Yol-nəqliyyat infrastrukturu ilə bağlı yeni layihə işə düşdü - FOTO
Noyabr 17-də Bakının Binəqədi rayonunda keçirilən görüşdə Binəqədi Rayon İH -nin başçısı Xaləddin İsgəndərov, Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli, Millət vəkili Azay Quliyev, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin baş direktoru Nəcəf Quliyev, həmçinin Bakı Nəqliyyat Agentliyinin müvafiq şöbələrinin müdirləri və Binəqədi rayonu üzrə bələdiyyə sədrləri və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.
Görüşdə Binəqədi RİH başçısı Xaləddin İsgəndərov Binəqədi rayonundakı yaşayış məntəqələrində sakinlərlə keçirilən səyyar qəbul və görüşlərdə sakinlər tərəfindən mütəmadi olaraq səsləndirilən əsas problemin şəhərətrafı sərnişindaşıma və nəqliyyat xidməti ilə bağlı olduğunu qeyd etdi. Bir sıra qəsəbədaxili yolların mövcud vəziyyətinin həmin ərazilərdə müasir sərnişin avtobuslarının normal fəaliyyətinə imkan vermədiyini diqqətə çatdırdı. İcra başçısı hər bir sakinin müraciətinə xüsusi həssaslıqla yanaşıldığını və bu müraciətlərin aidiyyatı qurumlara yönəldilərək həlli üçün müvafiq dəstəyin Rayon İH tərəfindən də edildiyini diqqətə çatdırdı. Əsas problemin məhz sakinlərin məlumatsızlığı olduğunu qeyd edən icra başçısı bu sahədə də əməli işlərin görülməsini zəruri hesab etdiyini bildirdi.
Mövcud çatışmazlıqların operativ aradan qaldırılmasının zərurililiyini vurğulayan millət vəkili Azay Quliyevin sözlərinə görə, müvafiq dövlət qurumları arasındakı mövcud bürokratik baryerlər məsələlərin çevik həll edilməsinə maneələr yaradır. Məhz bürokratik əngəllər səbəbindən qaynaqlanan bu kimi yubanmalar isə sonda vətəndaşın ümumi dövlət qurumlarından narazı qalmasına səbəb olur. Bunun üçün də yol-nəqliyyat infrastrukturu və ictimai nəqliyyatla bağlı vətəndaş müraciətlərinə daha çevik reaksiya verilməsi üçün müvafiq dövlət qurumları arasında koordinasiyalı işin qurulması vacibdir.
Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli isə öz növbəsində paytaxtın nəqliyyat sektorunun inkişafına müsbət təsir edəcək görüşün təşəbbüskarı qismində millət vəkili Azay Quliyevə və görüşün təşkilində icra başçısı Xaləddin İsgəndərova təşəkkürünü bildirdi. Baş direktor diqqətə çatdırdı ki, şəhərətrafı sərnişindaşıma xidməti, qəsəbədaxili yolların vəziyyəti, həmin yollarda nəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkəti ilə bağlı Bakı Nəqliyyat Agentliyi mühüm tədbirlər həyata keçirir. Görülən tədbirlər zamanı vətəndaşlardan daxil olan müraciətlər də mütləq şəkildə nəzərə alınır. Bəzi hallarda daxil olan vətəndaş müraciətləri ilə bağlı aparılan təhlillər onların subyektiv mövqedən qaynaqlandığını vurğulayan Vüsal Kərimli, marşrut xətlərinin hərəkət sxemi, eləcə də hər hansı bir marşrut xəttinin acılması, bərpası və ya dəyişdirilməsinin yalnız bir rayona deyil ümumi şəhərin nəqliyyat şəbəkəsinə uyğun icra edilməli olduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı. Hazırda paytaxtın ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması icra edilməkdədir. Bu gün Bakı şəhərində, o cümlədən Binəqədi rayonunda bir neçə dayanacaq fərqi ilə bir-birini təkrarlayan marşrut xətləri mövcuddur ki, bu da yollarda tıxacların yaranmasına, sərnişin axınının idarəedilməz hal almasına səbəb olur. Optimallaşdırma tədbirlərindən sonra isə bu çatışmazlıqlar aradan qaldırılacaq. Bakı Nəqliyyat Agentliyi müasir meqapolisə çevrilən paytaxtın sistemli və sürətli inkişafına cavab verən Nəqliyyat Planının hazırlanması üzərində iş aparır.
Görüşdə Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli pilot layihədə qarşıya qoyulan problemlərə operativ şəkildə müdaxilə edilməsi üçün işçi qrupunun yaradılmasını təklif etdi. Onun sözlərinə görə işçi qrupuna Bakı Nəqliyyat Agentliyinin, rayon icra hakimiyyətinin, bələdiyyələrin və yerlərdə fəaliyyət göstərən digər xidmət strukturlarının nümayəndələri daxil olacaq. Qərara alındı ki, işçi qrupunun səmərəli fəaliyyətini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlansın.
Sonda millət vəkili Azay Quliyev təşkil edilən görüşdə iştirak etdiyi üçün Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimliyə və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova təşəkkürünü bildirdi. Millət vəkili qeyd etdi ki, görüş Yol-nəqliyyat İnfrastrukturunun optimallaşdırılmasına dair pilot layihə çərçivəsində səmərəli nəticələrin əldə edilməsi baxımından əhəmiyyətlidir. Azay Quliyevin sözlərinə görə, bu layihə aidiyyatı qurumların eyni hədəfə vurmalarının təzahürü olacaq. Hədəf isə bəllidir - vətəndaş məmnunluğu.
Elmin