Yol polisinin vətəndaşla radar oyunu - FOTOLAR

Avtoxəbər 10 İyul 2014 01:20 Oxunub 11695
Yol polisinin vətəndaşla radar oyunu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP-dən Tural Rüstəmliyə «20 radarın var» desələr də, görüntüləri sürücüyə təqdim etmirlər

Bakı şəhəri, Xətai rayon sakini Tural Rüstəmli yol polisinin «radar oyunu» ilə bağlı Avtosfer.az saytına müraciət edib. O bildirir ki, bu yaxınlarda DYP əməkdaşı onu yolda saxlayaraq bildirib ki, çoxlu radarı var, gedib ödəməsə, maşına həbs veriləcək: «İyunun 29-da avtomobilimi idarə edərkən qayda pozuntusuna yol verdim. YPX əməkdaşı məni saxlayaraq sənədlərimi yoxladı, daha sonra qayda pozuntusu ilə bağlı protokol tərtib etdi. Lakin YPX əməkdaşı avtomobilimin dövlət qeydiyyat nişanını komputerdə yoxlamaq üçün yazanda 11 ədəd MMX (mərkəzi məlumat xidməti) olduğunu göstərdi və bu halda avtomobili idarə etməyimin qanunsuz olduğunu vurğuladı. Daha sonra xəbərdarlıq etdi və sənədlərimi qaytararaq Baş Dövlət Yol Polisi idarəsinə yaxınlaşmağımı söylədi. Bundan 2 gün sonra - 1 iyul tarixində qeyd olunan ünvana yaxınlaşdım. Polis mayorunun qəbulunda oldum və daha geniş məlumat almaq istədim. Bu dəfə isə polis mayoru mənim 18 MMX-am olduğunu söylədi. O, mənə sadəcə həmən malumatı əks etdirən səhifəni print edib verdi. Maşın atamın adına olduğu üçün və son olaraq əvvəl atamın sürücüsü işləmiş Amil Qaziyevə etibarnamə verildiyi üçün protokolda da son MMX-lar adıçəkilən şəxsin adına yazılıb. Lakin avtomobili 13 yanvardan etibarən mütamadi olaraq özüm idarə edirəm və Amil Qaziyev mən sürdüyüm dönəmdə həmin avtomobili idarə etməyib. Bu baxımdan, polis mayorunun da dediyi kimi, həmin MMX-lar Amil Qaziyevin qeydiyyatda olduğu ünvana göndərilməli idi. Lakin 18 MMX-nın heç biri barədə məktub göndilməyib və məlumat verilməyib. Bunu dəqiqləşdirəndən sonra 3 iyul tarixində bir daha Baş Dövlət Yol Polisi İdarəsinə yaxınlaşdım. Bu dəfə başqa bir polis mayoruna yaxınlaşdım və mənə məktub göndərilmədiyini dedim. Əvəzində isə «heç nə olmaz, gələrsən, burada razılaşıb həll edərik» dedi və mənə 18 yox, 20 MMX olduğunu dedi. Daha sonra həmin polis mayorundan bütün MMX-larımı əks etdirən rəsmi sənədləri, qayda pozuntularım varsa, onların kameralar tərəfindən çəkildiyi fotoşəkilləri tələb etdim. Məndən fotoşəkillərin nəyimə lazım olduğunu soruşdu. Mən də bu məsələyə hüquqi tərəfdən yanaşacağımı dedim. Bu zaman polis mayoru sakit tərzdə qeydiyyatda olduğum rayonun DYP şöbəsinə yaxınlaşmağımı və orada bütün bu materialların mənə təqdim olunacağını dedi. Nəhayət, 4 iyul tarixində qeydiyyatda olduğum Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinə yaxınlaşdım. Polis kapitanı Fərid Əhədovun qəbulunda oldum. Ona məsələni danışdım və materialları istədim. İlk öncə o da materialların mənim nəyimə lazım olduğunu soruşdu, mən isə cavabında araşdırma aparacağımı dedikdən sonra razılaşdı. Sonra polis kapitanı materialları çap etməyə başladı, son 3 radara düşdüyüm fotoşəkili çıxardı, ondan sonra növbəti 2 sənəddə yalnız yazılı sənəd çap olundu, fotoşəkil yox idi. Bundan sonra o, materialları çap etməkdən imtina etdi, qalan materialları təqdim etməkdən yayındı və mənə "Get, maşın atanın adınadı, o gəlsin, həll edərik» dedi. Mən israr etsəm də, «qapıda gözləyənlər var» deyib məndən otağı tərk etməyimi istədi».

Tural Rüstəmli bildirir ki, sənəddə göründüyü kimi, 20 MMX-nın sadəcə 6-sı son 2 ayda qeydə aınanlardır: «Qanunda da deyilir ki, qayda pozuntusu baş verdikdə bu haqda 2 ay ərzində həmən şəxsin ünvanına məktub göndərilməzsə o MMX qüvvədən düşür. Amma biz görürük ki, bu sənəddə 2011, 2013 və 2014-cü ilin ilk yarısında qeydə alınmış MMX-lar var və heç biri haqda da mənə məktub göndərilməyib.

Sonda bir şeyi də vurğulayım ki, may ayında avtomobili idarə edərkən piyada keçidində piyadanın yolu tam keçməsini gözləmədiyim üçün protokol tərtib olunub və həmən ayın 21-i mən bankda cərimimi ödəyərkən mənə orada deyildi ki, sizin heç bir borcunuz yoxdur. Bu qədər faktlar varkən polislərimizin vətəndaşların üzünə durması, qanundan kənara çıxaraq öz bildiklərini icra etmək istəmələri insanın səbr kasasını doldurur. Ümid edirəm ki, qeyd etdiyim məsələlər araşdırılacaq və qanuni yolla məsələ öz həllini tapacaq».

Tural Rüstəmlinin müraciəti ilə bağlı Avtosfer.az saytı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət edib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən, xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan qayda pozuntuları törədildiyi gündən 2 gün müddətində protokollaşdırılaraq poçtla vətəndaşa göndərilməlidir. Protokola müvafiq qayda pozuntusunu əks etdirən fotoşəkil də əlavə olunmalıdır. Əgər hər hər hansı səbəbdən bu edilməyibsə, vətəndaş müraciət etdikdə, həmin materiallar dərhal ona təqdim edilməlidir: «Ümumiyyətlə isə xətanın törədildiyi gündən 2 aydan artıq vaxt keçmişdirsə və qanunla müəyyən olunan konkret əsasla icraat dayandırılmayıbsa, heç kəs məsuliyyətə cəlb olunaraq cərimələnə bilməz».

Məsələnin maraqlı tərəfi odur ki, DYP 20 MMX-dan danışır, amma ortaya yalnız 5-i çıxır, onun da 2-də fotoşəkil yoxdur. Bu, yəqin DYP-nin vətəndaşla zarafatıdır.

 

Seymur

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Fox 10 Noyabr 2014 22:55
COX SERREFSIZ BIR TAYFADI BU RADAR ISINE BAXANLAR ALLAHSIZLARDAN IBARET YIGMA SISTEMDI BU YPX!!!
Resul 10 Noyabr 2014 22:55
radari nece oyrenim