Radara düşmək istəməyən deputatın köməkçisi bu qəzada ölmüşdü - FOTO

Yazarlar 16 Aprel 2016 01:34 Oxunub 2725
Radara düşmək istəməyən deputatın köməkçisi bu qəzada ölmüşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fəzail Ağamalı xüsusi nömrə istəyir, cərimə ödəmək istəmir, amma bu cür qəzadan sonra da nəticə çıxarmır

Milli Məclisin dünənki iclasında millət vəkilləri Tahir Kərimli və Fəzail Ağamalı tədbirlərə gedərkən avtomobillərinin yol polisi tərəfindən müxtəlif vaxtlarda saxlanılmasından şikayətləniblər. F.Ağamalı deyib ki, Milli Məclisin iclasına tələsərkən də avtomobillərinin yol polisi tərəfindən saxlanılması halları olub. O bildirib ki, hətta yol polislərinə parlamentin iclasına tələsdiklərini deyərkən də bu, nəzərə alınmayıb: "Araşdırmışam, elə nömrələr var ki, saatda 200 km sürətlə gedərkən də həmin avtomobil saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin”.

Sədr Oqtay Əsədov isə qeyd edib ki, xüsusi nömrə məsələsi yoxdur: "Milli Məclisin iclasına gecikməmək üçün tələsərkən avtomobiliniz saxlanılıb cərimələnsəniz, o cəriməni mən verərəm. Ancaq hər kəs qanunun tələblərinə riayət etməlidir”.

Milli Məclisin iclasında millət vəkillərinin apardığı xüsusi nömrə müzakirəsinin absurd olduğunu deyən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı «Şərq»ə açıqlamasında ümumiyyətlə, qanunvericilikdə belə bir halın olmadığını bildirib: "Yalnız spikerin avomobilini Xüsusi Dövlət Mühafizə Xidməti müşayiət edir, çünki onlar operativ nəqliyyat vasitəsidir. Amma deputatların inzibati məsuliyyətdən azad olunması məsələsi qanunda yoxdur. Millət vəkilləri də hər bir vətəndaş kimi yol hərəkəti qaydalarını pozarkən məsuliyyətə cəlb olunur, yeni inzibati protokol tərtib edilir. Millət vəkilləri avtomobil idarə edən zaman qırmızı işıqda keçərsə yol polisi onu saxlayıb cərimə yaza bilər. Amma maşını cərimə meydançasına aparmaq və digər hallar yolverilməzdir. O cümlədən də, idarə etdikləri avtomobil radara düşdüyü halda cəriməni vaxtında ödəməlidirlər”.

E.Muradlının sözlərinə görə, operativ nəqliyyat vasitəsindən istifadə üçün mütləq Daxili İşlər Nazirliyindən icazə alınmalıdır: "Hər kəs qanun qarşısında eynidir. Kimsənin də kimsədən bir üstünlüyü yoxdur. Əslində, yol hərəkəti qaydaları kifayət qədər ciddi məsələ olduğu üçün statusundan asılı olmayaraq hər kəs müvafiq qaydalara əməl etməlidir. Millət vəkillərimiz məhz bu məsələni parlamentə qaldırıb, cərimələrdən yayınmaq məqsədi ilə xüsusi nömrə tələbləri məndə təəssüf doğurur. Səhv eləmirəmsə, elə bir il bundan əvvəl indi xüsusi nömrə tələb edən Fəzail Ağamalının köməkçisi ağır qəzaya düşərək həlak olub. Təbii ki, qəzanın baş verməsəbəbi sürücünün sürət həddini aşması ilə bağlı idi. Görünür, millət vəkili sürət həddini aşmağa və qayda pozmağa meyl edir. Bu isə qanunazidd olmaqla yanaşı, digər vətəndaşlar üçün də pis nümunədir”.

Qeyd edək ki, avqustun 8-də səhər saatlarında Ələt-Astara avtomobil yolunun Xıdırlı yolötürücüsü yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakıya qarpız aparan “QAZel” markalı yük avtomaşını ilə “Opel” markalı avtomaşının toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Nəticədə “Opel”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Biri uşaq, digəri qadın olmaqla iki sərnişini isə yaralı halda Ələt qəsəbəsindəki hospitala aparılıb. Morqdan verilən məlumata görə, qəzada ölən şəxs Salyan şəhər sakini, 1958-cü il təvəllüdlü Həsənov Həsənbala Həbib oğludur. H.Həsənov deputat Fəzail Ağamalının köməkçisidir.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Zahir 16 Aprel 2016 08:29
Utancverici bir hal hesab edirəm. Belə çıxır ki, bu millət vəkillərimiz nəqliyyat vasitəsini idarə edərkən qanunlara əməl olunmasının ancaq cərimələnməmək üçün lazım olduğunu düşünürlər.