Polis forması geyinmək cinayətdirmi?

Qaydalar 27 Aprel 2016 16:20 Oxunub 5484
Polis forması geyinmək cinayətdirmi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mahmud Hacıyev: "Əgər bir əməli görmək istəyərkən, səndən asılı olmayan səbəblərə görə baş tutmursa..."

Dünən Şəkidə polis geyimində qadın saxlanılıb. Araşdırmalar zamanı onun hüquq mühafizə orqanlarında işləmədiyi məlum olub. Bəs görəsən, hüquq mühafizə orqanlarının geyimlərinin mülki vətəndaş tərəfindən istifadə olunması hansı cinayət məsuliyyətinə səbəb ola bilər. FaktXeber.com məsələ ilə əlaqədar Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyevdən münasibət öyrənib.

Sabiq polis rəisinin sözlərinə görə, hüquq mühafizə orqanlarında işləyəməyən mülki vətəndaşlar həmin geyimdən istifadə edə bilməz: "Ancaq belə əmələ praktikada, məhkəmə-istintaq tərübəsində rast gəlinmədiyi üçün cinayət və qeyri-cinayət məcəllələrində bu barədə düzünə göstəriş yoxdur. Hər şeyi məcəlləyə salıb qanuniləşdirmirlər ki…  Bununla belə, həmin geyimdən istifadə qanun pozuntusudur."

Hüquqşünas bildirdi ki, burda nəticə götürülür: "Cinayət hüququnda səbəbli əlaqə deyilən bir termin var. Onun əməli ilə nəticə arasında səbəbli əlaqə nədir? Həmin adam bu formanı geyinirsə, onun məqsədi nə olub, onun əməli ilə məqsədi arasında səbəbli əlaqə varmı və o nəticə baş veribmi? Əgər baş veribsə, bu fakta görə cinayət işi qaldırılır." 

Mahmud Hacıyev bu cür məsələlərdə ilkin olaraq mütləq qaydada həmin  şəxsin birbaşa psixi durumunun yoxlandığını vurğuladı: "Əgər heç bir psixi pozğunluğu olmasa, onda istintaq tərəfindən bunun məqsədi araşdırılır. Məlum olsa ki, filan işi görmək istəyib, ancaq baş tutmayıb, həmin maddə ilə iş qaldırılır. Çünki əgər bir əməli görmək istəyərkən, səndən asılı olmayan səbəblərə görə baş tutmursa, bu həmin əmələ sui-qəsddir. Yenə həmin maddə ilə cinayət işi qaldırılır, lakin istintaqda qeyd olunur ki, həmin faktın qarşısı alınıb."

Bəs vətəndaşlarımız bu məsələdən özlərini necə sığortalaya bilərlər? Ümumiyyətlə, polis geyimində bir şəxs ona yaxınlaşarkən, vətəndaşın hüququ nədir?

Ekspert bildirdi ki, əvvəla istər mülki formada olsun, istər formada polis vətəndaşa yaxınlaşarsa, özünü təqdim eləmək onun vəzifə borcudur: "Mülki geyimdə olarsa, vəsiqəsini təqdim edir. Bununla belə, vəsiqəni qarşıdakı şəxsə vermək qeyri-qanunidir, hüquq mühafizə orqanının əməkdaşı sənədini ancaq göstərə bilər. Formada olsa belə, özünü təqdim eləmək onun xidməti borcudur. Əgər vətəndaş inanmırsa, bu zaman da sənədini göstərə bilər." 

Xatırladaq ki, dünən Şəki rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində polis baş leytenantı geyimində bir qadını şübhəli şəxs qismində saxlayıblar. Bakı şəhər sakini olan, 1998-ci il təvəllüdlü Sahilə İbrahimxəlil qızı Əfəndiyevanın polis geyimindən hansı məqsədlə istifadə etdiyi araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh