Qarabağ əlilləri və şəhid ailələinə 5750 maşın

Gündəm 20 Aprel 2016 02:57 Oxunub 1627
Qarabağ əlilləri və şəhid ailələinə 5750 maşın
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin övladlarının təhsili də diqətdən kənar qalmır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçən il və cari ilin ötən dövründə 385 nəfər, o cümlədən 180 nəfər Qarabağ müharibəsi əlili, 205 şəhid ailəsi yeni mənzillə təmin olunub. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ümumilikdə bu vaxta qədər 5336 nəfər əlil və şəhid ailəsinə mənzil verilib.  2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub. Həmçinin, Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. ƏƏSMN tərəfindən hələ 2014-cü ildə artıq həmin ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı başa çatdırılmaqla, 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təminatına başlanılıb. İndiyədək ölkədə dövlət tərəfindən 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilib ki, onların 33,6 faizi (1933 nəfər) məhz 2014-2015-ci illərdə “Naz-LİFAN” markalı avtomobillə təmin edilib. Bundan başqa, Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə ilə yanaşı,  Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Şəhid ailələrinə də Prezidentin aylıq təqaüdü ödənilir. Dövlət başçısının 16 yanvar 2016-cı il tarixli Fərmanı ilə həmin təqaüdlərin məbləği cari ilin fevralın 1-dən 10 faiz artırılıb.

Eyni zamanda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə aylıq sosial müavinət də ödənilir və bu müavinətin məbləği cari il fevralın 1-dən 10 faiz artırılıb. Yaşa görə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Digər tərəfdən, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də ödənilir.

Həmçinin Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin övladlarının təhsili də diqətdən kənar qalmır. Ölkə prezidentinin sərəncamına əsasən, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə başlanılıb.

Nazirlikdən bildirilir ki, ölkənin əmək qanunvericiliyində Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. Qeyd olunanlarla yanaşı, bu təbəqələrdən olan vətəndaşların dövlət hesabına bərpa-müalicəsinin və reabilitasiyasının təşkili, onların reabilitasiya vasitələri ilə təminatı istiqamətində də müvafiq tədbirlər həyata keçirilir. Ümumilikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində hər il 8 mindən çox əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilir ki, onlardan mühüm bir qismini də Qarabağ müharibəsi əlilləri təşkil edir. Bununla bərabər, onların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili də təmin edilir. Təkcə 2015-ci ildə əvvəlki illə müqayisədə 64,6 faiz çox, yəni 265 nəfər xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib ki, onlardan bir hissəsi də məhz Qarabağ müharibəsi əlilləri olub.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh