Hakimin oğlunu avtomobillə vuran şəxsin məhkəməsində ifadə verən şahid Rusiyada axtarışa verildiyini bildirib

Gündəm 6 Dekabr 2016 12:15 Oxunub 990
Hakimin oğlunu avtomobillə vuran şəxsin məhkəməsində ifadə verən şahid Rusiyada axtarışa verildiyini bildirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vurmaqda təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ötən iclada şahid qismində dindirilən Raul Şükürlü vəkillərin suallarını cavablandırıb. Daha sonra digər şahid, təqsirləndirilən şəxsin dostu Musa Mahmudov ifadə verib. O, hadisə baş verən gün R.Kərimovun sürdüyü maşında olduğunu deyib: "Avtomobili Rəhimin özü idarə edirdi. Maşınla gedərkən o, birdən qabağımıza çıxdı. Hadisəsən sonra onu maşının altından çıxardıq. Onu xəstəxanaya aparmağımızı istədi, lakin bizi qoymadılar. Dedilər ki, təcili tibbi yardım maşını gəlməlidir. Həmin zaman Rəhim də qışqırırdı. Onun qolu ağrıyırdı. Daha sonra təcili tibbi yardım maşını çağırmaq üçün zəng etdilər. Hadisə yerinə polis əməkdaşı da gəlmişdi. Bir qədər sonra qəzanın baş verdiyi əraziyə qadın gəlib qışqırırdı. Deyəsən, rəhmətliyin anası idi. "Balamı niyə belə etdiz" deyirdi".

Şahidin sözlərinə görə, qəzadan sonra R.Kərimovu hadisə yerindən taksi ilə yola salıblar: "Raulla biz isə orada qaldıq. Bir qədər sonra biz də oranı tərk etdik".

M.Mahmudov bildirib ki, 2010-cu ildən Rusiya Federasiyasında onun barəsində axtarış elan olunub: "Cinayət törətmişdim, ona görə barəmdə axtarışa verilmə qərarı çıxarılıb".

O, qəza baş verməzdən əvvəl narkotik vasitədən istifadə etmədiyini söyləyib.

Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs R.Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Bundan başqa, E.Allahverdiyev hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə keçirilən məhkəmədə köməkçi hakimdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh