Bakıda tutulan "sərxoş sürücü" yol polisinə qalib gəldi - NÜMUNƏ

Xəbərlər 30 İyun 2016 16:32 Oxunub 32359
Bakıda tutulan "sərxoş sürücü" yol polisinə qalib gəldi - NÜMUNƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə Cəfərov Ramiz Cəfər oğlunun şikayəti təmin edilib və yol polisinin qərarı ləğv edilib

Bir müddət əvvəl avtomobili ayıq sürücü xidməti tərəfindən yaşadığı evin qapısınadək gətirilsə də, yol polisi tərəfindən cərimə meydançasına aparılan paytaxt sakini Ramiz Cəfərov Bakı şəhər Dövlət Yol Polisini məhkəmədə udub. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən iclasda Cəfərov Ramiz Cəfər oğlunun şikayəti təmin edilib və yol polisinin qərarı ləğv edilib. Həmçinin inzibati xəta tərkibi olmadığından başlanmış icraata xitam verilib. Bundan başqa Ramiz Cəfərovun Bakı şəhər Baş Polis İdarəsinə etdiyi müraciətə də baxılıb. İdarənin Daxili Təhqiqatlar Şöbəsinin rəisi Əziz Hidayevin imzası ilə R.Cəfərova ünvanlanmış məktubda bildirilib ki, Yol Patrul Xidməti Alayının Yol Patrul Xidmətinin inspektorları Rasim Əliyev və Toğrul Həsənəliyev tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə müraciətə Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən baxılıb. Martın 5-də R.Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə əsassız protokol tərtib etdiyinə görə Rasim Əliyevə ciddi xəbərdarlıq olunub və protokolun ləğv edilməsi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə həvalə edilib.

Eyni zamanda Ramiz Cəfərovun prokurorluğa etdiyi şikayətə də baxılıb. Sabunçu rayon prokurorunun böyük köməkçisi Əsvər Cəfərovun icraatında baxılmış məsələ ilə bağlı qərar verilib ki, adları yuxarıda qeyd edilən yol polisi inspektorları ilə bağlı intizam icraatı başladılsın.

Ramiz Cəfərov bildirib ki, qərar iyunun 14-də qüvvəyə minsə və yol polisi qərardan hər hansı apelyasiya şikayəti verməsə də, ona məxsus olan 90 AM 409 nömrə nişanlı “Ford Escape” markalı avtomobilə qeyri-qanuni yazılmış cərimə sistemdən çıxarılmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhər Sabunçu rayon Birinci Zabrat qəsəbə sakini Ramiz Cəfərov avtomobilinin yol polisi tərəfindən qeyri-qanuni şəkildə cərimə meydançasına aparılması və özünün cərimə edilməsi ilə bağlı lent.az-a müraciət etmişdi. 

 

**

 

11.04.2016 / 10:34

 

Yol polisi "Ayıq sürücü"nün qapıyadək gətirdiyi avtomobili aparıb - ŞİKAYƏT

 

Bakı sakini avtomobilinin yol polisi tərəfindən cərimə meydançasına aparılması ilə bağlı Lent.az-a müraciət edib. Ramiz Cəfərov adlı sürücü bildirib ki, martın 4-də toydan yaşadığı evə qayıdarkən evinin qarşısında yol polisi ona yaxınlaşıb: “İçki qəbul etdiyim üçün “ayıq sürücü” xidmətinə müraciət etmişdim. Sürücü mənə məxsus olan 90 AM 409 nömrə nişanlı “Ford Escape” markalı maşını Zabrat qəsəbəsinə, yaşadığım küçəyə gətirdi. Bildirdi ki, avtomobili təlimata uyğun olaraq sifarişçinin yaşadığı ünvana aparmalıdır və nəqliyyat vasitəsini qapının ağzınadək sürüb gətirdi. Burada onun pulunu verib yola saldıqdan sonra sükan tərəfdən yaxınlaşıb əşyalarımı götürdüm. Elə bu zaman Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 99 YP 349 nömrə nişanlı avtomobili yaxınlaşdı. Yol polisi əməkdaşı içkili olub-olmadığımı soruşdu, bildirdim ki, içkiliyəm, amma “ayıq sürücü” gətirib və zəng edib özü ilə dəqiqləşdirə bilərsiniz. Yol polisi əməkdaşı isə razılaşmadı, məni heç bir ekspertizadan keçirmədən avtomobilimi apardılar. Gedərkən avtomobilimi hara apardıqlarını soruşmaq üçün özümü irəli verdim və bu zaman yol polisi xidməti avtomobilini üstümə sürdü və özümü kənara atmağa məcbur oldum”.

R.Cəfərov bildirib ki, özünü kənara atarkən əzilib və dərhal həkimə müraciət edib, daha sonra isə başına gələnlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətini məlumatlandırıb: “Eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsinə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə, həmçinin prokurorluğa, Daxili İşlər Nazirliyinə və digər instansiyalara müraciətlər ünvanladım. Lakin bir aydan artıq vaxt keçməsinə baxmayaraq heç bir nəticə yoxdur və avtomobilim özümə qaytarılmayıb, üstəlik də qol çəkmədiyim, heç bir əsası olmayan protokolla mənə 400 manat cərimə kəsilib”.

“Ayıq sürücü” xidmətindən məsələ ilə bağlı Lent.az-a bildirilib ki, R.Cəfərov martın 4-də həqiqətən də onlara müraciət edib və xidmətin əməkdaşı sifarişçiyə məxsus “Ford Escape” markalı minik avtomobilini yaşadığı evin qarşısınadək apararaq təhvil verib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə Lent.az-a bildirib ki, məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır: “Araşdırmanın nəticəsi barədə şikayətçiyə yazılı məlumat veriləcək. Əgər şikayətçi araşdırmanın nəticəsindən razı qalmasa, məhkəməyə müraciət edə bilər”.

K.Əliyev əlavə edib ki, araşdırma prosesi zamanı bütün tərəflərin izahatları alınır, digər materiallar yoxlanılır və bunun nəticəsində müvafiq qərar qəbul edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh