Yol polisi sürücünü hansi hallarda saxlaya bilməz?

Yazarlar 18 Sentyabr 2014 20:40 Oxunub 20959
Yol polisi sürücünü hansi hallarda saxlaya bilməz?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozuntusu radarla və kamera ilə qeydə alınıbsa, yerində heç bir sənədləşmə aparıla bilməz

Gündəlik rast gəlinən hallardan biri də yol polislərinin sürücüləri lazım oldu ya olmadı saxlamasıdır. Sürücülər çox vaxt bundan narahat olur. Çünki bir çox hallarda kifayət qədər qanunlara əməl etsələr də, yenə də yol polisi sürücünü saxlayıb günahkar çıxarmağa çalışır. Hətta yol polis işçiləri arasında məşhur bir deyim də var ki, günahı olmadan saxlanılan sürücünü də günahkar çıxarmadınsa, onda səndən nə “QAİ” işçisi?

Bəs əslində yol polisi sürücüyə hansı hallarda “saxla” deyə bilər? Yaxud yerində rəsmiləşdirmə hansı hallarda qanunidir, hansı hallarda isə qadağandır?

Hüquqşünas Ərşad Hüseynov Analitik.az-a bu barədə bildirib ki, Azərbaycan Respublikasının 2 may 2014-cü il tarixli Qanunu ilə İXM-ə yeni 32-1-ci fəsil (429-1-429-8-ci maddələr) əlavə olundu. Bu dəyişiklik yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətə cəlb etmə qaydalarına xeyli yenilik gətirdi.

 

Yeniliklər bunlardır:

 

1. Sürüclər tərəfindən İnzibati Xətalar Məcəlləsinin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə, yəni radarla və ya kameralarla aşkar edilərək qeydə alındıqda sürücünü yolda (küçədə) saxlayaraq qayda pozuntusunu rəsmiləşdirmək qadağandır.

 

2. Yuxarıda göstərilənlər istisna olmaqla, digər xətalara (məsələn, sərxoş vəziyyətdə idarə etmə, avtomobildə texniki nasazlıq olduqda, kəmər taxılmadıqda, telefonla danışdıqda, texniki baxışdan keçmədikdə və s.) görə sürücünü yenə də əvvəlki kimi yolda saxlayaraq qayda pozuntusunu rəsmiləşdirmək tam qanunidir.

 

3. Sürət rejimini pozma (151-1-ci maddə) istisna olmaqla, yuxarıda sadaladığım digər xətalar (İXM-in 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-2.1, 151-3 və 158-1.3-cü maddələri) kamera olmayan yerdə və ya kameranın işləmədiyi vaxt DYP əməkdaşı tərəfindən aşkar edilərsə, yenə də əvvəlki qaydada sürücünü saxlayaraq yerində sənədləşmə aparılmalıdır.

 

4. ƏN ƏSAS MƏQAM isə odur ki, DYP təkcə sürücünü cərimələmək üçün deyil. Onun başlıca funksiyası hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

Ona görə də hətta, sürət rejimi pozulduqda, yaxud göstərilən qayda pozuntuları kamera ilə qeydə alındıqda DYP istənilən sürücünü saxlaya bilər, lakin yerində sənədləşmə apara bilməz. Sadə dildə bu, o deməkdir ki, DYP əməkdaşı ildırım sürəti ilə radara düşən sürücünü saxlayır, heç bir protokol yazmır, heç bir qərar çıxarmır, sadəcə bu intizamsız sürücüyə deyir ki, belə sürmə, ölə bilərsən, özü də radara düşmüsən, cərimən evinə (SMS-lə həm də cibinə) gələcək. Vəssalam, yaxşı yol!

 

5. Yenilklərin əsas məğzi odur ki, sürücünün törətdiyi qayda pozuntularına görə onu DYP orqanlarına, yəni DYP-nin rayon və ya şəhər şöbələrinə, Baş İdarəsinə, DYP postlarına çağırmaq qadağandır. Sadəcə çağırılma qadağan edilir və sənədləşmə tam olaraq elektronlaşdırılır. Hətta, yuxarıdakı 2-ci və 3-cü bənddə qeyd etdiyim halda DYP əməkdaşının sürücünü yerində saxlayaraq tərtib etdiyi qərar və ya protokol da elektron qaydada DYP-nin mərkəzi məlumat bazasına ötürülməlidir.

 

Beləliklə, hörmətli sürücülər, qanunvericiliyə edilən dəyişikliklər iki qadağa müəyyən edir: 1) sizi sənədləşmə üçün DYP-yə çağırmaq qadağandır; 2) radarla və ya kamera ilə qeydiyyata alınan qayda pozuntusunu yerində sənədləşdirmək qadağandır. Amma nəqliyyat vasitəsinin DYP əməkdaşı tərəfindən dayandırılması üçün qanunvericilikdə nəzərdə tutulan (yuxarıda şərh olunan) əsaslar mövcud olduqda DYP əməkdaşının istənilən nəqliyyat vasitəsini dayandırmaq səlahiyyəti olduğu kimi qalır. Sadəcə, qayda pozuntusu radarla və kamera ilə qeydə alınıbsa, yerində heç bir sənədləşmə aparıla bilməz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

togrul 20 Fevral 2018 13:08
Kent yolunda yani qruntavoy yolda qayi iwcisi mawin saxlamaq huququ varmi Umumiyetle qayi iwcisinin hecbir yol hereketi znaki olmadigi bir kent yoluna girmeye ixtyari varmi Onceden tewekkur.
afqan 10 Noyabr 2014 22:55
suruculuq vesiqesi deyishdirildikde tibbi arayish lazimdirmi