Qırıq xətləri düz xəttə kimlər çevirir? – DYP-dən açıqlama

Xəbərlər 27 May 2016 16:16 Oxunub 6261
Qırıq xətləri düz xəttə kimlər çevirir? – DYP-dən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş Dövlət Yol Polisi İdarəsi məsələnin gələn həftə həll olunacağını deyir

Son günlər Bakıda və respublikanın müxtəlif yollarında qırıq-qırıq xətlərin düz xətlə əvəz olunması barədə məlumatlar alırıq. Avtosfer.az-a ötən həftə İsmayıllı rayonundan bir nəfər müraciət edərək bildirdi ki, Muğanlı yolunda 2 yerdə qırıq-qırıq xətt var idi. Bu da sürücülərin ötmə əməliyyatı aparmasına imkan yaradırdı. Lakin bir aydan çoxdur həmin yerlər düz xətlə əvəz olunub və ötmə əməliyyatı aparmağğa icazə verilmir. Ötən həftə isə Avtosfer.az-a Əhəd Məmmədov tərəfindən müraciət daxil olub. O bildirir ki, illərdir Masazırdan keçən Sumqayıt-Novxanı istiqamətindəki 4 km-lik yolda döngələrdə qırıq xətlər var idi: "Hər kəs işini bilib lazım olan döngədən dönə bilir və yaxud, geri qayıda bilirdi. Bir neçə gün bundan öncə Masazır qəsəbəsinin çıxışındakı ticarət mərkəzindən həmişəki kimi geri qayıtmaq istəyəndə gördüm ki, qırıq xətt artıq yox imiş. Düşündüm ki, irəlidən dönərəm, problem olmaz, yəqin bura çox təhlükəli yerdir (alış-veriş səbəbilə maşın və piyada sıxlığına görə). Bu gün isə çıxışda xətti keçməmək üçün sağa dönüb ilk qırıq xəttə qədər getməyə qərar verdim. Lakin sol (sürətli) zolağı tutaraq və dönmə işıqlarını yandıraraq yaxınlıqda olduğunu bildiyim döngəni uzun müddət axtarırdım. Təxminən 3 km uzaqda quraşdırılmış radara qədər yox idi, ilk qırıq xətti gördüyümdə isə dayana və dönə bilmədim. Sürət həddi də 90 olduğu üçün yavaş da getmək olmurdu, arxadan maşınlar da sürətli gəlirdi. Sən demə, Masazırdan Novxanıya qədər bütün döngələrdəki qırıq xətləri birləşdirib, yalnız radardan öncə və sonra qırıq xətt qoyublar ki, orada da heç döngə-dönəcək də yoxdur... Və nəticə etibarilə geri dönmək üçün Novxanı yoluna qədər 4 km yol gedib, 4 km də geri dönməli oldum. Deməli, Masazır qəsəbəsinin çıxışındakı yanacaqdoldurma məntəqəsindən bir addım irəli keçdinsə, yalnız 8 km gedib-gələrək dönə bilərsiniz. Bu nə qədər düzgündür? Bunu edənlər nə düşünüblər görəsən? Kimə şikayət edəsən axı? Hara yazaq? DYP, yoxsa İcra Hakimiyyəti?".

Avtosfer.az bu sualları Baş Dövlət Yol Polisi İdarəsinə yönləndirib. İdarənin höbə rəisi, polkovnik Kamran Əliyev suallara cavabında bildirib ki, ola bilsin, həmin ərazilərdə qırıq-qırıq xətlərin olması başqa problemlər yaradırmış: "Lakin biz məsələni araşdırdıq. Məlum oldu ki, həmin ərazidə qırıq xətlər bərpa olunacaq. Çox güman ki, gələn həftə bu məsələ həllini tapacaq".

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh