Bakıda bütün yollara "Azəravtoyol" cavabdeh deyil - FOTOLAR

Yazarlar 21 Oktyabr 2016 19:03 Oxunub 4848
Bakıda bütün yollara "Azəravtoyol" cavabdeh deyil - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kollektorların intensiv yağışlar nəticəsində suyun axıdılmasına gücü çatmır, necə gəldi arapılan tikintilər də bir yandan

Son günlər yağıntılı hava şəraiti Bakıda bir sıra problemlər yaratdı. Bununla yanaşı, bir sıra problemlərin də kökü ortaya çıxdı. Məlum oldu ki, Bakıda kanalizasiya sistemi düzgün qurulmayıb, yolların bəziləri təmir olunarkən yağış sularının axıdılması üçün heç bir iş görülməyib. Və bütün bunların fonunda müxtəlif dövlət qurumların ünvanına sərt ittihamlar səsləndi. Onlardan biri də "Azəravtoyol" ASC-dir. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Avtosfer.az-a bildirdi ki, Bakı şəhərində təqribən 2400 km küçə və prospekt mövcuddur, bunun da hardasa 1600 km-i “Azəravtoyol” ASC-nin, digərləri yerli icra hakimiyyti orqanlarının balansındadır: "Bakı şəhərinin küçə və prospektlərinin əksər hissəsi sovet dönəmində inşa olunub. O zaman səth sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminə ehtiyyac olmayıb. Çünki şəhərin relyefi elədir ki, su küçələrdə qalmırdı. Tikililər də az idi. Cəmi 11-12 faiz küçədə yağış-kanalizasiya sistemi mövcud olub. Həmin sisteminin qoşulduğu yağış kollektoru da çox azdır. Bilirsiniz, bir məişət-çirkab suların axıdılması üçün kollektor olur, bir də yağış sularının.

Hazırda isə vəziyyət dəyişib. Bakı şəhəri günü-gündən böyüyür, yeni binalar inşa edilir. Artıq elə ərazilər yaranıb ki, orda səth sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin olması mütləqdir. Həmin ərazilər bizim mütəxəsislər tərəfindən müəyyən edilir, küçələrin təmiri zamanı həmin sistem orda qurulur. Son bir il ərzində 6 km-ə yaxın bu cür sistem qurulub, artıq 11-12 faiz deyil səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş sistemli küçələr 14-15 faiz təşkil edir. Və bu istiqamətdə işlərimiz davam etdirilir. Hazırda həmin ərazilərdə bununla balı heç bir problem yaşanmır. Ancaq bu o demək deyil ki, yağış-kanalizasiya sisteminin olmadığı küçələrdə su yığılıb qalır. Əsla belə deyil. Həmin ərazilərdə səth suları yola maillik verilməklə uzaqlaşdırılır və müəyyən məsafədən sonra kollektorlara axıdılır.

Əksər hallarda yağış-kanalizasiya sisteminin xətti yağış kollektoru olmadığı üçün məişət-çirkab suların axıdılması üçün nəzərdə tutulmuş kollektora qoşulur. Onsuz da gərgin vəziyyətdə çalışan kollektorların intensiv yağışlar nəticəsində eyni anda o qədər suyun axıdılmasına gücü çatmır. Nəticədə bəzi ərazilərdə çirkab suyu ilə qarışmış yağış suları geriyə, yola doğru qayıdır".

Anar Nəcəfli bildirib ki, oktyarın 17 və 18-də biz bunun şahidi olduq: "Fakt göz qabağında idi. Bakı şəhərində 10-na yaxın nöqtədə bu cür problem baş verdi. Hər kəs yolların düzgün inşa edilməməsini, yağış-kanalizasiya sistemin olmamasını səbəb kimi göztərdi, hətta bəzi memarlar belə çıxıb mediada bunu dilə gətirdilər. Həmin subasma hallarının baş verdiyi ərazilərdə yağış-kanalizasiya sistemi qurulub və bu sistem çox gözəl çalışır. Sistemin qoşulduğu kollektorun gücü çatıb yoldan gələn suları ötürə bilmirsə, yolun buna nə aidiyyatı var?!".

 

Güclü yağış yağanda daha çox bu küçələrdə problem yaranır

ASC rəsmisi deyir ki, güclü yağış yağarkən ən böyük problem Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli və Əliyar Əliyev küçələrinin kəsişmələrində yaranır: "Ziya Bünyadov prospekti boyunca tikinti zamanı yağış-kanalizasiya sistemi qurulub və bu sistem çox gözəl çalışır, mütamadi olaraq onun içi təmizlənir. Lakin güclü yağışlarda həmin sistemin qoşulduğu kollektorun gücü çatmır suları ötürməyə nəticədə həmin ərazilər su altında qalır. Bu problem özünü Əliyar Əliyev küçəsinin "Keşlə bazarı" qarşısındakı hissəsində də biruzə verir. Həmin kanalizasiya kollektoru ordan da keçir. Yəni burada demək ki, səth sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi yoxdur, qurulmayıb, bu, yalandır. Sadəcə, həmin ərazilərdə yeni yağış kollektoru çəkilməlidir. Bu barədə “Azərsu” ASC-ə də rəsmi olaraq müraciət də olunub.

Qeyd etdiyim Ziya Bünyadov prospekti və Əliyar Əliyev küçəsindən keçən kollektor Heydər Əliyev prospektində yerləşən Bağırov körpüsünün üstündəki dəmir yolu xəttinin altından keçərək Keşlə qəsəbəsindəki əsas kanalizasiya kollektoruna birləşir. Lakin qeyd etdiyim kimi, intensiv yağışlar zamanı kollektorun ötürmə gücü aşağı düşür. Nəticədə isə su geriyə axır. Bunun nəticəsində Bağırov körpüsünün altında, avtomobil tunelinin sağ istinad divarından suyun axdığının da şahidi olduq. Eyni səbəblə bu kimi daha bir-neçə ərazi var. 

Yenə qeyd edirəm ,yollarda olan yağış-kanalizasiya sistemi məişət-çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş kollektorlara birləşdirilməməlidir. Yağış və səth sularının axıdılması üçün nəzərdə tutulmuş kollektorların azlığı buna məcburiyət yaradır".

 

Binəqədinin üz qarası – Binəqədi şosesi

Anar Nəcəfli bildirib ki, intensiv yağışlar zamanı problemlərin yaşandığı daha bir ərazi Binəqədi şossesidir. "Baksol yolu" ilə kəsişmədən 4-cü qapı küçəsinədək olan ərazidə 2 ədəd nasosxananın olmasına baxmayaraq, yola su yığılır bu da sedan tipli avtomobillərin hərəkətini çətinləşdirir: "Qeyd edim ki, həmin yolun tikintisi zamanı səth sularının axıdılması üçün yol kənarında yağış-kanalizasiya sistemi qurulub. Lakin nə kanalizasiya, nə də ki, yağış kolektorunun olmaması səbəbindən həmin sistemdən axan su nasoslar vasitəsi ilə yaxınlıqdakı gölə vurulur. Sözügedən gölə neft şirkətinə məxsus 2 açıq kanal da axıdılır. Güclü yağışlar nəticəsində ətrafdan və kanallardan gələn su gölün səviyəsini qaldırır. Nəticədə ordan daşan su yola yığılmasına səbəb olur. 

 

Göldə suyun səviyyəsi artan kimi su yola dolur

Eyni problem Sabunçu rayonu ərazisində Zabrat dairəsindən Kürdəxanı qəsəbəsi istiqamətinə gedən yolda var. Yoldan kənarlaşdırılan su kollektor quyusuna birləşdirilib. Kollektor quyusunun suyu isə Zabrat gölünə axıdılır. Göldə suyun səviyyəsi artan kimi su yola dolur.

Başqa bir problem də mövcuddur. Necə gəldi arapılan tikintilər. Bəzən həmin tikintilər zamanı ya yolun yağış-kanalizasiya sistemi sıradan çıxır. Misal üçün "Koroğlu" metrostansiyasından Sabunçu dairəsinə qədər olan hissədə bataqlığın qurudulması işləri aparılarkən kolektora gedən yağış sularının axıdılması üçün nəzərdə tutulmuş xətt ləğv edilərək, istiqaməti dəyişdirilib və orada yerləşən quyular yararsız vəziyyətə salınıb. Nəticədə isə yolu su basır və baş verənlərdə əsas günahkar “Azəravtoyol” ASC sayılır, halbuki vəziyyət görünən kimi deyil və bu cür hallar da kifayət qədər tez-tez baş verir".

Ümumiyyətlə isə Anar Nəcəfli hesab edir ki, yolların su basması kimi problemlərin yaşanmaması üçün isə ayrıca olaraq yağış kollektorları çəkilməlidir: "Bildiyimə görə, bu işdə aidiyyatı qurum olan “Azərsu” ASC tərəfindən ayrıca olaraq yağış kollektorlarının çəkilməsi üçün master plan hazırlanıb. Biz də öz növbəmizdə “Azəravtoyol” ASC olaraq yeni qurulan, tikilən bütün yolarda yağış-drenaj sistemini qurmağa davam edəcəyik".

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh