Astara yolunda mikroavtobus qəzası: ölən və yaralalanlar var

Gündəm 13 İyul 2014 15:47 Oxunub 1402
Astara yolunda mikroavtobus qəzası: ölən və yaralalanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Salyan rayonunda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib

Salyan rayonu, Ələt-Astara yolunun 84-cü km-də “Ford” markalı mikroavtobusla “BMW” markalı minik avtomobili toqquşub. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hər iki avtomobil deformasiyaya uğrayıb, “BMW” markalı minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 07:12-də başa çatıb.

APA-nın məlumatına görə, sözügedən qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, hadisə Ələt-Astara magistral yolunun 84-cü kilometrliyində Salyanın Şorsulu kəndi ərazisində qeydə alınıb. Salyan rayonunun Yolüstü kənd sakini, 49 yaşlı Rahil Qədir oğlu Ağarzayev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan BMW markalı minik maşını ilə qarşı qarşıya toqquşub. Nəticədə hər iki avtomobil ciddi zədələnərək yararsız hala düşüb. Hadisə zamanı mikroavtobusun sürücüsü Rahil və sürücünün avtomobildə olan qardaşları Ramil, Cəlal Ağarzayevlər, onların yaxın qohumları Rəşad Qara oğlu Ağarzayev, Zahir Əliqulu oğlu Ağarzayev və BMW-nin sürücüsü, Lənkəran sakini, 30 yaşlı Səid Payaz oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar hadisə yerinə gələn təcili yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin tibbi yardım göstərməsinə baxmayaraq, Ramil Ağarzayevi xilas etmək mümkün olmayıb. O, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh