İki məktəblinin öldüyü təhlükəli yol - "Nişanlara məhəl qoymurlar" – VİDEO+FOTO

Xəbərlər 27 Sentyabr 2016 19:09 Oxunub 1546
İki məktəblinin öldüyü təhlükəli yol - "Nişanlara məhəl qoymurlar" – VİDEO+FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin mütəmadi reydlər və qabaqlayıcı tədbirlərinə rəğmən hadisələrin qarşısını almaq çətinlik törədir

Əvvələr Şəki-Qax magistral yolu regionun ən təhlükəsiz yollarından sayılardı. Necə deyərlər, yolun daşlı-torpaqlı olması sürücülərin əsəblərini tarıma çəksə də, onları asta getməyə məcbur edirdi. Ancaq son illər yolun asfaltlanması bu istiqamətdə hərəkət edən avtomobillərin sayının artmasına səbəb oldu.  Yolun təmir olunması müsbət amil olsa da, özü ilə bir sıra problemlər də gətirdi. Hamar yolda cuşa gələn sürücülər özlərini yarış meydançasında hiss edərək yolu keçən məktəbliləri də, sanki, görməzdən gəlirlər. Sürücülərin bu təmirli yolun dadını çıxararaq sürməsi son iki ildə neçə məktəblinin həyatını yarıda kəsdi, neçə ailəni isə gözüyaşlı qoydu. 

Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, avtomobillərin sürətlə şütüdüyü bu magistralda baş verən qəzaların əsas səbəblərindən biri yaşayış evlərinin yolun yaxınlığında yerləşməsidir. Çünki magistral yol kəndlə məktəbi bir-birindən ayırır.

Qoxmuq kənd orta məktəbində təhsil alan şagirdlər gün ərzində bu yolu iki dəfə keçmək məcburiyyətində qalırlar. Uşağı dərsdən qayıdanadək nigarançılıq keçirən valideynləri başa düşmək o qədər də çətin deyil.

Bütün lazımi nişanların quraşdırılmasına, yol polisinin mütəmadi reydlər və qabaqlayıcı tədbirlərinə rəğmən hadisələrin qarşısını almaq çətinlik törədir.

Belə çıxır ki, sürücülərin məsuliyyətsizliyinin qarısını almaq və bu yoldan övladının sağ-salamat gedib - gəlməsini təmin etmək üçün valideyn iş-gücünü ataraq övladını məktəbə aparıb gətirməlidir.

Son bir həftə ərzində baş verən iki qəzadan sonra yol polisi tədbirləri daha da gücləndirərək, valideynlər və məktəblilərlərlə görüşlər keçirib.

Bu yol hələ çox təhlükələr saçacaq. Hansısa sürücünün mənzil başına tez çatması, kiminsə son mənzilə tez çatmasına səbəb ola bilər. Görünən odur ki, bəzi sürücülərin qanunlara daha məsuliyyətlə yanaşacağı günü görənədək güc yenə də valideynlərə düşəcək.

 

**

ŞƏRH YAZ
Ad

E-mail

Şərh