Nəqliyyat müfəttişləri sürücülərdən əl çəkmir - ÖZBAŞINALIQ

Xəbərlər 7 Noyabr 2016 11:42 Oxunub 12257
Nəqliyyat müfəttişləri sürücülərdən əl çəkmir - ÖZBAŞINALIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşınlarının sürücülərini saxlayaraq yolda «Fərqlənmə nişanı» satırlar

Son günlər bir neçə sürücü Avtosfer.az saytına müraciət edərək idarə etdikləri yük avtomobilinin Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat veriblər. Onların dediyinə görə, nəqliyyat müfəttişləri sürücüyə yaxınlaşaraq “Fərqlənmə nişanı” tələb edirlər. “Fərqlənmə nişanı” olmayanları yüksək məbləğdə cərimə olunacaqları ilə bağlı hədələyərək elə yerindəcə onlara 40-50 manat müqabilində “Fərqlənmə nişanı” verməyi təklif edirlər. Bundan imtina edən sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi üzrə protokol tərtib edərək məhkəməyə göndərirlər. Sürücülərin iddiasına görə, hətta məhkəmədə onların iştirakı olmadan həmin protokola baxılaraq 50 manatlıq cərimənin tətbiq olunması barədə bildiriş göndərilib. Bunun qanunauyğun olub-olmadığını aydınlaşdırmaq üçün hüquqşünas Ərşad Hüseynova müraciət etdik. O, bildirdi ki, sahibkarlıq fəaliyyəti kimi yükdaşımalarla məşğul olan yük avtomobillərinin sahibləri və sürücüləri Vergi Məcəlləsinin tələbinə əsasən, “Fərqlənmə nişanı” almalıdırlar. “Fərqlənmə nişanı” almaq üçün yalnız sadələşdirilmiş vergi (bəzi sürücülər bunu rüsum kimi qəbul edirlər) ödənilməlidir. Verginin dərəcəsi isə yük avtomobilinin yük götürmə qabiliyyəti ilə müəyyən olunur və Bakıda hər ton üçün 2 manat, Gəncə, Sumqayıt şəhərlərində, Abşeron rayonunda 1,5 manat, ölkənin digər ərazilərində isə cəmi 1 manatdır. Yəni məsələn, Bakıda “Qazel” avtomobili üçün hər aya görə 3 manat 40 qəpik (yük götürmə qabiliyyəti 1.7 tondur) vergi ödənilməlidir. “Fərqlənmə nişanı”nı sürücü DANX-dan almalıdır.

Hüquqşünas bildirdi ki, “Fərqlənmə nişanı” olmadan yükdaşımaya görə məsuliyyət məsələsində isə qanunvericilikdə müəyyən problemlər var. Ötən ilin dekabrına qədər bu fəaliyyət lisenziyalaşdırılan fəaliyyət idi və lisenziya olmadan yükdaşımaya görə sürücü 100 manat cərimə oluna bilərdi. Lisenziyalar ləğv edildi, lakin İnzibati Xətalar Məcəlləsində bu barədə 324-cü maddə olduğu kimi qalır. Yəni həmin maddə lisenziyasız yükdaşımaya görə məsuliyyət müəyyən edir, lisenziya isə ləğv edilib. Ona görə də heç kəs bu maddə ilə məsuliyyətə cəlb oluna bilməz, çünki “Fərqlənmə nişanı” lisenziya deyil. “Fərqlənmə nişanı” almadan yük daşıyan sürücü az miqdarda vergiləri ödəməkdən yayınmaya görə İXM-in 460-cı maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Bu maddə üzrə isə məsuliyyətə cəlbetmə müstəsna olaraq vergi orqanlarının səlahiyyətinə aiddir. Yəni nəqliyyat müfəttişləri heç kəsi İXM-in 460-cı maddəsi üzrə məsuliyyətə cəlb edə bilməzlər, hər hansı protokol yaza bilməzlər.

Ərşad Hüseynov bildirdi ki, İXM-in 552-ci maddəsi üzrə sürücünün məsuliyyətə cəlb olunması da əslində, mümkün deyil. Birincisi, bu maddə üzrə sürücünün məsuliyyəti o vaxt yaranır ki, onun sənədləri olsun, lakin nəqliyyat müfəttişinə təqdim etməsin. Əgər sürücünün “Fərqlənmə nişanı” yoxdursa və o, bunu müfəttişə təqdim edə bilmirsə, 552-ci maddədən söhbət gedə bilməz: «Ümumiyyətlə, İXM-in 552-ci maddəsi üzrə işlərə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Problem də odur ki, məhkəməyə göndəriləcək protokolun hansı orqan tərəfindən tərtib edilməsinə aydınlıq gətirilməyib. Prezidentin 795 saylı fərmanı ilə 552-ci maddə və məhkəmənin səlahiyyətinə aid olan digər maddələr üzrə protokol yazmalı olan orqanların siyahısını hazırlamaq Nazirlər Kabinetinə tapşırılıb, amma bu siyahı hələki hazırlanaraq təsdiqlənməyib. Belə olan halda məhkəmənin İXM-in 552-ci maddəsi üzrə protokola necə baxmağı aydın deyil. Digər tərəfdən, məhkəmə istənilən inzibati materiala baxarkən sürücüyə bildiriş göndərməlidir. Yalnız sürücü üzürsüz səbəbdən gəlmədikdə onun iştirakı olmadan işə baxılaraq qərar çıxarıla bilər. Bu səbəbdən sürücüyə cərimə barədə hazır qərarın və ya bildirişin göndərilməsi də anlaşılan deyil».

Bizə müraciət edən sürücülər hətta iddia edirlər ki, onları yolda saxlayanlar bəzən DANX-ın təsis etdiyi regional MMC-lərin əməkdaşları olurlar. Hüquqşünas qeyd etdi ki, hər hansı MMC-nin işçisinin nəinki protokol tərtib etmək, hətta sürücünü dayandıraraq ondan sənəd tələb etmək hüququ da yoxdur.

Düşünürük ki, bizə müraciət edən sürücülərin bildirdiyi bu kimi halların qarşısı alınacaq. Bununla belə, yük avtomobili sürücülərinə də müraciət edirik ki, vaxtlı-vaxtında vergiləri ödəsinlər və “Fərqlənmə nişanı” alsınlar. Çünki qeyd edildiyi kimi, vergi orqanları “Fərqlənmə nişanı” almayan sürücüləri məsuliyyətə cəlb edə bilər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh