Evakuasiya xidmətləri nağdsız ödənişlərdən niyə imtina edir?

Qaydalar 2 Sentyabr 2016 00:44 Oxunub 1478
Evakuasiya xidmətləri nağdsız ödənişlərdən niyə imtina edir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkətlərdə xidmət haqlarının ödəniş forması onların özləri tərəfindən müəyyən edilir

Azərbaycanda evakuator xidmətlərini göstərən şirkətlər nağdsız ödənişlərdən imtina edir. Hər gün vətəndaşlara evakuasiya və yükdaşıma xidmətləri göstərən şirkətlər müştərilərdən xidmət haqqını yalnız nağd şəkildə tələb edir. Bu gün ölkədə bir neçə evakuasiya və yükdaşıma şirkəti fəaliyyət göstərsə də, bu şirkətlərin heç biri xidmət haqqını plastik kartlarla, nağdsız şəkildə qəbul etmir. Səbəb kimi isə həmin şirkətlərdə POS-terminalların olmaması göstərilir. Avtosfer.az-ın məlumatına görə, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Trend-ə açıqlamasında bildirib ki, həmin şirkətlər özəl xidmət sahələri olduğu üçün onların fəaliyyətinə hər hansı dövlət qurumu tərəfindən nəzarət həyata keçirilmir: "Evakuasiya və yükdaşıma xidməti sahibkarlıq fəaliyyətidir. Həmin şirkətlərdə xidmət haqlarının ödəniş forması onların özləri tərəfindən müəyyən edilir. Vergi qanunvericiliyinə görə, ictimai iaşə obyektləri və pərakəndə satış müəssisələrində ödənişlər artıq nağdsız formada həyata keçirilir. Amma evakuasiya xidmətlərinə görə nağdsız ödəniş sistemi tətbiq edilməyib. Əslində, nağdsız ödəniş formasının olması həmin şirkətlər üçün də müsbət haldır. Evakuatorun xidmətindən istifadə edən bir çox vətəndaş ödənişi nağd deyil, plastik kartla həyata keçirmək istəyir. Amma xidmət əməkdaşları bu ödəniş sistemindən imtina edirlər. Şirkət bununla həm də müştərisini itirir. Həmin şirkətlərdə nağdsız ödəniş sistemi tətbiq edilərsə, bu onlar üçün də rahat olar, müştəriləri də razı salarlar".

Ə.Hüseynov deyib ki, Azərbaycanda evakuasiya xidmətləri Vergilər Nazirliyinin nağdsız ödənişlərin həyata keçirilməsi ilə bağlı müəyyən edilmiş xidmətlər siyahısına daxil edilməyib: "Azərbaycan dövlətinin maliyyə siyasəti var və bu siyasətə əsasən ölkə üzrə bütün xidmətlər tədricən nağdsız ödənişə keçir. Evakuasiya xidmətlərinin də bu sistemə keçməsi müsbət hal olardı".

Məsələ ilə bağlı Vergilər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"na əsasən evakuasiya xidmətini həyata keçirən şirkətlərdə POS-terminalların quraşdırılması məcburi deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh