Rayonlarda piyada və avtomobil körpüsü sel sularına davam gətirməyərək dağılıb

Gündəm 19 Aprel 2016 11:04 Oxunub 1315
Rayonlarda piyada və avtomobil körpüsü sel sularına davam gətirməyərək dağılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yağış çayların suyunun artmasına səbəb olub

İki gündür ölkəmizin şimal və cənubuna yağan güclü yağış  Quba və Lerik rayonlarında ciddi fəsadlar törədib. Avtosfer.az musavat-a istinadən bildirir ki, Lerikdə intensiv yağan  yağış dağ çaylarının məcradan çıxmasına və güclü daşqınlara səbəb olub. Sakinlərin sözlərinə görə, ani gələn sel suları əkin sahələrini məhv edib, xeyli sayda xırda və iri buynuzlu mal-qaranı, ev quşlarını aparıb. Daha çox əkin sahələrinə təsir edib və sahələrdə qarşısına keçən hər şeyi yuyub aparıb. Məlumata görə, bu, Lerikdə son 10 il ərzində yağan ən güclü yağış olub. Rayonun yuxarı dağ kəndlərində onlarla piyada və avtomobil körpüsü sel sularına davam gətirməyərək dağılıb. Çayın məcrasına yaxın ərazidə yerləşən istirahət obyektlərinin əksəriyyəti seldən ziyan çəkib. Körpülər dağılıb, kottecləri su aparıb. Lerik rayon FHK-dan bildiriblər ki, intensiv yağışların səbəb olduğu selin yaratdığı fəsadların miqyası və sakinlərə dəyən zərər aparılan araşdırmalardan sonra bəlli olacaq. ANSTV-nin məlumatına görə, Qubada da yağış çayların suyunun artmasına səbəb olub. Dağlardan gələn güclü sel və ərazidə müşahidə olunan intensiv leysan yağışları Cağacuğ çayında suyun səviyyəsinin artmasına səbəb olub. "Çayda suyun səviyyəsinin artması yolun dağılmasına və bir qədər yuxarıda yerləşən kəndlərin - Yuxarı Xanəgah, Zıxır, Girdah kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin tamamilə kəsilməsinə səbəb olub.

Quba icra başçısının əmri ilə əraziyə texnika göndərildiyi deyilsə də, hələ ki ərazidə heç bir texnika görünmür. Rayon Fövqəladə Hallar Komissiyasından isə selin vurduğu fəsadın tezliklə aradan qaldırılacağı bildirilib", - deyə kanalın müxbiri məlumat verib.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, yağış sularından zamanında faydalansaq, sonradan problem yaşanmaz: "Yaz aylarında daşqın da ola bilər, sel də baş verər. Bu il qış Bakıda sərt keçməsə də, bölgələrdə lazım olsan səviyyədə oldu.  Sadəcə olaraq icra strukturları, yerli bələdiyyələr bu kimi hallara hazır olmalıdırlar. Yayda deyəcəklər ki, quraqlıq oldu və kənd təsərrüfatı məhsullarını yığa bilmədik. Halbuki hazırda bu kimi yağış sularını yığıb, yay vaxtı istifadə etmək lazımdır. Sel sularından faydalanmaq da olar, fəsadları ilə üz-üzə qalmaq da. Qış aylarında yağan yağışları anbarlaşdırmaq lazımdır. Hazırda bütün dünyada quraqlıq müşahidə olunur. Hesablamalara görə, Azərbaycanda da 2030-cu ildə içməli su qıtlığı olacaq. Sovet dövründə kiçik su anbarları tikirdilər ki, quraqlıq dövründə  ondan istifadə etsinlər. İndi isə bu kimi anbarlarda balıq yetişdirirlər. Kimlərsə balıq yetişdirirlər deyə, bütün millət kənd təsərrüfatı məhsullarından faydalana bilmir. Əgər kiçik su anbarları bərpa olunarsa nə su qıtlığı yaranar, nə də bu cür daşqınlar müşahidə olunar".

Ekspert bildirib ki, bu daşqınlar torpaqların eroziyası, sürüşmələrin artmasına səbəb olacaq: "Ancaq bunun qarşısını almaq lazımdır. Daşqının yaranmasına imkan vermək  lazım deyil. Müvafiq arxlar çəkilib, həmin sular su anbarlarına yönləndirilməlidir. Hazırda su anbarlarının yaradılması ilə məşğul olunur. Ölkədə 70-ə yaxın bu cür anbarın tikilməsi üçün sərmayələr ayrılır. Lakin diqqəti aran rayonlarına yönəltmək lazımdır. Bu rayonlarda yay aylarında su çatışmazlığı müşahidə olunur. Orada yay zamanı həm içməli, həm də suvarma baxımından su qıtlığı yaranır. Bax, bunun qarşısını alacaq tədbirlər görülməlidir". 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh