Dayanacağı zəbt edənlər cərimə olunacaq – FOTO

Yazarlar 2 Yanvar 2017 11:00 Oxunub 3163
Dayanacağı zəbt edənlər cərimə olunacaq – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu qərardan ən çox avtovağzalda dayanan, biletlə sərnişin daşıyan sürücülər razı qalarlar"

Bakıda uzun zamandır həllini tapmayan problem, deyəsən, aradan qaldırılacaq. Amma yeni narazılıqlar da yaranacaq. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, avtobus dayanacaqlarında dayanan taksi və digər nəqliyyat vasitələrinin sürücüləri cərimə olunacaqlar. Bununla bağlı olaraq İnzibati Xətalar Məcəlləsinə əlavələr edilib. Məcəlləyə edilən əlavəyə görə, qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsi məsuliyyət yaradır və buna görə də 40 manatdan 50 manata qədər cərimə tətbiq ediləcək.

Maraqlıdır ki, bu maddədə yenilik kimi qələmə verilir, amma həmin qaydalar və eyni miqdarda cərimə daha öncədən də mövcud idi. Belə ki, İXM-in hazırda qüvvədə olan 346.2-ci maddəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutur. 

Sadəcə bu günə qədər qəbul edilən bir çox qərarlarda olduğu kimi, bu qərara və qanuna heç kim əməl etmirdi. Qısamüddətli, tapşırıq gələn zaman və ya həmin ərazidən yüksək vəzifəli şəxs keçəcəksə polislər ərazini "təmizləyirdilər". Başqa günlərdə isə yenə vəziyyət olduğu kimi davam edirdi. 

Amma artıq yeni cərimələr tətbiq edilməyə başlanıb. Belə ki, Bakının bir çox metrostansiyalarının çıxışlarında olan avtobus dayanacaqlarını zəbt edənlər ərazidən uzaqlaşdırılır. 

Qərar nə qədər düzgün və yerində olsa da, narazılıqlar var. Məsələn, Bakı metrosunun "Əhmədli" stansiyasının çıxışında dayanan taksi sürücüləri narazılıq edirlər. Onların şikayət etmələrinə səbəb isə budur: "İllərdir biz burada dayanırıq, Hövsana 1 manatdan adam aparırıq. İndi bizə deyirlər ki, kənarda dayanın. Kənara hara gedək? Yer yoxdur axı". 

Əslində məsələ adi bir hal kimi görünsə də, illərdir öz həllini tapa bilmir. Avtobus dayanacaqlarında taksilər dayanır, avtobuslar isə yolun tam ortasında... Bəzən mübahisələr düşür. Taksi sürücüləri özlərini ərazinin sahibi kimi aparırlar. Bəziləri elə düşünür ki, bir neçə ildir orada dayanırsa, deməli, dayanacaq onundur. 

Məsələnin digər tərəfi də var. Metrostansiyaların giriş və çıxışlarında hər zaman insan sıxlığı olduğu üçün taksi sürücüləri də, alverçilər də, meyvə və göyərti satan da oraya qaçır ki, çörək pulu qazansın. İnsanları oradan qovmaqla iş düzəlmir, günlük "haqq" alıb, ərazini bazar çevirməklə də...

Reportajımız zamanı ali təhsilli taksi sürücüsü olan 27 yaşlı Ramal Fərəcov problemin həlli üçün maraqlı təklif irəli sürdü: "Taksilərin dayanması üçün xüsusi yerlər ayrılsa hər kəs məmnun qalar. Məsələn, xüsusi taksi dayanacağı düzəltsinlər. Bu dayanacaqlar metrostansiyaların çıxışlarına yaxın yerdə olsun. Xüsusi lövhələrlə dayanacağın yeri göstərilsin. Həmin dayanacaqda dayanmayana ərazidə işləməyə icazə verilməsin. Dayanacaqda duranlar isə günlük 1 manat ödəniş etsinlər. Beləcə, həm dövlət qazanar, həm ərazi səliqəli hala düşər, həm də sürücülər razı olar. Təbii ki, bunlar normalda stansiya çıxışlarında işləyənlərə aiddir".  

Qəbul edilən qərarın ikinci hissəsində deyilir ki, marşrut avtobuslarının hərəkət cədvəli ilə sərnişin daşıyan digər nəqliyyat vasitələrinin sürücüləri də cərimələnəcəklər. Qeyri-müəyyən sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsi məsuliyyət yaradır və buna görə 40 manatdan 50 manata qədər cərimə tətbiq olunur. Bu hala əsasən bölgələrdə rast gəlinir. Məsələn, qanuni ödənişi etməmək üçün avtovağzaldan kənarda dayanıb, sərnişin yığıb, digər avtobusların xətləri üzər işləyənlər olur. Cərimə sırf onlar üçün nəzərdə tutulub. Yəqin ki, bu qərardan ən çox avtovağzalda dayanan, biletlə sərnişin daşıyan sürücülər razı qalarlar.

http://s019.radikal.ru/i632/1701/82/5d94ca3c0899.jpg

http://s020.radikal.ru/i709/1701/5a/1e11cbf8d4d4.jpg

http://s019.radikal.ru/i641/1701/04/fc4437a59aa5.jpg

http://s011.radikal.ru/i317/1701/b8/466fc3c69d49.jpg

http://s019.radikal.ru/i618/1701/3c/4997fe14f888.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh