Polislə zarafat etmək olarmı?

Yazarlar 23 Aprel 2014 00:00 Oxunub 2558
Polislə zarafat etmək olarmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qanunu bilmirsə, onu qanuni və ya qanunsuz yollarla ələ salmaq istəyənlərin sayı arta bilər

Bir vətəndaşın DYP əməkdaşı ilə polemikasının videoyazısı son günlər sosial şəbəkələrdə və mediada geniş müzakirəyə səbəb olub. Müzakirələrdə bu şəxslərin hər ikisini həm qınayanlar, həm də onlara qahmar çıxanlar var. Nə bu videodakı vətəndaşın, nə də polis əməkdaşının hərəkətlərinə hüquqi qiymət vermək fikrində deyiləm. Son vaxtlar belə halların sayının artmasını nəzərə alaraq məsələyə ümumi münasibətimi bildirmək istədim. Açığı, həmin videodan bunu çəkən vətəndaşın məqsədinin nə olduğu tam aydın deyil. Daha dəqiqini o özü bilir. Amma baş verənlərin sadəcə zarafat olmadığı da aydındır. Bu işin arxasında öz hüquqlarını qorumaq kimi faydalı məqsədi də görmək çətindir. Hüquq nəzəriyyəsindən məlumdur ki, hüquq ictimai münasibətləri bəlli hüdudlara qədər tənzimləyir. Həmin hüdudlardan kənarda qalan ictimai münasibətləri əxlaq normaları, adətlər və başqa sosial normalar tənzimləyir. Hüquqi məsuliyyət yalnız hüquq normaları pozulduqda yaranır. Bu normaları pozmayan istənilən davranış formal olaraq hüquqauyğun sayılır. Buna bir qədər başqa tərəfdən yanaşsaq, belə qənaət hasil olur ki, istənilən adamla hüquq çərçivəsində məzələnmək olar. Lakin gəlin unutmayaq ki, əxlaq normaları da var. Özü də hüquq normaları dövlətin yaranması ilə meydana gəlmişdirsə, əxlaq normaları insanın yaranışından mövcuddur. Əxlaq insanı qalan bütün canlılardan fərqləndirən, bəşəriyyətin bugünkü səviyyəyə gəlib çatmasını şərtləndirən əsas sosial dəyərlərdən biridir. Elə isə insan əxlaq normalarını da göz bəbəyi kimi qorumalı, öz davranışını istisnasız olaraq əxlaq çərçivəsinə salmalıdır.

 

Hər hansı davranış formal olaraq hüquq çərçivəsində olsa da, cəmiyyətdə təşəkkül tapan əxlaq normalarını, yəni müxtəlif vəziyyətlərdə qarşılıqlı münasibətlərin yazılmayan qaydalarını pozarsa, ən azından psixoloji gərginliyə, daha sonra labüd hüquq pozuntularına gətirib çıxaracaq. Bu səbəbdən vəzifəsindən, cəmiyyətdəki mövqeyindən, konkret haldakı davranışından asılı olmayaraq istənilən insanla məzələnməyə yönələn davranış təhlükəli və arzuolunmazdır.

Məlum videoda polisin davranışı da çox uğursuzdur. Bu videoyazıdan qanun keşikçisinin peşə hazırlığının, öz fəaliyyətinə dair qanunvericilikdən məlumatlılıq dərəcəsinin, hətta psixoloji hazırlığının zəif olduğu aşkarca görünür. Əgər belə olmasaydı, həmin dialoq ümumiyyətlə baş tutmazdı. Axı qanunvericilikdə polis əməkdaşının vətəndaşa necə müraciət etməli, ona nələri deməli olduğu bütün detalları ilə yazılıb. Bunları etmək çox sadə və asandır. Bəs onda əksər əməkdaşlar bunu nəyə görə etmirlər? Səbəb çox sadədir: belə əməkdaşlar həmin yazılanları etməyi özləri üçün əskiklik, vətəndaş qarşısında alçaldılma sayırlar. Cənablar, bu, belə deyil. Həmin xırda formallıq sizin tam rəsmiliyinizi nümayiş etdirir. Əksinə, buna riayət edilməməsi sizinlə zarafata yol açır.

Bu tipli hadisələrdə diqqətini cəlb edən başqa bir məqam polisin öz səlahiyyətlərindən istifadə edə bilməməsidir. İstərdim ki, bunu həm DYP əməkdaşlarına, həm də polislə bu tipli rəftara meylli vətəndaşlara bir daha xatırladım. Xidmətdə olan polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinə əsasən ayrıca inzibati xətadır (buna görə 200 manat cərimə və ya bir ayadək inzibati həbs nəzərdə tutulur). Əgər polis əməkdaşı öz tələbini həm formaca, həm də məzmunca tam qanuni şəkildə irəli sürürsə, vətəndaş isə bu tələbə riayət etmirsə, onda bazar söhbətinə keçmək yox, sadəcə qeyd etdiyim maddənin tələbini vətəndaşa xatırlatmaq lazımdır. Vətəndaş bundan sonra da həmin göstərişlərə riayət etməzsə, heç bir mübahisəsiz-filansız qandalları qoluna taxmaq, sonrakı rəsmiləşdirməni lazımi qaydada həyata keçirərək həmin vətəndaşı müvafiq sənədlərlə birlikdə məhkəməyə gətirmək lazımdır. Amma bir daha vurğulamaq istəyirəm ki, bunu etmək üçün polis əməkdaşının davranışı bütün xırdalıqlarınadək həm formaca, həm də məzmunca qanuni olmalıdır.

Yaxşı olar ki, həm vətəndaşlar, həm də polis əməkdaşları bu məsələyə öz fərdi mövqelərindən yox, ictimai maraqlardan baxsınlar. İctimai maraqlar isə vətəndaşdan qanunlara birmənalı əməl etməyi, polisdən isə qanundan kənara çıxan hər bir davranışın qarşısını almağı tələb edir. Özü də polis əməkdaşı unutmamalıdır ki, qanunsuz hərəkətin qarşısını almaq polisin hüququ yox, məhz vəzifəsidir. Amma bunun üçün ilk növbədə polisin özünün fəaliyyəti ideala yaxın dərəcədə qanuni olmalıdır.

Sonda Laçının ağsaqqal ziyalılarından olan Qəzənfər Hüseynin danışdığı maraqlı bir tarixi faktı xatırlatmaq istəyirəm. İkinci Dünya müharibəsinin sonlarına yaxın Böyük Britaniyanın baş naziri U.Çörçil təcili şəkildə parlament iclasına gedərkən polis onun xidməti maşınını saxlayır. U.Çörçil sürücünün bu işi yoluna qoya bilmədiyini görərək özü işə qarışır və gənc polis əməkdaşı ilə onun arasında belə dialoq olur:

- Oğlum, siz məni tanıyırsınızmı?

- Bəli ser, mən sizi gözəl tanıyıram. Siz Britaniyanın baş nazirisiniz.

- Bəs bilirsinizmi mən dövlətimiz üçün çox mühüm məsələnin müzakirəsi səbəbindən parlamentin iclasına tələsirəm?

- Ser, dövlətimiz üçün mühüm məsələni müzakirə etmək sizin vəzifənizdir, asayişi qorumaq, intizamsız sürücüləri cəzalandırmaq isə mənim vəzifəmdir.

Söhbətin lazımsız olduğunu görən Ü.Çörçil polisin öz işini başa çatdırmasını gözləməli olur. Bundan sonra parlamentə gələn baş nazir söz alarkən ilk olaraq bu əhvalatı danışır və deyir ki, belə polisi olan dövlət heç kimə boyun əyə bilməz.

Bəli, cənab polislər, bütün dövrlərdə sadə vətəndaşlar da ədalətli, korrupsiyadan uzaq, peşəkar, qətiyyətli, prinsipial, əsl qanun keşikçisi olan polisi sevirlər, ona hörmət edirlər. Əgər belə olmasanız, sizi qanuni və ya qanunsuz yollarla ələ salmaq istəyənlərin sayı arta bilər.

 

Ərşad Hüseynov,

Yol hərəkəti üzrə ekspert, hüquqşünas

avtosfer.az saytı üçün

ŞƏRH YAZ
Ad

E-mail

Şərh