Sürücülər oxusun! Nəzəri bilikləriniz bərbad vəziyyətdədir

Yazarlar 22 Aprel 2014 00:00 Oxunub 2227
Sürücülər oxusun! Nəzəri bilikləriniz bərbad vəziyyətdədir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəzəri biliklərlə təcrübi vərdişləri arasında uçurum var

Bir neçə gün əvvəl həm Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin, həm də bu İdarənin ictimaiyyətlə əlaqələr şöbəsi rəisinin mediada yol hərəkəti təhlükəsizliyi ilə bağlı maraqlı fikirləri yayılmışdı. Onların hər ikisinin fikirlərində diqqətimi bir məqam xüsusi cəlb etdi. Deyirlər ki, ölkədə baş verən cinayət xarakterli yol-nəqliyyat hadisələrini törədənlər ya sürücülük təcrübəsi (o cümlədən sürücülük hüququ) olmayanlardır, ya da 10-15 il və ya daha artıq sürücülük təcrübəsi olanlardır. Belə sürücülərin birinci qrupu, yəni sürücülük təcrübəsi olmayanlarla bağlı məsələ kifayət qədər aydındır. Bu insanların lazımi təcrübəyə malik olmadıqları səbəbindən qəza törətmələri başadüşüləndir. Özü də apardığımız müşahidə və araşdırmalardan məlumdur ki, təcrübəsiz sürücülərin törətdiyi qəzalar, bir qayda olaraq, nisbətən ağır olmayan qəzalardır. Çünki belə sürücülər sürətə meylli olmurlar və hətta əksinə, çox vaxt qəza şəraitini astagəlliklərindən yaradırlar.

Qəza riskli sürücülərin ikinci qrupunun 10-15 il və daha çox təcrübəsi olanlardan ibarət olması isə xeyli düşündürücüdür. Belə çıxır ki, ölkəmizdə sürücülərin təcrübəsi artdıqca, yəni sürmə vərdişləri təkmilləşdikcə onların qəza riskliliyi də artır. Bu sadə bir həqiqəti əks etdirir: Azərbaycan sürücüsünün nəzəri bilikləri, xüsusən də yol hərəkəti təhlükəsizliyinə dair təsəvvürləri bərbad vəziyyətdədir. Orta statistik sürücü nəqliyyat vasitəsini faktiki idarə etməyə başladıqdan sonra onun təcrübi vərdişləri artır. O, getdikcə avtomobili daha asan idarə edə bilir, nəticədə hər cür riskli manevrləri (aşırı sürəti, təhlükəli vəziyyətlərdə ötməni, zolaqlar arasında ilanvari trayektoriya üzrə hərəkəti və başqa təhlükəli sürmə vərdişlərini) özünə rəva görür. Amma onun nəzəri bilikləri, təhlükəsizlik barədə təsəvvürləri əvvəlki primitiv səviyyəsində qalır. Nəzəri biliklər və avtomobili idarə etmək kimi texniki bir fəaliyyətə dair təcrübi vərdişlər arasındakı uçurum getdikcə dərinləşir. Nəticədə həmin uçurum belə «təcrübəli» sürücünün ağır qəza törətməsinə gətirib çıxarır.

 

Ərşad Hüseynov,

 

yol hərəkəti üzrə ekspert,hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh