Yol polisinin MMX sistemində problem yarandı - FOTOLAR

Avtoxəbər 20 Avqust 2014 18:35 Oxunub 11635
Yol polisinin MMX sistemində problem yarandı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər ünvana gələn cərimə protokolları ilə ödəniş edə bilmirlər; yeniə DYP-yə getmək lazımdır

Son vaxtlar bəzi sürücülər törətdikləri qayda pozuntularına görə cərimələri ödəməkdə çətinlik çəkdiklərini deyirlər. Problemin mahiyyəti ondan ibarətdir ki, radara düşən və ya kameralar vasitəsilə qeydə alınan qayda pozuntularına görə elektron qaydada tərtib olunmuş protokol sürücünün qeydiyyatda və ya yaşadığı ünvana göndərilir, yaxud DYP əməkdaşının yerində tərtib etdiyi protokol sürücüyə verilir, lakin sürücü cəriməni ödəmək üçün banka gələndə ona bildirirlər ki, belə protokol barədə məlumat yoxdur. Nəticədə üstündən bir aya yaxın vaxt keçsə də, sürücü cəriməni ödəyə bilmir və narahat olaraq müxtəlif variantlar axtarmağa başlayır. Artıq son günlər eyni məsələ ilə bağlı Avtosfer.az saytına yüzdən artıq müraciətin daxil olduğunu nəzərə alaraq bu mövzunu gündəmə gətirmək qərarına gəldik. Elə bu fotolar da həmin müraciətlərdən biri ilə əlaqədardır.

Məsələ burasındadır ki, bəzi sürücülər onlara göndərilən protokolla razı olduqları üçün cəriməni ödəmək niyyətindədir və bu məqsədlə də bir neçə banka üz tutsalar da, cərimə sistemidə görünmür. Hətta, bank əməkdaşları həmin protokollar əsasında bir neçə variantda yoxlama aparsa da, heç bir nəticə əldə olunmur. Oxuculurdan biri Avtosfer.az-a bildirib ki, bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində yaradılmış 902 xidmətinə müraciət edib. Həmin xidmətdən vətəndaşa gələn protokolun seriyası yoxlanılıb və bildirilib ki, DYP-nin sistemində cərimə görünür. Maraqlıdır, banklar yalnız DYP-nin sistemində görünən cəriməni necə öyrənə bilər? Vətəndaş niyə iş-gücünü atıb cərimə ödəmək üçün ora-bura qaçmalıdır? Məgər, normal sistem qurmaq o qədərmi çətindir? Hər halda, yazılan cərimə təkcə DYP-nin sistemində görünməməlidir. Yol polisi öz sistemini banklara inteqrasiya etməlidir ki, vətəndaşlar bir cəriməni ödəmək üçün 10 dəfə banka gedəsi olmasın.

Avtosfer.az-a edilən müraciətlərdən belə məlum oldu ki, Baş Dövlət Yol Polisi İdarəsinin göndərdiyi MMX radarları və digər qayda pozuntuları ilə protokolllar sadəcə bir kağız parçasıdır. Çünki bununla bağlı yaranmış suallara 902 xidmətindən verilən bu olub ki, hər bir sürücü məsələni həll etmək üçün qeydiyyatda olduğu rayonun DYP şöbəsinə getməlidir. Maraqlıdır, bir neçə ay öncə Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanuna görə, radara düşməyə görə sürücünün yol polisi idarəsinə çağırılması qadağandır. O zaman sual yaranır, qanun işləmir, yoxsa, Baş Dövlət Yol Polisi İdarəsinin MMX sistemi? Əgər sürücülər DYP-dən gələn məktubları alandan sonra yenidən DYP şöbələrinə gedəkdisə, o zaman bu qanun niyə qəbul olundu? Yoxsa, bu qanun da DYP-də «işləməyən qanunlar» papkasına atılıb?

Məsələ ilə bağlı Avtosfer.az saytı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət edib. O da bu problemlə bağlı müraciətlərin çoxaldığını deyərək bildirib ki, bunun səbəbi sürücülərin törətdiyi xətalar barədə məlumatın DYP-nin mərkəzi informasiya sisteminə vaxtında yerləşdirilməsi və müvafiq sənədləşmənin vaxtında aparılması ilə bağlı qanunvericiliyin bəzi müddəalarının lazımınca icra edilməməsidir: «Məlumdur ki, bu ilin may ayının sonlarında həmin məsələni tənzimləyən yeni qanunvericilik qüvvəyə mindi. Lakin bir sıra texniki səbəblərdən qüvvəyə minmiş həmin yeniliklər hələ tətbiq edilmir. Yeni qanunvericilik avtomatik rejimdə işləyən nəzarət vasitələrinin (radarların və kameraların-müəl;) qeydə aldığı qayda pozuntularının dərhal mərkəzi informasiya sisteminə yerləşdirilməsini, DYP əməkdaşının yerində tərtib etdiyi protokol və qərarların isə patrul avtomobilinin bort-kompyuteri vasitəsilə bu sistemə yerləşdirilməsini nəzərdə tutur. Bu zaman avtomatik rejimdə işləyən nəzarət vasitəsinin məlumatına əsasən protokol tərtib olunmalı, həmin protokol sürücüyə göndərilməlidir, sürücü isə bu protokolu aldıqdan sonra onunla razılaşdıqda dərhal cəriməni ödəyə bilər. Hər bir halda sürücü bu protokoldan şikayət verməzsə, həmin protokol avtomatik olaraq qərar sayılır və 10 gündən sonra qüvvəyə minir. Qərarın qüvvəyə minməsindən sonra isə müvafiq hüquqi nəticələr (ödəniş 1 aydan artıq gecikdirildikdə dəbbə pulu, 2 aydan sonra nəqliyyat vasitəsinin saxlanılması, 3 aydan sonra isə sürücülük hüququnu məhdudlaşdırma) baş verir. Amma qeyd etdiyim kimi, bu yeniliklər hələ ki, tətbiq edilmir».

Ərşad Hüseynov bildirib ki, hazırda qayda pozuntularının sənədləşdirilməsi və cərimələrin ödənilməsi əvvəlki qaydada həyata keçirilir. Əvvəlki qayda isə belə idi ki, cərimənin tətbiqi barədə qərar vətəndaşın iştirakı ilə çıxarılmalı idi. Yəni avtomatik qeydə alan vasitənin məlumatı əsasında yalnız protokol tərtib olunur, protokolun surəti bildirişlə birlikdə vətəndaşa göndərilir, vətəndaş hər hansı vəsatət vermədikdə və ya təyin olunmuş gündə gəlmədikdə onun iştirakı olmadan qərar çıxarılır. Vətəndaş təyin olunmuş vaxtda gəldikdə isə qərar onun iştirakı ilə çıxarılır. Həmin qərar rəsmi qaydada vətəndaşa verilir və ya poçtla göndərilir: «Bu halda törədilmiş qayda pozuntusu barədə məlumat yalnız həmin qərar çıxarıldıqdan sonra mərkəzi informasiya sistemində yerləşdirilir və sürücü hər hansı banka yaxınlaşdıqda cəriməni ödəyə bilir. Beləliklə, hazırda mövcud olan qaydaya əsasən, iş üzrə yalnız protokol olduğu halda həmin protokol üzrə banka yaxınlaşaraq cərimə ödəmək mümkün deyil. Cəriməni ödəməyin mümkün olması üçün həmin iş üzrə qərar da çıxarılmış olmalıdır. Düzdür, DYP əməkdaşlarının yerində sürücünü saxlayaraq qanunun müəyyən etdiyi şərtlərə riayət etməklə qərar çıxarmaq səlahiyyətləri də var. Bu halda əməkdaşın çıxardığı qərarın onda qalan surəti iş növbəsinin sonunda DYP orqanına təhvil verilməli və 1 gün ərzində bu qərar barədə mərkəzi informasiya sisteminə məlumat yerləşdirilməlidir. Görünür, bəzi hallarda DYP əməkdaşları intizamsızlıq edərək həmin məlumatları sistemə vaxtında yerləşdirmirlər. Beləliklə, cərimə ödəməkdə çətinlik çəkən sürücülərin bu problemi qismən hazırda tətbiq olunan köhnə qaydaların özündən irəli gəlir, belə problemlərin bir qismi isə bəzi DYP əməkdaşlarının sənədləşmə işindəki intizamsızlığı ilə bağlıdır».

Ərşad Hüseynov sürücülərə tövsiyyə edir ki, cəriməni ödəmək üçün banka yaxınlaşaraq ödənişin mümkün olmadığını gördükdə çox da narahat olmasınlar. Çünki cərimənin üzərinə dəbbə pulunun gəlməsi həmin xəta üzrə çıxarılmış qərar qüvvəyə mindikdən sonra başlayır. Yəni ən ideal halda xətanın törədildiyi gündən 40 gün ərzində hər hansı dəbbə pulu gəlməsi mümkün deyil. 10 faizlik güzəştdən istifadə isə xəta törədildikdən sonra 15 gün müddətində mümkündür. Ona görə də, protokolu aldıqdan dərhal sonra yox, bir neçə gün (3-5 gün) sonra banka getmək məsləhətdir. Bankda sizin cəriməniz barədə xeyli müddət sonra da məlumat olmadıqda isə müvafiq DYP orqanına müraciət etmək məsləhətdir. Çünki hər hansı tənbəl əməkdaşın bu məlumatı sistemə vaxtında yerləşdirməməsi sizə tətbiq olunmuş cərimənin gecikməsi ilə bağlı yuxarıda qeyd olunan hüquqi nəticələrə səbəb ola bilər. Nəzərə alın ki, hazırda mövcud olan qaydalar cərimə barədə qərarın qanuni qüvvəyə minməsini və müvafiq hüquqi nəticələri bu qərar barədə məlumatın DYP-nin mərkəzi informasiya sistemində olması ilə əlaqələndirmir. Qərarın qüvvəyə minməsi onun surətinin vətəndaşa çatdırılmış olmasından asılıdır.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh