“Park-Bulvar”da sürücüləri belə soyurlar – FOTOFOKT

Xəbərlər 27 İyul 2016 12:56 Oxunub 8649
“Park-Bulvar”da sürücüləri belə soyurlar – FOTOFOKT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ticarət mərkəzinin əməkdaşları sürücüyə 52 manat qanunsuz cərimə yazıblar

Redaksiyamıza müraciət edən Bakı sakini başına gələn misli görünməmiş qəribə hadisəni danışıb. Paytaxt sakini qeyd edir ki, iyulun 25-də, saat 18:19 radələrində öz avtomobilini “Park-Bulvar” ticarət və əyləncə mərkəzinin pullu yeraltı dayanacağına qoyub. Bir neçə saat sonra qəfildən səhhəti pisləşib və avtomobilini həmin gün götürə bilməyib. Bir gün sonra, iyunun 26-da, saat 21:11-də avtomobili götürmək üçün adıçəkilən obyektə üz tutan sürücüyə burada qeyri-adi və qanunsuz ittiham irəli sürərək 52 manat cərimə yazıldığını bildiriblər. Səbəbini soruşduqda isə deyilib ki, bəs, saat 03-dən sonra burada maşın saxlamaq qadağandır, buna görə də cərimə 50 manatdır. Vətəndaş bildirir ki, maşını dayanacağa saat 03-dən sonra qoymayıb, gündüz vaxtı qoyub və hər saata görə də ödənişi etməyə hazırdır. Ümumilikdə, avtomobil dayanacaqda 15 saat qalıb. Lakin əyləncə mərkəzinin əməkdaşları heç bir qanuni əsas gətirmədən vətəndaşdan 52 manat cərimə ödəməsini tələb edirlər. 

“Park-Bulvar” rəhbərliyi belə anormal qaydaları haradan kəşf edib? Ümumiyyətlə, bu qanunsuzluq və soyğunçuluğu edərkən hansı qanuna, qaydalara istinad edilib? 

Problemlə bağlı mütəxəssisə müraciət etdik. Tanınmış ekspert Ərşad Hüseynov azadinform-a bildirdi ki, cərimə deyilən sanksiyanı vətəndaş barəsində yalnız səlahiyyətli dövlət orqanları tətbiq edə bilər: “Bu da yalnız İnzibati Xətalar Məcəlləsində göstərilən hallarda mümkündür, başqa bir halda vətəndaşa cərimə adında sanksiya tətbiq oluna bilməz. Əgər belə bir hal varsa, bu, özbaşınalıqdır, qanunsuzluqdur. İnzibati Xətalar Məcəlləsində belə bir sanksiya yoxdur ki,  avtomobili hər hansı saatdan sonra duracağa yerləşdirəndə, yaxud da, oradan gec götürəndə sanksiya, cərimə tətbiq olunsun. Bu məsələnin birinci tərəfi. İkincisi isə dayanacaqda göstərilən xidmət hansısa mülkü hüquqi xidmətdir”. 

Göründüyü kimi, əvvəllər də vətəndaşlara qarşı soyğçunçuluq halları ilə bağlı mətbuatda haqqında dəfələrlə mənfi məlumatlar yayılan “Park-Bulvar” Ticarət və əyləncə mərkəzi qanunsuz əməllərindən əl çəkmir. Bu mərkəzin rəhbərliyi yəqin elə düşünür ki, ora gələnlər hamısı milyonçudur, müxtəlif üsullarla onların pullarını əlindən almaq olar. 

Qeyd edək ki, məsələyə münasibət öyrənmək üçün “Park-Bulvar” Əyləncə Mərkəzinin (012) 598 80 80 telefonuna saat 10.00-dan 10.43-ə qədər davamlı zənglər etsək də, cavab verən olmadı.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh