Ən böyük avtokorrupsiya skandalları - "Ford Pinto"

Maraqlı 24 Avqust 2016 08:54 Oxunub 1871
Ən böyük avtokorrupsiya skandalları - "Ford Pinto"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu hadisədən sonra “Ford”un bütün modellərində hər şeydən əvvəl təhlükəsizlik standarları yoxlanıldı

Şəkildəki avtomobil - Ford Pinto 70-ci illərdə ABŞ-da ən çox satılan avtomobil modellərindən biri olub. Ancaq bu model ABŞ tarixində faciələrlə yadda qalıb. Avtosfer.az xəbər verir ki, 1968-ci ildə "Ford" şirkəti ABŞ-ın avtomobil bazarında kompakt avtomobillərə olan tələbatı nəzərə alaraq "Pinto" modelinin istehsalına başlamağa qərar verdi. Qısa müddət ərzində yeni modelin dizaynı tamamlandı və istehsala başlandı. Mövcud təhlükəsizlik qaydalarına uyğun olaraq, ilk istehsal olunan avtomobillərin qəza yoxlaması aparıldı. Yoxlama zaman test edilən 10 avtombildən 7-si arxa tərəfdən 30 km/s sürətlə hərəkət edən avtomobilin dəyməsi nəticəsində bir anda alışdı və partladı. Səbəb araşdırıldıqda məlum oldu ki, avtomobilin qüsurlu dizaynı nəticəsində benzin çəni içəri tərəfdən avtomobilin arxa tərəfinə o qədər yaxın yerləşdirilib ki, hətta yüngül zərbələrdə belə benzin çəninə düşən kiçik qığılcım avtomobilin partlamasına səbəb olur. Vəziyyətin təhlili nəticəsində ekspertlər belə bir rəy verdilər ki, dizayndakı qüsurun aradan qaldırılması üçün hər istehsal olunan avtomobilə cəmi 11 ABŞ dolları xərc çəkmək lazımdır. Bu isə istehsal olunan 12,5 milyon avtomobildə dəyişiklik edilməsi anlamına gəlirdi və nəticədə "Ford"a 138 milyon ABŞ dollarına başa gələcəkdi. "Ford" paralel olaraq dizayna dəyişiklik edilmədikdə baş verəcək bədbəxt hadisələrə ödəniləcək təzminatların hesablamasını apardı və təqribi 180 ölüm, 180 ciddi yanıq xəsarətləri və 2100 avtomobil yanmasına ödəniləcək təzminat olaraq 49,5 milyon ABŞ dolları müəyyən etdi. “Ford” risk/xeyir (risk/benefit) təhlili apararaq, mövcud dizaynı dəyişdirmək üçün 138 milyon ABŞ dolları xərc çəkməkdənsə, baş verəcək bədbəxt hadisələrə 49,5 milyon ABŞ dolları təzminat ödəməyə qərar verdi. Yəni insan həyatı 11 ABŞ dollarına bərabər tutuldu. Bu qərarı təsdiqləmək üçün ABŞ-ın yol təhlükəsizliyi üzrə dövlət qurumlarına da rüşvət verildi.

Dövriyyəyə buraxılan avtomobillərin qüsurları qısa müddətdə üzə çıxdı və bir-birinin ardınca “Pinto”larla bağlı silsilə qəzalar və ölümlər baş verdi. Üstəlik bu qəzalar ən adi hallarda, 30-40 km/s sürətlə hərəkət edən avtomobillərin arxadan zərbəsi nəticəsində baş verirdi.

Qəza və ölüm işləri ilə bağlı məhkəmələrdə “Ford” gözlədiyindən də qat-qat artıq təzminat ödəməyə məcbur oldu və nəticədə 1978-ci ildə satılan bütün “Pinto” modellərini geri çağırmağa məcbur oldu. Bu, “Ford” şirkətinin tarixindəki ən böyük korrupsiya skandalı və maliyyə böhranı oldu. Bu hadisədən sonra “Ford” tərəfindən istehsal olunan bütün modellərdə hər şeydən əvvəl təhlükəsizlik standarları yoxlanıldı və “Ford”lar bu gün də dünyanın ən təhlükəsiz avtomobillərindən sayılır.

 

Academy.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh