Sürət həddini aşanlar: Özünüzü yanlış yerə tələsirmiş kimi aparmayın 

Yazarlar 23 Avqust 2016 07:46 Oxunub 5951
Sürət həddini aşanlar: Özünüzü yanlış yerə tələsirmiş kimi aparmayın 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aqressiya yollarımızdakı fəlakətin əsas zəminidir 

Yol-nəqliyyat hadisələrinin rəsmi statistikası dərc olunanda, bir qayda olaraq, bu cümləyə rast gəlirik: hadisələrin səbəbləri sırasında ilk yeri sürət həddinin aşılması tutur.

Bu yanaşma kökündən səhvdir, çünki sürücünün sürət həddini aşması hadisənin səbəbi deyil. Sürət həddini aşma elə hüquq pozuntusunun özüdür. Yəni sürücünün hüquqazidd, faciəli nəticəyə gətirən hərəkəti sürət rejimini pozmadır. 

Hadisənin səbəbini axtarmaq istəyiriksə, sürücünün sürət rejimini pozmasının səbəbini axtarmaq lazımdır. Başqa sözlə, bu suala cavab tapılmalıdır: sürücü sürət rejimini niyə pozur?

Bu sualın cavabları sırasında isə birinci yerdə bu durur: sürücü sürət rejimini ona görə pozur ki, hərəkət təhlükəsizliyinin nə olduğu barədə çox az şey bilir, onun belə sürətin bu yol şəraitində hansı nəticələr doğura biləcəyi barədə təsəvvürü sıfirın ətrafındadır. Orta statistik sürücü yolu hamar görüb, ayağını sıxır qaza, yaxud, yanında şütüyənləri görüb qoşulur onlara və yenə də kütlədən geri qalmamaq üçün ayağını qaza sıxır.

Hələ bir az diqqətli araşdırmalar aparsaq, daha eybəcər şeylər müşahidə edərik. Məsələn, orta statistik Azərbaycan sürücüsü özündən qabaqda kiminsə getdiyini görəndə, sanki özünü aşağılanmış hesab edir və bütün gücünü ona yönəldir ki, qabaqdakını ötsün. Bu da mütləq sürət rejiminin pozulmasına və daha sonra azacıq qəza şəraiti yarandıqda ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxarır.

Sadə bir misal çəkmək istəyirəm. Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində tez-tez piyadavurma halları olur. Düzdür, burada piyada intizamsızlığı da öz sözünü deyir. Amma sürücü diqqətli olsa, sürət rejiminə riayət etsə, intizamsız piyadanı vurmaya da bilər. Elə həmin Ceyranbatanda sürət həddi məhdudlaşdırılaraq 60 km/saat müəyyən edilib. Belə məhdudiyyət olan yerin uzunluğu təxminən 1,5 km-dir. Elementar hesablama aparaq. Sürücü həmin məsafəni 60 km/saat sürətlə getsə, 1 dəqiqə 30 saniyə, 90 km/saat-la getsə, 1 dəqiqə vaxt itirəcək. Fərq cəmi 30 saniyədir. Tam əminəm ki, məsələn, Ceyranbatan qəsəbəsində sürət rejimini pozan heç bir sürücü bunu həmin 30 saniyəyə qənaət eləmək üçün etmir. Bu, sadəcə olaraq yuxarıda qeyd etdiyim naşılığın, anlayışsızlığın nəticəsidir. Amma bəzən həmin 30 saniyəlik müddət konkret piyadanın, sürücünün, sərnişinin həyatı bahasına başa gəlir, sağ qalmış sürücünün bir ömür boyu özünə lənət oxuması ilə nəticələnir.

Ceyranbatandakına oxşar mənzərəni ölkəmizin bütün yollarında müşahidə edə bilərik. Şübhəsiz ki, hər yerdə də mənzərənin özü kimi onun səbəbləri də eynidir. Ona görə də bir daha sürücülərimizə üz tutaraq demək istəyirəm ki, özünüzü yanlış yerə tələsirmiş kimi aparmayın. Əgər təxirəsalınmayan işləriniz varsa, onun arxasınca sadəcə olaraq vaxtında çıxın. Heç bir halda yola sərf edəcəyiniz vaxta qənaət etməklə başqa işləriniz üçün vaxt qazanmağa cəhd etməyin. Bunu onsuz da etmək mümkün deyil. Yolda tələsmək sadəcə sürət rejiminin pozulması, qadağan olunan təhlükəli manevrlər demək deyil. Bu, həm də sürücünü aqressivləşdirən əsas amildir. Aqressiya isə bizim yollarımızdakı fəlakətin əsas zəminidir.  

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh