"Şəhərdə 6-7 nəfər qadın taksi sürücüsü həm qadınlara, həm də kişilərə..." - FOTO

Avtodünya 21 Sentyabr 2016 22:11 Oxunub 4645
"Şəhərdə 6-7 nəfər qadın taksi sürücüsü həm qadınlara, həm də kişilərə..." - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Eləsi var ki, əyləşir maşında siqaret çəkir, külünü maşının içinə tökür"

Həmsöhbətimiz Teymur Əliyev 20 ildən artıqdır ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Teymur bəy deyir ki, ilk maşını "VAZ 2106" olub. Sonra özünə "VAZ 2107", ardınca "Reno" alıb. Hazırda isə "Mercedes" markalı şəxsi avtomobiliylə müştərilərinə xidmət göstərir:

 

"İşimiz əsasən səhər saat 9-10 arası başlayır. Dövlət işçisi kimi gəlib avtobus dayanacaqlarına yaxın və müştəri çox olan yerlərdə dayanırıq. Daimi müştərilərimiz də var".

Qəhrəmanım taksi sürücüsü işləməyin çətinliklərindən danışır:

"Azərbaycanda taksi sürücüsü işləmək çox çətindir. Gün ərzində istənilən cür insanla rastlaşırıq. Eləsi var ki, əyləşir maşında siqaret çəkir, külünü maşının içinə tökür, bəziləri aldadır pulumuzu vermir. Çox çətindir. Hər sürücünün öz ərazisi var. Misal üçün, biz Azadıq prospektində dayanacaqdan 20 metr kənarda dayanırıq. Başqa adamları qoymuruq bura gəlsin. Burda əsasən özümüz-yəni dörd-beş taksi sürücüsü işləyirik".

Soruşuram ki, bəs siz özünüz də başqa ərazilərdə dayana bilməzsiniz? Deyir ki, 25 ildir bu ərazidə yaşayır və taksi sürücüsü olduğu 20 ilin 18 ilini məhz Azadlıq prospektində dayanıb:

"Başqa yerlərdə istəsək belə bizi qoymurlar dayanmağa".



Müsahibim başına gələn maraqlı hadisələrdən danışır. Deyir ki, tanımadığı bir xanıma kömək etdiyi üçün polisə də çağırılıb:

"Bir dəfə gördüm bir xanım yıxılıb, ayağını sındırıb. Onu götürüb apardım həkimə. Üç-dörd gün sonra polis idarəsindən çağırdılar. İzah elədim ki, xanımın yıxıldığını gördüm, sadəcə vicdanım qəbul eləmədi. Təcili yardıma zəng etdim, gəldi apardı. Nömrəmi isə təcili tibbi yardımdan götürmüşdülər. Elə olur ki, kiminsə köməyə ehtiyacı olur, əlimizdən gələn köməkliyi etməyə çalışırıq. Bir dəfə qadın minmişdi "Memar Əcəmi"yə getmək istəyirdi, apardım. Düşüb getdi, pulumu vermədi. Əvvəlcə bir dükana, sonra digərinə girdi. Nə qədər gözlədim, gəlib çıxmadı. Kişilər də olur ki, deyirlər, gözlə, gəlirəm, gəlmirlər. Gündən-günə taksilərin sayı çoxalır".

Maraqlanıram ki, taksi sürücülüyünə marağın belə böyük olması bu sahədə gəlirin çox olmasıyla bağlıdır, yoxsa başqa səbəbi var. Deyir ki, normal müştərisi olan taksi sürücüsü gündəlik 20-25 manat (aylıq ortalama 600-650 manat-red.) qazana bilir:

"Bu işdə belədir ki, günə 20-25 manat işləyirsən. Amma şəxsi maşını ilə işləyənlər də, firmalar da çoxalır. Hərə bir firma açır. Misal üçün "189", "Dost taksi", "2424" kimi taksi xidmətləri çıxandan işimiz zəifləyib. Yəqin ki, vaxt olacaq bizi də yığışdıracaqlar".

Teymur bəy sürücü həmkarlarından narazı deyil. Deyir ki, sözün yaxşı mənasında bir-birini yola verə bilirlər. Öz təbirincə desək, müştəriləri də yola verməyə, incitməməyə çalışır həmsöhbətim:

"Misal üçün, elə olur ki, 10 manatlıq yola 8 manat təklif edirlər, gedirik. Həm özümüzə yeni müştəri qazanırıq, həm də insanları nəzərə alıb işləyirik. Mən həm də ustayam, ev təmir-tikintisiylə məşğulam. Sırf taksi ilə dolanmaq olmur. Bu gün səhər tezdən burdayam, saat 3-dür, cəmi 5 manat işləmişəm. Nəqliyyat Departemantinin vaxtında taksi də az idi. İndi lisenziyası olan-olmayan hamı taksi sürücüsü işləyir".

"Yol polisləri ilə yola gedə bilirsinizmi?" - deyə soruşuruq. Qəhrəmanım deyir ki, bəziləri haqsız saxlasalar da, haqlı yerə saxlayanlar da olur. Dediyinə görə, taksi şirkətləri ilə işləmək sərfəli deyil. Gah aldadırlar, gah müştəri vermirlər, həm də gərək ora depozit, pul da qoyasan:

"Avtomobilin təmiri də bizim hesabımıza olur. Onlarla işləyəndə misal üçün, günə 30 manat işləmişəmsə, 6 manat onlara verməliyəm, 10 manat yanacağa, 14 manat isə məni ödəmir. Maşın gündəlik işlənirsə, onun təmiri, gündəlik yumaq pulu, salonun təmizliyi də var. Gündəlik 3 manat verib maşınımı yudurduram, təmizlədirəm. Həm də taksi xidmətində işləmək çətin və məsuliyyətlidir. Ümumiyyətlə, taksiyə hər adam kefindən minmir. Əsasən harasa tələsənlər, özünü pis hiss edənlər, hətta sərxoş və narkomanlar belə olur. Gərək səbrli olasan, müştərilərin nazı ilə oynayasan. Rus, ingilis dillərində də azdan çoxdan bilməlisən".

T.Əliyev bildirir ki, ötən il Birinci Avropa Oyunları zamanı müştərilərin sayı xeyli artıbmış:

"Oyunlar zamanı müştərilərimiz çox idi, əla oldu. İndi də şəhərdə ərəblər çoxdur, amma onlar ayaqla gəzməyi sevirlər. Ona görə az olur. Yaxşı olardı ki, bir təşkilatçılıq etsinlər, bu taksilər azalsın. Lap vergi deyirlərsə, vergi verək. Çünki gündən günə taksilər çoxalır. Siz fikir verin, artıq xanımlar da taksi sürücüsü işləyirlər. Elə bu ərazidə də var. Xanım sürücü tanıyıram, artıq 8 ildir ki, işləyir. Şəhərdə 6-7 nəfər qadın taksi sürücüsünü özüm görmüşəm. Həm qadınlara, həm də kişilərə xidmət göstərirlər".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh