heç Dağlıq Qarabağda aktiv döyüş əməliyyatları gedən vaxtlarda il ərzində 1200 nəfər həlak olmayıb. Düzdür, qəzaların səbəbləri çoxdur, amma bu səbəblərdən biri də avtomobili sərxoş vəziyyətdə idarə etməkdir".

Deputat İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanmasının dövlət büdcəsinin doldurulması məqsədi güdməsi barədə iddialara da münasibət bildirib: "Bir az obyektiv olmaq lazımdır, 300 manatlıq cərimənin 400 manata qaldırılması büdcəni doldurmaq demək deyil axı. Dünyanın hər yerində büdcənin doldurulmasının əsas kanalı vergidir. Azərbaycanda elə fəaliyyət sahələri var ki, vergidən kənarda qalıblar. Məsələn, şou-biznes əhli vergidən kənardadır. Onların ödədikləri vergi toy biznesinə uyğun deyil. Şadlıq evlərinin ödədikləri vergi də gəlirlərinə uyğun deyil. Bundan başqa, yeni tikililərdəki obyektlərin icarəyə verilməsindən vergi daxil olmur. Yeni tikilmiş binalardakı obyektlərin, mənzillərin yarıdan çoxu icarədədir. Mənzil icarəsi geniş yayılmış fəaliyyət sahədir. Mağazada çalışan insan vergi verir, amma mağazanın sahibi icarə vergisi vermir. Bunları vergiyə cəlb etmək lazımdır. Büdcədə kəsir olanda birmənalı şəkildə heç kəs vergidən kənarda qalmamalıdır. Kiçik mağaza vergi verir, xalq artisti vermir, bu, necə ola bilər?! Özlərindən müştəbeh halda deyirlər ki, dövlət tədbirlərində pulsuz oxuyurlar. Bu, o demək deyil ki, onlar vergi verməməlidirlər. Cərimələrin artırılması ilə büdcə doldurula bilməz. Bu, absurd fikirdir. Dövlətin belə siyasəti ola bilməz".

Qeyd edək ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olan yeni İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, yeni İnzibati Xətalar Məcəlləsi dekabrın 29-da Milli Məclisdə plenar iclasda müzakirəyə çıxarılacaq. Yol hərəkəti qaydaları əleyhinə bir neçə cərimə növünün məbləği artırılacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh