“Sürücülər süni nəfəs verməyi bacarmalıdırlar”

Yol polisi 22 Dekabr 2015 11:29 Oxunub 1678
“Sürücülər süni nəfəs verməyi bacarmalıdırlar”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürücülər elə hesab etməməlidirlər ki, maşında "apteçka” qoymaqla məsuliyyətdən azad olunurlar"

"Bütün avtomobillərdə Xüsusi komplektləşdirilmiş dərman qutuları (apteçka) olmalıdır". Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sürücülərin hamısı maşınlarında "apteçka”ların içərisindəki dərman preparatlarının və tibbi lavazımatların istifadə müddətinə nəzarət etməlidir. "Sürücülər elə hesab etməməlidirlər ki, maşında "apteçka” qoymaqla məsuliyyətdən azad olunurlar. Bu düzgün deyil. Onlar özləri-özlərini aldatmamalıdırlar. Sürücülər dərman qutularının içərisindəki vasitələri tez-tez yeniləməlidirlər. Bu qutuların içərisində yod, pambıq, bint, "jqut”, qanaxmanı dayandırmaq üçün vasitələr, spirt, ağrıkəsici dərmanlar və digər vasitələr olmalıdır”, - deyə Vaqif Əsədov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, sürücülər dərman qutusunun içərisindəki vasitələrdən istifadə qaydalarını bilməlidir. Bundan əlavə, sürücü ilk yardım üçün lazım olanları da bilməlidir: "Hər hansı bir yol hərəkəti qəzası baş verərsə, sürücü xəsarət alanlara ilkin tibbi yardım göstərməyi bilməlidirlər. Bu özləri üçün yaxşıdır. Bilməlidirlər ki, qanaxmanın qarşısını almaq üçün ilkin nə etmək lazımdır. Sınıq yaranan zaman ilkin yardım göstərmək üçün hansı hərəkətlər etmək lazımdır. Sürücülər süni nəfəs verməyi bacarmalıdırlar”.

Qeyd edək ki, sürücülər avtomobillərdə Xüsusi komplektləşdirilmiş dərman qutuları (apteçka) olmadıqda İnzibati Xətalar Məcəlləsilə məsuliyyət daşıyırlar. Məcəllənin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalari əleyhinə olan inzibati xətaların 166-cı maddəsilə "apteçka”ların olmaması qanun pozuntusu sayılır.

 

Həmin maddəni təqdim edirik:

Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması

 

166.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə -üç manatdan beş manatadək miqdarda cərimə edilir.

 

166.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə - on manatdan on beş manatadək miqdarda cərimə edilir.

 

166.3. Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinәdәn, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə - vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ferrux 25 Dekabr 2015 23:38
lap tutaq ki aptechkam var. menim tibden bir zerre anlayishim yoxdu. men nece istifade ede bilerem belke kimese verdiyim derman eks tesir verer. dushunurem qanunda boshluq var.