DİQQƏT! Bəzi sürücülər elə bilir ki, DYP daha heç kəsi saxlaya bilməz…

Yazarlar 17 Aprel 2014 00:00 Oxunub 2805
DİQQƏT! Bəzi sürücülər elə bilir ki, DYP daha heç kəsi saxlaya bilməz…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni qaydalar DYP-nin sürücünü dayandırmasını qadağan etmir

Sürücülər, diqqətli olun. Yeni qaydalar DYP-nin sürücünü dayandırmasını qadağan etmir... Sürücülərin törətdiyi qayda pozuntularına görə məsuliyyətə cəlb etmə məsələsindəki yeniliklərlə bağlı izahat və rəylərimizi bölüşməyə çalışdıq. Amma son iki gündə bu yeniliklərdən birindən bəzi dostların yanlış nəticə çıxardığı nəzərimi cəlb etdi. İstərdim ki, bu yanlışlığa aydınlıq gətirim. Hörmətli sürücülər, yeni qüvvəyə minən qanun DYP əməkdaşlarına radar və ya kameralar vasitəsilə aşkar edilən qayda pozuntularına görə sürücüləri dayandıraraq bu cür xətalar barədə protokol tərtib etməyi qadağan edir. Xüsusi vurğulamaq istəyirəm ki, burada söhbət həmin hallarda sürücünun inzibati məsuliyyətə cəlb edilmsi üçün, protokol tərtib edilmsi üçün dayandırılmasının qadağan edilməsindən gedir. Bağqa sözlə, həmin qanun sürücünün dayandırılmasını ümumiyyətlə qadağan etmir.

Hazırda qüvvədə olan “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsinin 2-ci bəndi və “Yol-patrul xidməti haqqında” Təlimat nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu istənilən halda DYP əməkdaşına həmin nəqliyyat vasitəsini dayandırmaq səlahiyyəti verir. Sadəcə olaraq, əgər həmin qayda pozuntusu radar və ya kamera vasitəsilə aşkar edilmişdirsə, qanun DYP əməkdaşına yerində protokol tərtib etməyi qadağan edir. Hələ ki, qanun bu vəziyyətdədir. Şəxsən mən hesab edirəm ki, DYP-nin bu səlahiyyəti olduğu kimi qalmalıdır, çünki bu, yol hərəkəti təhlükəsizliyi üçün çox vacibdir və əslində sürücünün özünə də faydalıdır. Bunun faydası ondan ibarətdir ki, DYP əməkdaşı qaydanı pozan sürücünü saxlamaqla onu xəbərdar edir ki, filan qaydanı pozdunuz, diqqətli olun, yaxud bir də bunu etməyin və s. Amma həmin DYP əməkdaşı radar və ya kamera vasitəsilə qeydə alınan qayda pozuntusu barədə protokol tərtib edə bilməyəcək.

Ona görə də heç kəs, məsələn, radara düşdükdə onu dayandıran DYP əməkdaşına “məni niyə dayandırdınız” deyərək etiraz etməyə haqlı deyil. Amma bu halda DYP əməkdaşı protokol tərtib etmək istərsə, buna etiraz edə bilərsiniz, çünki qanun protokolun tərtib olunmasını qadağan edir.

Hörmətli sürücülər, ümumiyyətlə, DYP əməkdaşının sizə ünvanladığı dayanma barədə göstərişi hər bir halda icra etmək lazımdır. Çünki bəri başdan sizin niyə dayandırıldığınızın səbəbi bəlli deyil. Ola bilər ki, DYP əməkdaşı sızı hansısa təhlükə barədə məlumatlandırmaq üçün saxlamaq istəyir və s. Nəzərə alın ki, DYP əməkdaşının qanuna müvafiq qaydada verimiş dayanma barədə göstərişini icra etməmə İXM-in 151.3-cü maddəsinə əsasən sizə 80 manat cərimə və 4 cərimə balının tətbiqi ilə nəticələnəcək.

Həm də yadda saxlayın ki, hələlik sürət həddinin 10-20 km/saat həddində aşılmasına görə inzibati məsuliyyətə cəlb etmə köhnə qydada olduğu kimi qalır (yəni yerində və ya postda protokol tərtib olunması və buna əsaslar olduqda cərimə tətbiqi barədə qərar çıxarılması). Unutmayın ki, yalnız İXM-in 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar kamera və ya radar vasitəsilə aşkar edildikdə yeni qaydada sənədləşmə mümkündür. Bu sırada göstərilməyən qalan bütün qayda pozuntuları (kəmər taxmadan sürmə, işıq cihazlarından istifadə qaydalarını pozma, sərxoş vəziyyətdə sürmə, sürücülük vəsiqəsi olmadan sürmə, texniki baxışdan keçməmə, texniki nasazlığı olan nəqliyyat vasitəsini idarə etmə, dayanma-durma qaydalarını pozma və s.) yenə də köhnə qydada sənədləcdiriləcək.  Digər tərəfdən, kameralar vasitəsilə qeydə alınmayan, o cümlədən kameraların olmadığı yerlərdə qeydə alınan istənilən qayda pozuntusunun sənədləşdirilməsi də əvvəlki kimi qalır.

Hörmətli sürücülər, hər bir halda diqqətli olun, qaydaları yaxşı öyrənin və onlara riayət edin. Belə etsəniz, heç bir probleminiz olmayacaq.

 

Ərşad Hüseynov,

 

Yol hərəkəti üzrə ekspert, hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh