Maşınında diri-diri yandırılan oğlanla bağlı YENİ XƏBƏR

Gündəm 17 May 2016 12:00 Oxunub 2315
Maşınında diri-diri yandırılan oğlanla bağlı YENİ XƏBƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən şəxslərin axtarışları davam etdirilir

Mayın 8-nə keçən gecə Bərdə rayonunun Piyadalar kəndinin qəbiristanlığında naməlum şəxslər tərəfindən döyülərək özünə məxsus "VAZ 2107" markalı avtomobildə yandırılan 24 yaşlı Salman Bayramov xəstəxanada ölüb. Avtosfer.az xəbər verir ki, bu barədə lent.az-ın əldə etdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq ağır xəsarətlər almış gəncin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsinin bir neçə bəndi və 186-cı maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxslərin axtarışları davam etdirilir.

Dəhşətli qətl hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparacaq.

 

 

*****

  

10 may

 

Mayın 8-nə keçən gecə Bərdə rayonunun Piyadalar kəndində törədilmiş dəhşətli hadisə ilə bağlı cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, bu barədə lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, kənd qəbiristanlığında 24 yaşlı Salman Bayramovun vəhşicəsinə döyüldükdən sonra öz avtomobilində yandırılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bildirilir ki, S.Bayramovun vəziyyəti kritik olaraq qalır və o, komadadır. Kəllə sümüyündə çoxsaylı qırıqlar olduğundan sümük parçaları onun başından çıxarılıb. Həmçinin yanıq və digər xəsarətlər onun vəziyyətini ağırlaşdırır.

Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparılır.

24 yaşlı gəncin hansı səbəbdən belə bir cinayətlə üzləşməsi hələlik tam məlum deyil və müxtəlif versiyalar üzərində iş aparılır.

 

 

*****

 

8 may

 

 

Mayın 7-dən 8-ə keçən gecə Bərdədə 24 yaşlı oğlanı yandıraraq öldürmək istəyiblər.

Hadisə rayonun Piyadalar kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü Bayramov Salman Tahir oğlu kəndin qəbiristanlığına yaxın sahədə tanımadığı insanlar tərəfindən döyülüb. S. Bayramov daha sonra öz avtomobilinə qoyulub, avtomobil benzin tökülərək yandırılıb. Kənddən bir nəfər atlı qəbiristanlığa çatanda sahədə avtomobilin yandığını görüb, inilti səsini eşidib. O, S.Bayramovu maşından çıxaraq təcili tibbi yardım maşınının köməkliyilə xəstəxanaya çatdırıb. S.Bayramovun vəziyyəti ağırdır.

İlkin versiya odur ki,  S.Bayramovun  mal bazarında  mal-qara satdığını və üzərində 3-4 min manat pul olduğunu bilən şəxslər qarət məqsədi ilə bu hadisəni törədiblər. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh