İstirahət adı ilə son mənzilə aparan avtobuslar...

Gündəm 31 May 2016 11:00 Oxunub 1073
İstirahət adı ilə son mənzilə aparan avtobuslar...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu fəaliyyətin adı qeyri-müntəzəm sərnişindaşıma kimi təsnif olunur"

Xızı rayonunda baş verən, 2 nəfərin ölümü, 18 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası nəqliyyat sisteminin növbəti bir problemini ortaya çıxartdı. Bu isə avtovağzal ərazisində özfəaliyyətlə məşğul olan, harada gəldi, necə gəldi sərnişin yığıb bölgələrə daşıyan mikroavtobus sürücülərinin fəaliyyəti ilə bağlıdır. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki,

müstəqil şəkildə işləyən bu mikroavtobusların fəaliyyəti demək olar ki, tənzimlənmir. Həmin sürücülərin toplu sərnişindaşıma üçün tələb olunan normalara cavab verib- verməməsinə, sürücülük bacarıqlarına, sağlamlıq durumlarına, alkoqol və ya narkotik asılılıqlarının olub-olmamasına, avtobusların texniki-təhlükəsizlik göstəricilərinə nəzarət olunmur. 

Məhz bu kimi hallar da vaxtaşırı çoxsaylı ölümlə nəticələnən qəzaların baş verməsinə yol açır. Məlum olduğu kimi, turizm mövsümünün başlaması ilə əlaqədar bölgələrə üz tutanların sayı artıb. Adətən qrup halında səfər edən turistlər daha çox bu cür mikroavtobusları kirayələməyə üstünlük verirlər. İstiqamət isə əsasən dağlıq rayonlar, çətin keçilən yolları olan istirahət məkanlarınadır.

Bəs görəsən, həmin mikroavtobusların təhlükəsizlik məsələsi necə təmin olunmalıdır? 

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov müntəzəm sərnişindaşıma ilə məşğul olan sürücülərə nəzarətin gücləndirilməsinin vacibliyini vurğuladı: “Bu fəaliyyətin adı qeyri-müntəzəm sərnişindaşıma kimi təsnif olunur. Qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şəxslər fiziki cəhətdən tam sağlam olmalı, sürücülərdən tələb olunan bütün tələblər onlara da şamil olunmalı, ”D" kateqoriyalı sürücülük vəsiqələri olmalıdır, sağlamlıq baxımından heç bir problemlərinin olmaması ilə bağlı vaxtaşırı müayinələrdən keçməlidirlər. Ancaq indiki qanunvericiliyə görə, qeyri-müntəzəm sərnişin daşımalar müqavilə əsasında həyata keçirilir. Təcrübədə isə belədir ki, bu müqavilələr şifahi sövdələşmələr əsasında aparılır. Şifahi sövdələşmələr zamanı isə sifarişçilər belə xırdalıqlara fikir vermirlər. Sadəcə olaraq, orada hər şey sürücünün məsuliyyətinə qalır. Sərnişinlər diqqətli olmalıdır ki, görək bizim sürücümüz kimdir, bizi necə aparacaq? Belə məsələlərdə qanunda müəyyən boşluqlar var ki, onları aradan qaldırmaq lazımdır".

Ekspert bildirdi ki, qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslara nəzarət eləmək bir qədər çətindir və bu mənada əsas məsuliyyət tərəflərin üzərinə düşür: “İnsanlar diqqətli olmalıdırlar ki, bizi kim, hara aparır, nəqliyyat vasitəsinin vəziyyəti necədir? Sürücü də məsuliyyət daşımalıdır, o mənada ki, sabah o sərnişinlərdən birinin burnu qanasa, sürücünün yaxasından yapışacaqlar, onu cinayət məsuliyyətinə cəlb edəcəklər. Bu məsələyə, əsasən Dövlət Yol Polisi nəzarət etməlidir. Çünki əsas səlahiyyətlər onlardadır. Ancaq Nəqliyyat Nazirliyinin üzərinə düşən məsələlər də var”. 

DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirdi ki, bu məsələdə əsas məsuliyyəti həmin mikroavtobusların fəaliyyətini təşkil edən şirkət və ya təşkilat daşıyır: “Biz indi onlarla bağlı müraciət də hazırlayacağıq. Ancaq konkret olaraq, qeyri-müntəzəm şəkildə fəaliyyət göstərən mikroavtobuslarda, o nəqliyyat vasitələrinin getdiyi ərazinin relyefinə uyğun olub-olmaması, həmin məkanın təhlükəsizlik tələblərinə cavab verib-verməməsi, o səyahəti təşkil edən təşkilatlar tərəfindən nəzərə alınmalıdır. Çünki ictimai nəqliyyat vasitələri əsas etibarilə magistral yollarda, yaşayış məntəqələri ətrafında xidmət aparır. Ancaq həmin avtobuslar yaşayış məntəqəsindən kənarda idarə olunur. Dağlıq bir ərazidə sürücünün hansı səbəbdən qəza törətməsi ilə bağlı hazırda istintaq gedir. Ancaq istintaqın nəticələrində də müəyyən olunacaq ki, qəzanın baş verməsinin səbəbi nə olub. Amma ümumilikdə istər marşrut avtobuslarına, istər digər avtobuslara yolun hərəkət hissəsində olarkən Dövlət Yol Polisi tərəfindən nəzarət olunur və təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı tərəfimizdən müəyyən tədbirlər görülür”. 

Məsələyə Nəqliyyat Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov zənglərimizə cavab vermədi. 

Problem isə açıq olaraq qalır. Hər gün Bakı avtovağzalının ətrafında dayanan, müştəri ovuna çıxan, sürücüsünün “kimliyi” bilinməyən onlarla mikroavtobus sonu görünməyən yola çıxır...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh