“20 Yanvar”dakı taksi problemi 1 günə həll olundu - FOTO+VİDEO

Avtoreyd 24 May 2016 15:55 Oxunub 7345
“20 Yanvar”dakı taksi problemi 1 günə həll olundu - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əmrə tabe olmayan şəxslər barədə cərimə protokolu yazılır

Avtosfer.az xəbər verir ki, dünən “qafqazinfo” saytında “20 Yanvar” metrostansiyasının çıxışında taksilərin və sərnişin avtobuslarının qanunsuz fəaliyyəti barədə məqalə yayımlanmışdı. Sakinlər redaksiyaya müraciət edərək həmin ərazidə vəziyyətin biabırçı həddə olduğunu bildirmişdilər. Söhbət həmin ünvandakı taksi şoferlərinin özbaşınalıqlarından, sərnişinləri məcburən taksiyə minməyə məcbur etməyindən gedirdi. Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz. Bu gün şikayətçilər yenidən redaksiya ilə əlaqə saxlayaraq əməkdaşlarımızı hadisə yerinə dəvət ediblər.

Məlum olub ki, problem işıqlandırıldıqdan sonra aidiyyəti qurumlar dərhal ölçü götürməyə başlayıblar. Stansiyanın ətrafına Daxili İşlər Nazirliyinin işçiləri cəlb olunub. Onlar metronun çıxışında dayanma-durma qaydalarını pozan sürücüləri dərhal ərazidən uzaqlaşdırır, əmrə tabe olmayan şəxslər barədə cərimə protokolu yazılır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ barədə İdarə rəhbərliyi tərəfindən tapşırıq verilib: “Sizin yayımladığınız informasiya barədə mənim tərəfimdən dərhal rəhbərliyə məruzə olundu. Bundan sonra ərazidə nizam-intizamın təmin olunması barədə tədbirlər planı qəbul edildi. Hazırda mən də daxil olmaqla, nazirliyin bir neçə strukturunun əməkdaşları ərazidədir. Yol polisi və Post Patrul Xidmətinin birlikdə 50-yə yaxın əməkdaşı xidmət aparır. “20 Yanvar” dairəsindən “Şamaxinka” kimi tanınan əraziyə kimi hər 100 metrdən bir yol polisi əməkdaşı dayanıb. Biz mütəmadi olaraq bu ərazidə dayanma-durma qaydalarını pozan sürücülər barədə tədbir görürük. Onu deyim ki, bu gün 2 saat ərzində sürücülər barəsində 320 protokol tərtib olunub. Eyni xətanı 3-cü dəfə törədən 4 sürücü var ki, onlar İnzibati Xəta məsuliyyətinə cəlb olunub. Çörək pulu qazanmaq üçün başqalarının yolunu kəsmək heç kəsə bəraət vermir. Çalışacağıq burada vəziyyət həmişə belə olsun. Amma bunun üçün insanların da şüurunda dəyişiklik olmalıdır”.

Qeyd edək ki, artıq ənənəvi olaraq ərazidə dayan və qanunsuz sərnişin daşıma ilə məşğul olan “Ford” və “Hyundai” markalı avtomobillər oradan tamamilə uzaqlaşdırılıb. Taksi fəaliyyəti ilə məşğul olan minik avtomobillərinin isə dayanmasına yol polisi və Post Patrul əməkdaşları tərəfindən icazə verilmir.

 

“20 Yanvar” dünən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh