Taksilərlə bağlı yeni qərar narazılıq yaradıb

Yazarlar 6 Dekabr 2016 19:00 Oxunub 1906
Taksilərlə bağlı yeni qərar narazılıq yaradıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xüsusi duracaqda dayanmasalar, cərimələnəcəklər

Azərbaycanda taksilərlə bağlı daha bir qərar qəbul edilib.  Artıq taksilərə ayrılan xüsusi duracaq yerlərindən kənarda onların sifariş qəbul etmələri qadağan edilib. Belə ki, dekabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr müzakirə edilib. Məcəlləyə əlavə edilən 322.0.8-ci maddəsinə görə, 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilib.

Paytaxt ərazisində söhbət etdiyimiz taksi sürücüləri qərardan narazılıqlarını bildirdilər. Qara Qarayev prospekti ərazisində fəaliyyət göstərən sürücülər bildirdilər ki, burada hər hansı bir qanuni duracaq mövcud deyil. Sürücü Vüqar Kərimov söylədi ki, onsuz da iş yoxdur. Yeni qərarlar isə onların vəziyyətini daha da ağırlaşdırır: “Səhər saat 8-dən buradayam, hələ  2 manat qazanmışam. Müştəri onsuz da yoxdur. Taksilərin də sayı çoxdur. İndi məhəlləyə girirsən, orada da bir taksinin dayandığını görürsən. Yəni vəziyyət elə deyil ki, müştəri taksi üçün duracağa gəlib, burada sifariş versin. İndi hər addımbaşı taksi olduğu üçün yaradılan duracaqda dayansaq belə, müştəri tapmayacağıq. Üstəlik, hələ bunun rəsmi qeydiyyat pulu və digər xərcləri də var. Hələ avtomobilin xərclərini kənara qoyuram. Lap cərimə etsinlər, bəs bu sistemi necə quracaqlar? Baxın, Qara Qarayev prospektində harada dayanacaq var ki? İndi biz burada dayanmayaq? Bu sistemi belə qurmaq olmaz. Öncə insanları dayanacaqlara yönəldən üsullar düşünülməli, sonra isə taksi duracaqları metro keçidlərində, insanların sıx olduğu yerlərdə yaradılmalıdır. Bunlar isə əsasən kənar yerlərdə duracaq yaratmağı düşünürlər”.

Sürücülərin bir qismi isə hesab edirlər ki, taksi şirkətlərinin fəaliyyətinin genişlənməsindən sonra bu kimi problemlər ortaya çıxmağa başladı. Sürücü Anar Musayevin sözlərinə görə, şəhərdəki duracaqların bir çoxunda yalnız şirkət taksiləri dayanırlar: “Duracaqlar var, ancaq onların çoxunda şirkət taksiləri dayanırlar. Sıradan taksiləri həmin duracaqlara heç yaxın da buraxmırlar. Şəhərdə 20-30 min taksi var, amma cəmi 79 dayanacaq olduğunu deyirlər. Yaxşı, bu qədər taksi, sayı 79 ədəd olan dayanacağa yerləşərmi? Ona görə də bu qərardan, təbii ki, narazıyıq. Onsuz da xeyli sayda ödənişlərimiz var. VÖEN pulu, yer pulu, nişan pulu və sairə. Heç qazancımız xərcimizi ödəmir. Hələ deyirlər ki, ili 2000-ci ildən köhnə olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməz. Araşdırsaz görərsiz ki, elə hazırda taksilərin əksəriyyəti 1998, 1999-cu illərin avtomobilləridir. Taksi sürücüsü nə qazanır ki, gedib son ilin istehsalı olan avtomobil alsın?”

 Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məsələ ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Hazırda Bakı şəhərində taksi dayanacaqları və taksi fəaliyyəti ilə bağlı məsələlərə Bakı Nəqliyyat Agentliyi baxır. Deyə bilərəm ki, agentlik fəaliyyətə başladığı ilk vaxtlarda Bakı şəhəri ərazisində (şəhərdaxili və xarici) mövcud taksi dayanacaqları siyahıya alındı. Nəticədə Bakı şəhəri ərazisində 160 taksi dayanacağının olduğu müəyyən edildi. Həmin dayanacaqlarla bağlı həm də araşdırmalar aparılıb ki, onlar pasportlaşdırılsın. Pasportlaşma zamanı bəzi nüanslar nəzərə alınır. Belə ki, ilk olaraq nəzərə alınır ki, mövcud taksi dayanacağı olduğu ərazidə digər hərəkət iştirakçılarının hərəkətinə maneə yaranmasın. Yəni tıxac yaratmasın, piyadaların gedişinə mane olmasın və sairə. Əgər bütün bunlar yoxdursa, həmin dayanacaq pasportlaşdırılır. Bundan əlavə, biz daha çox çalışırıq ki, dayanacaqlar insanların sıx olduğu yerlərə yaxın quraşdırılsın. Buna iri ticarət mərkəzinin yaxınlığı, metro çıxışları və digər bu kimi yerlər daxildir. Bu həm sərnişinlər, həm də taksi sürücüləri üçün faydalı olacaq”.

M.Ağayev bildirib ki, bu qayda üzrə 79 ədəd taksi dayanacağı artıq pasportlaşdırılıb: “Məsələn, Səməd Vurğun parkının dörd bir tərəfi taksi dayanacağı kimi artıq pasportlaşdırılıb. Bundan əlavə, Bakı Dəniz Vağzalının, ”Park Bulvar" Ticarət Mərkəzinin, metronun “28 May” stansiyasının qarşısında da artıq bu kimi dayanacaqlar fəaliyyətə başlayıb. Hazırda elə əsas məqsədimiz dayanacaqların  Qara Qarayev prospektində də salınmasıdır. Söhbət 8-ci kilometr bazarı istiqamətindən gedir. Bu istiqamətdə yolun yükü çoxdur və günün pik saatlarında tıxaclar olur. Bunu azaltmaq üçün həmin ərazidə dayanacaqlar quraşdırlacaq".

M.Ağayev sürücülərin dayanacaqların sayının az olması ilə bağlı narazılıqlarına da münasibət bildirib: “Bakı şəhərində əhali nəzərə alındıqda 7 min taksi fəaliyyət göstərməlidir. Ancaq hazırda bu say 15-16 mindən çoxdur. Biz bu istiqamət üzrə mütəmadi olaraq təhlillər aparırıq. Yəni iş 160 ədəd dayanacaqla tamamlanmır.  Ola bilsin ki, biz pasportlaşdırdığımız dayanacağın bir müddət sonra yerini dəyişək. Bu, yoldakı hərəkət yükünün artmasından, tıxacların olub-olmamasından asılıdır. Ehtiyac yaranarsa, yeni taksi dayanacaqları da yaranacaq. Hələ ki, biz yenilərini ona görə yaratmırıq ki, şəhərin içərisində çox sıxlıq olmasın. Mövcud 160 taksi dayanacağı ilə bağlı təhlillər aparırıq. Ola bilər ki, bu say artırılsın, ola da bilər ki, say 150-yə endirilsin”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh