"Başak İnam Sığorta" şirkəti vətəndaşda inamsızlıq yaratdı

Xəbərlər 4 İyul 2014 16:23 Oxunub 1871
"Başak İnam Sığorta" şirkəti vətəndaşda inamsızlıq yaratdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bayram Bayramov: «Sığorta ödənişinin verilməməsi üçün şirkət hər vasitədən istifadə edir»

 

 

Hikmət Allahverdi: «Sığorta müqaviləsində avtomobilin şəxsi minik məqsədləri üçün istifadə olunması göstərilib»

 

Azərbaycanda vətəndaşların sığortaya münasibətinin yaxşı olmadığı dəfələrlə vurğulanıb. Başqa məqsədlər üçün rahat pul xərcləyən insanlar əmlaklarını sığorta etdirməməsinə görə çox hallarda qınanılır. Amma vəziyyətin bu həddə çatmasında sığorta şirkətlərinin də rolu az deyil. Bir çox hallarda vətəndaşlar əmlaklarını sığortalatsa da, hadisə baş verəndə sığorta ödənişlərini ala bilmir. Bərdə rayon sakini Bayram Bayramov da onlardan biridir. Redaksiyamıza müraciət edən B.Bayramov yazır ki, aldığı «Mersedes-180» markalı avtomobili ötən ilin avqustunda «Başak İnam Sığorta Şirkəti» ASC-də sığorta etdirib: «Ötən ilin avqustunda bağlanılan «Bİ № 066533» saylı sığorta müqaviləsi 25 avqust 2015-ci ilədək qüvvədə olub. Bu il martın 29-da idarə etdiyim 09 BC 066 dövlət nömrə nişanlı avtomobilə Bakıya gedərkən Bakı-Qazax yolunun 212-ci kilometrliyində qəzaya uğradım. Həmin vaxt əraziyə çağırılan Dövlət Yol Polisi əməkdaşları tərəfindən hadisə yeri müayinə olundu və mən tibbi müayinədən keçirildim. Tibbi müayinənin nəticələrinə görə, heç bir sərxoşluq əlaməti aşkarlanmayıb və yalnız həyacanlı olduğum qeyd olunub. Həmin vaxt verdiyim izahatda Bakıya nə üçün getdiyim soruşulub. Mən isə bildirdim ki, adam aparırdım. İndi isə sığorta şirkəti avtomobildən taksi xidməti göstərmək üçün istifadə etdiyimi əsas gətirərək sığorta ödənişini verməkdən imtina edir. Baxmayaraq ki, mən taksi xidməti ilə məşğul olmamışam və taksi xidməti göstərməyimlə bağlı heç bir rəsmi sənəd yoxdur. Bərdə-Bakı xətti ilə taksi xidməti göstərən bütün avtomobillər Bərdə rayon Avtovağzalında qeydiyyatdadır və rəsmi qaydada vergi ödəyərək taksi xidməti göstərirlər. Mənim idarə etdiyim avtomobilin taksi xidməti ilə məşğul olmadığını həmin qurum da təsdiqləyir. Sığorta şirkəti isə hadisə zamanı verdiyim ilkin izahatı əsas götürərək sığorta ödənişini vermək istəmir. Halbuki sığorta ilə bağlı bütün rəsmi sənədlər mənə sığorta ödənişinin verilməsini zəruri edir. Avtomobilə dəyən zərərlə bağlı rəsmi sənədləri hazırlayaraq sığorta şirkətinə təqdim etmişik».

B.Bayramovun sözlərinə görə, sığorta ödənişinin verilməməsi üçün şirkət hər vasitədən istifadə edir: «Mən hadisə zamanı həddindən artıq həyacanlı idim. Buna görə də izahatda Bakıya sərnişin apardığımı qeyd etmişəm. Sonradan sığorta şirkətində öz işimlə bağlı Bakıya getdiyimi bildirdim. Amma mənə dedilər ki, ilkin izahatında nə yazmısansa, onu qeyd elə. Sən demə, bunlar mənim təcrübəsizliyimdən istifadə edib sığorta ödənişini verməmək üçün əsas hazırlayırmışlar. «Başak İnam Sığorta Şirkəti» rəsmi sənədləri bir tərəfə qoyub, sürücünün qəza zamanı affekt vəziyyətində verdiyi izahatı əsas götürür. Əgər sığorta hadisəsinin qiymətləndirilməsi üçün rəsmi sənədlər yox, mənim izahatım əsas sayılırsa, bu gün mən dediklərimi də nəzərə alsınlar».

Müraciətində Bayram Bayramov aidiyyəti orqanlardan onun pozulan hüquqlarının bərpasında köməklik göstərilməsini xahiş edir.

Məsələyə münasibət öyrənmək üçün «Başak İnam Sığorta Şirkəti» ilə əlaqə saxladıq. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin təmsilçisi Hikmət Allahverdi deyir ki, Bayram Bayramovun problemindən xəbərləri var: «Həmin avtomobilin sığorta müqaviləsində avtomobilin şəxsi minik məqsədləri üçün istifadə olunması göstərilib. Aparılan daxili araşdırma nəticəsində isə məlum olub ki, 09BC066 dövlət nömrə nişanlı avtomobil şəxsi minik məqsədi ilə istifadə edilməyib. Odur ki, vətəndaşa sığorta ödənişi verilməyib və bu barədə ona rəsmi məlumat verilib. Vətəndaş Maliyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə də şikayət edib və həmin şikayət əsasında şirkətimizə göndərilmiş sorğu da cavablandırılıb. Şirkətin verdiyi qərar haqsız olsaydı, nəzarətedici orqan ödənişin həyata keçirilməsi tələbini irəli sürərdi».

Sığorta ödənişinin verilməməsində sürücünün hadisə zamanı verdiyi ilkin izahatının əsas götürülməsinə gəldikdə H.Allahverdiyev deyir ki, məsələ hüquqşünas tərəfindən araşdırılaraq vətəndaşa cavab verilib: «Yəqin ki, sonradan həmin sürücüyə kimsə izah edib ki, izahatını həyəcanlı vəziyyətdə verdiyini desin. Onsuz da taksi fəaliyyəti ilə məşğul olanlardan çoxu rəsmi fəaliyyət göstərmir. Əgər sığorta ödənişinin verilməməsi ilə bağlı vətəndaşın etirazı varsa, məhkəməyə müraciət edə bilər». Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh