Gülməli protokolun səsi "ASAN xidmət" və Rabitə Nazirliyindən gəldi – YENİLƏNİB - FOTO

Yazarlar 23 İyun 2016 17:00 Oxunub 8860
Gülməli protokolun səsi "ASAN xidmət" və Rabitə Nazirliyindən gəldi – YENİLƏNİB - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin yazdığı normal protokol Asanpay.az saytında kobud səhvlərlə təqdim olunub

Avtosfer.az saytında "Dünaynın ən gülməli protokolu Azərbaycanda yazıldı" başlıqlı yazı ilə bağlı ciddi rezonans doğurub. Bu gün barəsində protokol yazılan Bakı şəhər sakini Sabir Əhmədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunub. Avtosfer.az-ın əməkdaşının da iştirak etdiyi görüşdə məsələ araşdırılıb. Məlum olub ki, yol polisi əməkdaşının sürücüyə yazdığı və DYP-nin Mərkəzi Məlumat Sistemində yerləşdirilmiş inzibati protokol normal şəkildədir və heç bir səhvə yol verilməyib. Bunu sürücü Sabir Əhmədov da etiraf edərək bildirib ki, DYP-nin tərtib etdiyi protokoldan heç bir narazılığı yoxdur: "Lakin mənim Asanpay.az saytındakı "elektron kabinet"imdə yerləşdirilən protokoldu çox ciddi qüsurlara yol verilib".

Asanpay.az-dakı protokolda qeyd olunur ki, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması maddəsinə əsasən, 60 manat və 3 bal cərimə olunub. Lakin protokolda xeyli səhv var. Onlardan ən gülməlisi budur ki, xətanı qeydə alan xüsusi texniki vasitənin, yəni kameranın 1970-ci ildə yoxlamadan keçdiyi və növbəti dəfə yenə də 1970-ci ilin eyni ayının eyni günündə yoxlamadan keçəcəyi qeyd olunub. Bu da sürücüdə həmin texniki vasitənin etibarlı olub-olmamasına dair şübhə yaradır və vətəndaş haqlı olaraq bu protokolu gülüş obyektinə çevirir.

Protokolu olduğu kimi təqdim edirik:

İNZİBATİ XƏTA HAQQINDA PROTOKOL

SERİYA: IXP324431

Tətbiq edildiyi tarix və yer: 16.06.2016 – Z.Bunyadov pr Ə.Əliyev kuc.

Bu protokol tərtib edildi ona görə ki, istifadəçisi Baki ş Suraxani r-nu Y Günəşli Q M-V D EV 17 M 86 ünvanında qeydiyyata alınmış Əhmədov Sabir Ağəhməd olan Opel Vectra Minik markalı 90 KR 471 dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən 16.06.2016 tarixdə 11:52 "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 327.2. - əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması maddəsinin tələbini pozmuşdur.

Qanun pozuntusu Z.Bunyadov pr Ə.Əliyev kuc yerləşən yoxlamadan keçməsinə dair şəhadətnamə nömrəsi __________ olan, son dəfə dövlət yoxlamasından  01.01.1970 tarixdə keçmiş, növbəti yoxlamanın keçirilməli olduğu  01.01.1970  olan ____?___ markalı, __________ model __________xüsusi texniki vasitə ilə aşkar olunmuşdur.

Törədilmiş xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsi ilə manat məbləğində cərimə nəzərdə tutulur. Cərimə protocol nömrəsi əsasında poçt, bank və ya internet vasitəsilə ödənilə bilər.

İnzibati xəta haqqında protocol barədə rəsmi məlumat aldığınız 10 gün müddətində ərazi aidiyyatı üzrə İnzibati xətanınt örədilməsi zamanı nəqliyyat vasitəsindən digər şəxsin şahidliyində və ya istifadəsində olduğu, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində şahidliyinizdən çıxmasına dair vəsatət verə bilərsiniz. Vəsatətdə həmin vaxt nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi göstərilə bilər.

Yeri gəlmişkən, bu protokolda bir neçə səhv var. Birincisi odur ki, qrammatik cəhətdən xeyli səhv var və hətta şablon cümlələr də yerində işlədilmir. Daha sonra qeyd olunur ki, vətəndaş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 327.2-ci maddəsinin tələbini pozub. Hansı ki, həmin qanunda belə bir maddə yoxdur və həmin qanun təxminən 87 maddədən ibarətdir. Əslində isə daha sonra qeyd olunur ki, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozub. Xüsusi texnikanan vasitənin yoxlamadan keçməsinə dair şəhadətnamənin nömrəsi yox, yoxlamadan keçmə tarixi 01.01.1970, növbəti yoxlamadan keçmə tarixi də 01.01.1970-ci il göstərilib. Eyni zamanda, həmin kameranın modeli və markası da göstərilmir. Üstəlik, protokolda cərimə məbləği qeyd olunmur.

Lakin sadalanan bu qüsuarların heç bir DYP-nin tərtib etdiyi protokolunda yoxdur. Nümunə üçün həmin protokolun fotosunu da təqdim edirik.

Avtosfer.az-ın apardığı araşdırmalardan belə məlum oldu ki, DYP-nin Mərkəzi Məlumat Sisteminə yerləşdirilən protokollar dərhal "ASAN xidmət"in sisteminə inteqrasiya olunur. Burada isə protokolu tamam başqa formada sürücünün "elektron kabinet"inə daxil edirlər. Burada isə ciddi səhvlərə yol verilir. Təəssüflə bildiririk ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırladığı bu sistemdə bu cür səhvlər var və sürücülər bundan narazılıq edirlər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Nazirlikdən Avtosfer.az-a daxil olan açıqlamada bildirilir: «Bu gün ölkənin bir sıra kütləvi informasiya vasitələrində www.asanpay.az saytında Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş inzibati protokolla bağlı məlumat yayımlanıb. Yazıda bildirilir ki, tərtib olunan protokolda baş vermiş nöqsanlara görə cavabdeh qurumlardan biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Məlumat üçün bildirik ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu internet resursun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur».

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh