Ermənilərin təxribatı ilə bağlı cinayət işi başlandı - Baş Prokurorluq

Gündəm 28 Aprel 2016 23:24 Oxunub 1161
Ermənilərin təxribatı ilə bağlı cinayət işi başlandı - Baş Prokurorluq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, istintaq aparılır

Ermənistanın təxribatçı əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, istintaq aparılır. Avtosfer.az-a daxil olan məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub. Belə ki, Ermənistan Silahlı Qüvvələri aprelin 27-28-də Azərbaycanın işğal olunmuş ərazilərindən Ağdam və Tərtər rayonlarının ərazilərini iri çaplı silahlardan və ağır artilleriya qurğularından atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə təxribat törədiblər. Nəticədə Ağdam rayonunun Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu mərminin yanında partlaması nəticəsində qətlə yetirilmiş, həmin kəndin, həmçinin Ağdam rayonunun Qaradağlı və Əfətli kəndlərinin 6 sakini qəlpə xəsarətləri alaraq yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Qeyd edilən yaşayış məntəqələrində, eləcə də Tərtər rayonunun Qapanlı, Həsənqaya, Qazyan və Qaynaq kəndlərində onlarla ev, orta məktəb və digər sosial obyektlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəyib. Həmin faktlarla bağlı Ağdam və Tərtər rayon prokurorluqlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, istintaq aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh